32-cü sual. Tarixi tədqiqatlarda tədqiq edilən mövzunun öyrənilmə səviyyəsinin müəyyənləşdirilməsi
Tədqiqatın ilkin mərhələsində öyrənilən hər hansı bir tarixi hadisə, siyasi proses və s. obyektinin və predmetinin, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi ilə bağlı məlumatların realizə olunması üçün sözügedən mövzunun tədqiqi ilə bağlı tarix elminin əldə etdiyi nailiyyətlərin bazası əsasında tarixşünaslıq müstəvisində elmi-obyektiv analizi aparılmalıdır. Bu, ilk növbədə tədqiq olunan obyektin ilkin, vacib xüsusiyyətlərinin aydınlaşdırılması, onun coğrafi və xronoloji çərçivəsinin müəyyən edilməsi üçün vacibdir. Digər tərəfdən mövzunun öyrənilmə səviyyəsinin müəyyənləşdirilməsi qarşıya qoyulan vəzifələrin daha opimal icrasına, hipotezlərin yaradılmasına da ciddi təsir göstərir.
Məhz bu baxımdan tədqiqat işinin tarixşünaslıq müstəvisində əsaslandırılması, zəngin tarixşünaslıq bazasına malik olması tarixi tədqiqatın ən mühüm, vacib hissəsidir. Tədqiqat obyektinin tarixşünaslıq elminin məlumatları əsasında təhlili, analizi məlum olanı məlum olmayandan, birinci dərəcəli məlumatları ikinci dərəcəlilərdən ayırmağa imkan verir. Tarixşünaslıq məlumatları
tədqiqatçıya tədqiqat obyekti ilə bağlı elmi konsepsiyaları, fikir və mülahizələri, əldə olunmuş təcrübi bilikləri yenidən saf-çürük etməyə, tədqiqatın sərhədlərini – elmi-xronoloji çərçivəsini müəyyən etməyə imkan verir.
Tarixşünaslıq materialları məxsus olduğu dövrün ictimai-siyasi, ideoloji xüsusiyyətlərini, başqa sözlə, dövrünün siyasi tələblərini əks etdirdiyinə görə tədqiqatçı təbii ki, diqqətli olmalı, tədqiqat obyekti üçün vacib olan zəruri məlumatları “seçib-götürməyi”, əldə olunan faktları elmi-obyektiv müstəvidə analiz-sintez etməyi bacarmalıdır.
Bundan başqa, tədqiqatçı tarixi hadisə və prosesləri əks etdirən dövri mətbuat materiallarını, problemlə bağlı elmi əsərlərin toplularını, müxtəlif konfrans materiallarını, tezis və məruzələri də tarixşünaslıq materialı kimi elmi dövriyyəyə cəlb etməyi bacarmalıdır.
Dostları ilə paylaş: |