Dövlət büdcəsi hesabına təhsil alan ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlərin verilməsinə dair hüquqi sənəd mövcuddur. Təqaüdlər akademik nəticələrə əsasən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il tarixli sərəncamı ilə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər artırıldı. Qəbul imtahanlarında yüksək göstəriciləri ilə fərqlənən tələbələr üçün Prezident Fondundan adlı təqaüdlər ayrılır.
Təhsil krediti sistemi dövlət tərəfindən tənzimlənmir. Banklar daha münasib şərtlərlə təhsil təyinatlı kreditlər ayıra bilir.
Qeyd:. Dövlət büdcəsi hesabına təhsil qəbul imtahanı nəticələrinə əsasən müəyyənləşdiyindən, təhsil krediti sistemi mərkəzləşmiş qaydada idarə olunmadığından və tamamilə bankların qərarından asılı olduğundan aztəminatlı ailələrdən olan gənclər üçün təhsil imkanları müəyyən dərəcədə məhduddur. Hazırda təhsilalanlara güzəşt və müavinətlər ayrılmır. Sosial-iqtisadi cəhətdən aztəminatlı ailələrdən olan istedadlı gənclərə dəstəyin göstərilməsi zəruridir. Mövcud vəziyyəti yaxşılaşdırılması istiqamətində Fəaliyyət Planı 2017-ci ildən başlayaraq, təhsil müəssisələrində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək mexanizminin yaradılması və tətbiqini nəzərdə tutur.