49.Monqol dövlətinin yaranması,onun Azərbaycana birinci və ikinci yürüşləri,onun nəticələri.
XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl-Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun-türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan-dövlət dili olmuşdu.
Birinci yürüş, 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: «monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı.» Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci yürüşdə də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyınb qoca, uşaq, qadın-hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, hətta hamilə qadınların qannlarını yarıb çağalarını öldürürdülər. İbn əl-Əsirin yazdığına görə "şəhərin əhalisinin kökünü kəsdilər."
1231-ci ildə monqol qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Monqolların Gəncə yürüşünü gözləri ilə görmüş tarixçi Gəncəli Kirakos yazırdı ki, monqollar şəhəri almaq üçün qalaları daş atıb dağıdan qurğulardan istifadə edirdilər. Nəticədə bütün şəhər divarları uçuruldu. Buna baxmayaraq düşmən bir həftə şəhərə girməyə cəsarət etmədi. Əhalinin bir hissəsi şəhərin düşmənin əlinə keçdiyini gördükdə, qapılarını bağlayıb arvadı və uşaqları ilə birlikdə evlərini yandırdılar ki, onlar düşmənin əlinə keçməsin. Əhalidən bir kimsə canım qurtara bilmədi. Düşmən qılıncını işə salıb şəhərdə böyük bir qətliam törətdi. Monqol döyüşçüləri uzun müddət yanıb -dağılmış evlərin külündə eşələnərək, qızıl-gümüş axtardılar. Sonra cəhənnəm olub getdilər.
1239-cu ildən 1256-cı ilə qədər Azərbaycan Ali Monqol xaqanının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Monqollar tutduqları ərazilərdə yerli dövlətçilik sistemlərini məhv etmişdilər. Monqol basqınlarından ağır zərbələr alan Şirvanşahlar isə öz varlıqlarını çətinliklə qoruyub saxlamağa çalışırdılar. Maraqlıdır ki, 1225-ci ildə Şirvanşah III Foribürzün adından kəsilən pulların üzərində onun öz adı və ləqəbi “əl-Malik”, 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə onun adı və ləqəbi ilə yanaşı, Bağdad Xəlifəsinin adı da göstərilmişdir. Fəribürzün oğlu, 1244-cü ildə taxta çıxan II Axsitanın hakimiyyətinin ilk illəri ilə bağlı Zəkəriyyə Qəzvini yazırdı: “Şirvan müstəqil vilayətdir. Sahibi isə Axsitandır”.
Dostları ilə paylaş: |