86.Şimali Azərbaycanda kapitalist münasibətlərinin yaranması.
XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.
XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan iqtisadiyyatının bütün sahələrində, istər kənd təsərrüfatında, istərsə də sənayedə özünü göstərirdi. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin iqtisadi durumu Rusiyanın yeritdiyi iqtisadi və sosial siyasətdən çox asılı idi. Tarixi ədəbiyyatda belə bir fıkir hökmrandır ki, Rusiyanın Qafqazı «iqtisadi fəthi» siyasi fəthindən sonra başlanıb, «iqtisadi fəth» məhz bu dövrə düşür. Rusiyanın bu «iqtisadi fəthi» Azərbaycanda mədən, ipəksarıma, neft emalı kimi sənaye sahələrinin inkişafına böyük təkan vermiş oldu.
XIX əsrin 50-60-cı ilərində Azərbaycanın kənd təsərrüfatında da əvvəlki illərə nisbətən sözsüz ki, məhsul istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin sahələrinin yaradılması, meşə sahələrinin və otlaqların əkin üçün istifadə olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya bazarında Azərbaycandan aparılan kənd təsərrüfat məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac vardı ki, bu da kənd təsərrüfatı məhsularının həm kəmiyyətcə, həm də keyfıyyətcə artımının əsas səbəblərindən biri idi. Bu dövrdə Azərbaycada əvvəllər olmayan isthesal sahələri də yaranır ki, bunlardan biri də məsələn, qarğıdalı istehsalı idi.
XIX əsrin 50-60-cı illərində kənd təsərrüfatında aparıcı rol əvvəllərdə olduğu kimi taxılçılığa məxsus idi. Öz bol taxılı ilə fərqlənən Qarabağ, Şirvan və Qubada çoxlu taxıl toplanırdı. Kəndlilərin istehsal etdikləri məhsulun xeyli hissəsi ölkənin daxili bazarlarına satışa göndərilirdi. Azərbaycanda yetişdirilən yüksək keyfıyyətli taxıl məhsulları ümumdünya sərgisinə belə göndərilirdi və mükafata layiq görülürdü. Çəltikçilik Azərbaycanda ənənəvi təsərrüfat sahəsi idi. Çəltik Talış, Qarabağ, Quba, Şirvan, Zaqatala və b. yerlərdə becərilirdi. Çəltik daha çox əmtəəlik məhsul idi. 1852-ci ildə Naxçıvanda Hindistandan gətirilmiş çəltik növü becərilirdi.
XIX əsrin 60-cı illərində üzümçülük kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişaf etdiyi sahələrdən biri idi. Bu dövrdə, Azərbaycanda şərabçılıq geniş inkişaf edirdi, çünki Rusiya bazarında şəraba böyük ehtiyac vardı.
50-ci illərin sonu - 60-cı illərin əvvəllərində Azərbaycanda ipək istehsalı xeyli artmışdı. Əgər 1861-ci ildə Bakı quberniyasında 17.352 pud ipək istehsal edilmişdisə, 1865-ci ildə artıq isthesal 19.343 puda çatmışdı. Bu illərdə, Avropada ipəkqurdu xəstəliyi ipək sənayesinin böhranına səbəb olmuşdu, böhrandan çıxış yolunu xarici ölkələr Azərbaycandan sağlam ipək qurdu toxumu almaqda görürdülər. Lakin Azərbaycanda da ipəkqurdu xəstəliyi yayıldığından 1867-ci ildə Bakı quberniyasında ipək istehsalı 1346 puda enmişdi. Amma 1870ci ildə ölkədə ipək təsərrüfatını bərpa etmək mümkün oldu. Belə ki, 1870-ci ildə Yelizavetpol quberniyasında 4800 puda qədər ipək istehsal edilmişdi.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda sürətlə inkişaf edən kənd təsərrüfat sahəsi - marena-boyaq maddəsi istehsalının sürətli inkişafı ilə əlaqədar olaraq Lənkəran, Quba, Dərbənd qəzalarında marena-qızıl boya yetişdirmək üçün geniş əkin sahələri ayrılmışdı. Əsas marenaçılıq rayonu Quba qəzası idi. Əgər 1851-ci ildə qəzada 2 min pud marena istehsal edilmişdisə, artıq 1869-cü ildə bu rəqəm 200 min puda çatmışdı, yəni 100 dəfə artmışdı. Quba və Lənkəran qəzalarında 1862-ci ildə 70543 pud marena istehsal edilmişdisə, 1866-cı ildə bu istehsal 234556 puda çatmışdı. Amma 1869-cu ildə süni boyaq-alizarinin kəşfı ilə əlaqədar olaraq manera istehsalına böyk zərbə dəyir, təlabat olmadığına görə istehsal tamamilə sıradan çıxır.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda -Abşeron yarımadasında neft çıxarımasında artım özünü göstərir. XIX əsrin I yarısında neft hasilatı 260 min pudluq həcmi keçmirdi, bunun əsas səbəbi neftə həm Azərbaycanda, həm də Rusiyada təlabatın az olması idi. Azərbaycan nefti əsasən İranda satılırdı. Lakin bunun həcmi 1848-ci ildə yalnız 113982 pud olmuşdu. Xam neft - qara neft istehlak olunmaq üçün emal edilməli idi. Neftdən alınan əsas məhsullardan biri - fotogen idi (fotogen mineral yağ deməkdir). Fotogendən əsasən işıqlandırıcı maddə kimi istifadə edilirdi, lakin fotogen yandıqda hiss verirdi. 1858ci ildə ABŞ-da neft emalı sənayesində mühüm bir yenilik baş verir, neft emalı texnologiyasındakı dəyişikliklər nəticəsində keyfıyyətcə, yeni bir maddə - kerosin alınması mümküm olur. 1854-cü ildə ingilis tədqiqatçısı Kesper asfaltdan maye almaq metodunu ixtira edir və bu yağa kerosin adını verir. «Kerso» yunanca mum, elaun isə «yağ» deməkdir. Kerosin fotogendən fərqli olaraq yananda hiss etmirdi və ondan yaxşı yanırdı.
Dostları ilə paylaş: |