1 FƏLSƏFƏ, tarix və FƏLSƏFƏ tariXİ



Yüklə 57,73 Kb.
tarix26.02.2017
ölçüsü57,73 Kb.
#9652


1-2. FƏLSƏFƏ, TARİX VƏ FƏLSƏFƏ TARİXİ

Əgər biz «fəlsəfə» anlayışını onun bütün tarix boyu keçdiyi tə­kamül kontekstində araşdırmalı olsaq, müxtəlif dövrlərdə müx­tə­lif lokal elmi-mədəni mühitlərdə bu anlayışın xeyli dərəcədə fərq­li mənaları ifadə etdiyini və bu mənaların zaman oxunda düzü­lü­şü­nün hansı isə ardıcıllığı, qanunauyğunluğu əks etdirmədi­yi­ni və be­ləliklə, müntəzəm təkamüldən danışmağın qeyri-müm­kün oldu­ğunu görərik.

Lakin bu fərqli anlamların geniş spektrində bütün dövrlərin və elmi-mədəni mühitlərin, bütün düşüncə tərzləri və elmi para­diq­ma­ların sərhədlərini keçərək bu günə qədər gəlib çıxmış parlaq zir­və­lər vardır ki, onlar bu dəyişkənlikdə və müxtəliflikdə bir növ ori­yen­tir rolunu oynamaqla fəlsəfi fikrin bir ana xətti oldu­ğunu və əsr­lərin öz arasında bu zirvələrdən keçən vahid ideya xətti ilə bağ­lan­dığını göstərir. Bu zirvələr böyük fəlsəfə klassiklərinin əsərləridir.

Piramidanın aşağısı nə qədər geniş sahəni əhatə etsə də, zir­və­yə yaxınlaşdıqca müxtəliflik aradan götürülür və bütün böyük klas­siklərin eyni problemlər ətrafında və əslində həm də eyni bir dil­də yazdığı ortaya çıxır. Və ancaq zirvələrin müqayisəli təhlili fəl­səfi fikrin nisbi müstəqil bir inkişaf yolu keçdiyini sübut edir.

Fəlsəfənin əsas problematikasını və fəlsəfi fikrin mahiyyətini müəyyənləşdirmək üçün ən düzgün yol fəlsəfə tarixinin izlənməsi deyil, insan təfəkkürünün müasir mərhələdəki strukturunda onun nis­bi yerinin təyin olunmasıdır. Başqa sözlə, fəlsəfənin özünə­məx­sus­luğu elm, din, incəsənət, əxlaq, siyasət, hüquq və s. şüur forma­la­rı ilə müqayisədə müəyyən­ləş­diril­məlidir. Və ancaq müasir ba­xım­dan, məhz fəlsəfi fikir kimi dəyərləndirilməli olan sahənin me­yar­ları ayırd edildikdən sonra əvvəlki tarixi mərhələlərdə həmin bu şü­ur formalarının qarşılıqlı nisbəti haqqında fikir yürütmək olar. An­caq belə yanaşdıqda, məsələn, orta əsrlərdə fəlsəfəyə aid edilən bir mövzunun və ya əsərin müasir anlamda əslində ilahiyyata, ya­xud elmə, siyasətşünaslığa aid olduğu aşkara çıxır.

(Müasir dövrdə fəlsəfi problem kimi qoyulan bir məsələnin tarix boyu hansı formalarda qoyulduğu və hansı kontekstlərdə öyrənildiyi də araşdırıla bilər.)

Beləliklə, fəlsəfənin mahiyyəti də, predmeti də, əsas prob­lem­lə­ri də ilk növbədə onun keçdiyi tarixi inkişaf yolundan deyil, müa­sir insanın müasir düşüncə və fəaliyyət mexanizminin struktu­run­dan intixab edilməlidir.
Tarix hadisələrin baş verdiyi dövrdə onların iştirakçısı və şa­hidləri tərəfindən qələmə alınmış salnamələr, təsvirçi mətnlər, arxiv materialları əsasında sonrakı dövrlərdə yaradılan versiyalar və sistemli şərhlərdən yaranır.

Tarix elm və fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin ara­sında çox geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii tə­fək­kür də bura daxildir. Aristotelin «poeziya fəlsəfəyə tarixdən daha ya­xındır», – fikri də bu kontekstdə daha çox aydın olur.

Əvvəla, tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir.

İkincisi, tarixçi bilavasitə özünün deyil, başqalarının şahidliyi əsasında, müxtəlif mənbələrdən aldığı informasiyaların təhlili əsa­sın­da model qurur, şərh verir.

Üçüncüsü, tarixçi hər bir dövrdə hadisələrin mümkün gedişat variantları imkanlar içərisindən ancaq birinin, gerçəkləşmiş, hə­ya­ta keçmiş variantın təsvirini verir. (İmkan mahiyyətə, ger­çək­lik isə hadisəyə uyğun gəlir).

Dördüncüsü, tarixçinin düşüncə tərzi, təfəkkür üslubu ha­di­sə­lər dövründə yaşayan və onları təsvir edən şəxslərin düşüncə tər­zi və təfəkkür üslubundan fərqli olduğundan tarix bəzənə-bəzənə, «düzənlənə-düzənlənə» gedir. Başqa sözlə, təfəkkürün inkişafı keç­miş­də qalmış hadisələrin özünə təsir edə bilməsə də, təsvirinə, şər­hi­nə təsir göstərir.

Fəlsəfə hadisələri deyil, mahiyyəti əks etdirdiyindən onun təd­qi­qat obyekti zaman-məkan müəyyənliyinə malik deyil. Keçmiş­də de­yilmiş fəlsəfi bir fikir, həm də müasir dövrə aid olmaq əzmin­də­dir. Başqa sözlə, fəlsəfə klassiklərinin əsərləri bu gün yazıb-yaradan müasir filosofların əsərləri ilə eyni zamandan və eyni mə­kan­dan bəhs edir. Yəni, klassiklər müasir filosofların müasir­ləridir. Platonla, Fərabi ilə, Dekartla tanış olmaq üçün keçmişə, tarixin dərinliyinə yox, fəlsəfəyə, ideya dünyasının dərinliyinə baş vurmaq lazımdır.

Beləliklə, tarixdə müasir insan (tarixçi) keçmişi əks etdirdiyi halda, fəlsəfədə keçmiş insan (filosof) təkcə öz dövrünü yox, həm də müasirliyi əks etdirir.

Fəlsəfə tarixində isə müasir insan keçmiş insanın düşüncə­lərini təhlil edir. Eyni dövrdə yaşayanların müəyyən məsələlər haq­qın­da düşüncələrini müqayisə etməklə yanaşı, həmin məsələlərə dair müasir informasiya bazasından və çağdaş düşüncədən də istifadə edir. Və çox vaxt zaman fərqi itir, keçmiş bir təlimin izahı üçün müasir tədqiqatçıya və müasir bir təlimin izahı üçün keçmiş tədqiqatçıya istinad edilir. Yaxud, iki keçmiş filosofun düşüncələri, aralarında neçə yüz il fərq olmasına baxmayaraq, məsələ prob­lemlər üzrə qoyularkən və müqayisəli təhlil aparı­lar­kən onlar eyni zaman müstəvisində nəzərdən keçirilirlər. (Ha­di­sələr özü də, elə bil ki, təkrar olunur. «Yeni – yaxşı unudulmuş köhnədir»).

Fəlsəfədə kimin köhnə, kimin daha müasir olması xronolo­giya ilə deyil, təlimlərin və terminologiyanın müasir fəlsəfəyə yaxınlıq dərəcəsi ilə müəyyən edilir. Təkcə bir faktı nəzərə almaq kifayətdir ki, R.Dekart İbn Sinadan 600 il sonra yaşasa da, onun fəlsəfədə (hətta riyaziyyatda da – Dekart koordinat sistemi adlanan məkan modelinin İbn Sina tərəfindən irəli sürlməsi faktı çox önəmlidir.1) Qərb dünyası üçün yeni sayılan bir sıra fikirləri sadəcə təkrardan ibarətdir, hətta bəzən geriyə doğru atılmış addımdır. İbn Sina ilə Dekart arasında, Sührəvərdi ilə Kant, hətta Husserl arasında parallellər bizim qarşımızda fəlsəfi fikir tarixinin tamamilə başqa bir mənzərəsini açmış olur.

Şərq fəlsəfəsi, xüsusən orta əsrlərdə islam dünyasında yaranan yeni fəlsəfi baxışlar nəzərə alındıqda Qərb fəlsəfi fikir tarixinə təzədən baxmaq lazım gəlir. Və zaman elə bil ki, altı əsr sürüşür. Bu sətirlərin müəllifi Oksford Universitetində keçirilən Fenomenologiya üzrə III Dünya Konqresində məruzəsini məhz bu səbəbdən Sührəvərdi-Dekart-Husserl xronoloji ardıcıllığı ilə yox, Dekart-Sührəvərdi-Husserl ardıcıllığı ilə şərh etmiş və Qərb filosoflarının diqqətini ideya tarixindəki məqsədyönlü (və ya təsadüfi) sürüşmələrə yönəltmişdir.1

Biz çox vaxt fikri xalis şəkildə götürərək onun hansı dövr dü­şün­cəsinin məhsulu olmasını heç nəzərə də almırıq. (Amma gərək alınsın. Çünki düşüncə tərzləri müxtəlif olur).

Dövrün düşüncə tərzi dəyişsə də, görünür, dəyişiklik ən çox üst qatda gedir. Zəmanə dərin qatlara nüfuz edə bilmir. Zira, ha­di­sə­­lərdə müxtəliflik olduğu halda, mahiyyətlərdə eyniyyət və sabit­likdir.

Fəlsəfə varlığın dəyişməyən qatlarını öyrənir.

Tarix dəyişiklikləri, fəlsəfə sabit qalanları əks etdirir.

Fəlsəfə dünyanı zaman və məkan xaricində öyrənir. Zaman və məkan müəyyənliyi isə tarixin tələbidir. Elmdə tarixi zaman prosessual zamanla – müddətlə əvəz olunur. Elm müstəvisində za­man münasibətləri səbəbiyyət, məkan münasibətləri kompa­ra­tiv­lik­lə qarşılıqlı təsir şəklində ortaya çıxır.

Tarix təkcələr (hadisələr), elm ümumilər arasındakı müna­sibəti öyrənir. Fəlsəfə isə ən ümumilər (universalilər) arasındakı mü­nasibətləri öyrənməklə yanaşı, tarixin özünü də ümumilər müs­tə­visində nəzərdən keçirir. İnsan da, bəşəriyyət də əbədi ideya dün­yasının sakinlərinə çevriləndə fəlsəfənin predmetinə daxil olurlar.
İnsansızlaşmış dünya, insaniləşmiş dünya, insanlı dünya və in­san dünyası...

Bunlardan birincisi elmin, ikincisi lirikanın, üçüncüsü epik ədə­­biyyatın, dördüncüsü isə psixoloji dram­ların (və psixologiya­nın) predme­tini təşkil edir. İnsansızlaşmış dünya (maddi äöíéàíûí ob­­yektiv èíèêàñû) ra­sional düşüncə ilə, insaniləşmiş, rəmziləşmiş dün­­­ya emo­siya və təxəyyüllə, insanlı dünya bədii-sosial idrakla, in­san dünyası spekulyativ şüurla inikas olunur.

Xalis maddi olan birinci ilə xalis mənəvi olan axı­rıncı arasın­da mənəviləşmiş maddimaddiləşmiş mənəvi dünyalar yerləşir. Bu dünyaların qarşılıqlı əla­qəsi və vəhdəti, onların ha­mısının bir tam ha­­lında bir­ləşməsi – fəlsəfənin predme­tini təşkil edir. Bu böyük dün­yanın makrostrukturu fəlsəfi tə­fəkkürlə mənimsənilir. Hadisə ilə mahiyyətin, maddiyyatla mənəviyyatın, insansızlaşmış dünya ilə in­san dünyasının əlaqə­sini öyrənmək ehtiyacından fəlsəfə yaranır.

Elm olanı, fəlsəfə olmalı olanı öyrənir. Elm gerçək dünyanı təsvir edir, fəlsəfə əsl dün­yanı təsəvvür edir.

Elm nasiranə, fəlsəfə poetikdir.

Elm soyuq ağlın, fəlsəfə qaynar zəkanın məhsuludur.

Elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə mahiyyətdən başlayır.

Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poe­zi­ya, incəsənət var. Fəlsəfə duyğulu idrakdan və poetik səviyyəyə qalx­mış elmdən yaranır.



1 Bax: Ибн Сина. Избранные философские произведения. М., Наука, 1980, стр. 107-108

1 S.Khalilov. Al-Suhravardi’s doctrine and phenomenology. – The Third World Congress of phenomenology. Program. Wadham College, University of Oxford, England, August 15-21, 2004.



Yüklə 57,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin