Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1.49 Mb.
səhifə1/22
tarix28.04.2017
ölçüsü1.49 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22
Fənn: Maliyyə, pul tədavülü və kredit

Mövzu 1. Maliyyənin mahiyyəti.
P L A N
1. Maliyyənin mahiyyəti, predmeti və metodu.

2. Maliyyənin funksiyaları.

3. Maliyyənin zəruriliyi.

4. Maliyyə resursları.


Ə D Ə B İ Y Y A T
1. S.Məmmədov - Maliyyə, Bakı – 1997

2. A.M.Kərimov və başqaları – Maliyyə, Bakı – 2001

3. N.Novruzov, X.Hüseynov – Maliyyə, Bakı – 2007

1. Maliyyənin mahiyyəti, predmeti

və metodu.
Adətən maliyyə münasibətləri pul münasibətləri kimi başa düşülür. Doğrudanda maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim latın sözü olan, “financia” sözündən götürülmüşdür. Hərfi mənası pul tədiyyəsi deməkdir.

Maliyyə anlayışı pul münasibətlərini ifadə etməsinə baxmayaraq, o heç də bütün pul münasibətlərini əhatə etmir.

Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.

Öz iqtisadi məzmununa görə maliyyə münasibətləri aşağıdakı istiqamətlərə malikdir:

1. Təsərrüfat subyektlərinin nizamnamə kapitalının formalaşması ilə əlaqədar olan maliyyə münasibətləri.

2. Müəssisə və təşkilatlar arasında məhsul alqı-satqısı ilə əlaqədar yaranan pul münasibətləri, sifatişçi və podratçı arasındakı iqtisadi münasibətləri.

3. Kommersiya müəssisəsi və təşkilatları arasında qiymətli kağızların emissiyası və yerləşdirilməsi, qarşılıqlı kreditləşmə, pay iştirakı əsasında müştərək müəssisələrinin yaradılması prosesində meydana çıxan iqtisadi münasibətlər.

4. Təsərrüfat subyektləri ilə yuxarı təşkilatlar və aşağı həlqələr arasındakı bölgü münasibətləri.

5. Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, birlik və təşkilatlarla ayrı–ayrı işçilər arasında gəlirlərin bölüşdürülməsi, səhm və istiqrazların buraxılması və yerləşdirilməsi, dvidentlərin ödənilməsi prosesində meydana çıxan iqtisadi münasibətlər.

6. Təsərrüfat subyektləri ilə maliyyə orqanları arasında vergilərin və digər tədiyyələrin ödənilməsi, büdcədənkənar fondların yaradılması, büdcədən təxsisat alınması, vergi güzəştlərinin verilməsi, cərimə sanksiyalarının tətbiqi ilə əlaqədar yaranan iqtisadi münasibətlər.

7. Təsərrüfat subyektləri və əhalinin kredit sistemi ilə qarşılıqlı əlaqələri prosesində meydana çıxan pul münasibətləri.

8. Sığortalama və sığorta ödənişlərinin verilməsi prosesində meydana çıxan pul münasibətləri.

9. Xarici ölkələrlə iqtisadi əlaqələrin həyata keçirilməsi zamanı meydana çıxan pul münasibətləri.

10. Xarici ölkələrlə elmi-texniki tərəqqinin və digər əlaqələrin inkişaf etdirilməsi prosesində meydana çıxan iqtisadi münasibətlər.

Maliyyə ancaq müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.

Mərkəzləşdirilməmiş pul fondları müəssisələrin fondlarıdır və onlara daxildir: yığım fondu, istehlak və ehtiyat fondları.

Yığım fondunun təşkili mənbələrini mənfəət, amortizasiya ayırmaları, sıradan çıxan əsas fondların satışından gəlirlər və s. təşkil edir. Yığım fondunun vəsaitləri kapital qoyuluşunun maliyyələşdirilməsinə, istehsal fondunun tamamlanmasına və s. xərclərə istifadə edilir. İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına formalaşır.

Ehtiyat fondu izafi məhsulun dəyəri hesabına təşkil olunur və müvəqqəti baş verən ehtiyaclar həmin fondun vəsaiti hesabına ödənilir.

Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara müxtəlif hakimiyyət orqanlarının büdcələri, sosial və iqtisadi təyinatlı büdcədənkənar fondlar daxildir.

Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır, başqa cür ifadə oluna bilmir.

Quldarlar tərəfindən vətəndaşların əmlakının götürülməsi, feodalizm dövründəki natural ödəmələr, bizim ölkəmizin tarixində pul tədavülünün dağılması hesabına ictimai münasibətlərin naturallaşması və s. qətiyyən natural şəkildə qarşılıqlı maliyyə əlaqələrinin mümkünlüyünü sübut etmir. Əksinə, bir daha sübut edir ki, maliyyə münasibətləri müəyyən şəraitdə mövcud ola bilər və belə şəraitin olmaması bu kateqoriyanın fəaliyyət dairəsini məhdudlaşdırır.

Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı iqtisadçılar arasında böyük fikir ayrılığı yaranır. Onlardan bəziləri maliyyənin bölgü kateqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər.

Məlum olduğu kimi geniş təkrar istehsalı 4 mərhələdən ibarətdir:

İstehsal [........ Bölgü [....... Mübadilə [....... İstehlak.

Hər bir mərhələnin özünə məxsus aləti və obyektləri var. İnsanın həmin alətlər vasitəsilə obyektə təsir göstərir və həmin mərhələlər həyata keçirilir. Məsələn, əsas fondlar vasitəsilə insan şüurlu surətdə dövriyyə fondlarına təsir göstərir və beləliklə istehsal alınır. Dəyər bölgüsü zamanı insanlar maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərinə təsir göstərir və bölgü alınır. Bu arqumentlərlə sübut etmək olur ki, maliyyə bölgü kateqoriyası olaraq geniş təkrar istehsalın mərhələlərinin yalnız dəyər bölgüsü hissəsində iştirak edir. O nə istehsal, nə mübadilə, nə də istehlakda bir başa iştirak edə bilməz və yalnız bölgü vasitəsilə onlara təsir göstərir.

Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür etdirir. İstehsal və istehlak prosesində pul vəsaitlərinin hərəkətlərinin olmaması həmin mərhələlərdə maliyyə münasibətlərinin olmadığını sübut edir. Pul vəsaitlərinin hərəkəti istehsal tsiklinin II və III mərhələlərində-bölgü və mübadilə prosesində baş verir. Ancaq bu mərhələlərdə də pul vəsaitlərinin hərəkəti öz xarakterinə görə müxtəlifdir. Beləliklə, hətta bu mərhələlərin hər ikisində maliyyə münasibətlərinin eyni fəaliyyət göstərdiyini söyləmək olmaz.

II mərhələdə pul formasında dəyərin hərəkəti əlahiddə şəkildə-əmtəələrin hərəkətlərindən asılı olmadan baş verir və onun özgəninkiləşdirilməsi, yaxud da məqsədli şəkildə fondlara toplanması ilə xarakterizə olunur.

III mərhələdə isə bölüşdürülən dəyər (pul formasında) əmtəə ilə dəyişdirilir. Yəni alqı-satqı prosesi baş verir. Burada vəsait özgəninkiləşdirilmir. Sadəcə olaraq pul formasından əmtəə formasına keçir.

Beləliklə, təkrar istehsalın II mərhələsində pul vəsaitinin, yaxud dəyərin birtərəfli, ekvivalentə dəyişməyən hərəkəti, III mərhələdə isə ikitərəfli-biri əmtəə, digəri isə dəyər formasında olan pulun hərəkəti baş verir.

Maliyyə resurslarına maliyyə münasibətlərinin maddi daşıyıcıları kimi baxılması maliyyəni dəyərin bölgüsündə iştirak edən digər kateqoriyalardan fərqləndirməyə imkan verir. Çünki başqa kateqoriyaların heç birinin belə maddi daşıyıcıları yoxdur. Məcmu daxili məhsul və milli gəlirin bölgü və yenidən bölgüsünün mürəkkəbliliyi maliyyə ilə yanaşı, başqa iqtisadi kateqoriyaların da iştirakını zəruri edir. Məsələn, qiymət, əmək haqqı, vergi, faiz, dividend və s.

Maliyyə münasibətlərini digər pul münasibətlərindən fərqləndirən bir sıra xüsusi elementlər vardır.

1. Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardı.

2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır, yəni imperativ xarakter daşıyır. Maliyyə münasibətləri yalnız dövlətlə əlaqədar formalaşan imperativ pul münasibətlərini özündə əks etdirir.

3. Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət müəssisəsi, təşkilat) pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətlər sistemini ifadə edir.

Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir.

Hər bir fənni bir-birindən fərqləndirən onun predmetidir. Maliyyənin predmeti-ümumi milli məhsulun və milli gəlirin bölgüsü yenidən bölgüsü, pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemindən ibarətdir.

Maliyyənin predmetinin öyrənilməsi zamanı dialektik metoddan istifadə olunur. Dialektik metod hər bir hadisə və prosesi inkişafda və qarşılıqlı əlaqədə öyrənir. Maliyyə həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edir. Kəmiyyətcə inkişaf dedikdə maliyyə vəsaitlərinin və fondlarının hərəkətini, keyfiyyətcə inkişaf dedikdə isə maliyyə münasibətlərinin daim təkmilləşdirilməsi nəzərdə tutulur.

Maliyyə münasibətləri qarşılıqlı əlaqədə öyrənilir. Həmçinin maliyyənin ayrı-ayrı bölmələri, elementləri, fondları arasında daim qarşılıqlı əlaqələr yaranır.


2. Maliyyənin funksiyaları.
Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, icrası və rolu) təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. Maliyyənin funksiyası onun mahiyyətini və məzmununu açıqlayır.

İqtisadi kateqoriya kimi maliyyəyə iki funksiya: bölüşdürücü və nəzarət funksiyaları xarakterikdir.

Maliyyənin birinci funksiyası ÜDM-in, milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsini həyata keçirir.

Milli gəlir iki hissəyə -yığım və istehlak fonduna bölünür. Bu hissələrin nisbəti iqtisadiyyatın inkişafının proporsiyalarını və onun strukturunu müəyyən edir. Dövlət maliyyə sistemi vasitəsilə milli gəliri bölüşdürür və onun bir hissəsini geniş təkrar istehsala (yığım fonduna), digər hissəsini isə istehlak fonduna yönəldir. Dövlət təsərrüfatçılığın nəticələrinə səmərəli təsir etmək məqsədilə maliyyədən milli gəlirin bölüşdürülməsi aləti kimi istifadə edir.

Milli gəlir bölüşdürüldükdən sonra yenidən bölüşdürülməsinə obyektiv zərurət yaranır ki, bu da aşağıdakılardan irəli gəlir:

milli gəlir yaradılmayan qeyri-istehsal sferalarının mövcudluğu (dövlət idarəçiliyi, təhsil, səhiyyə, sosial təminat);

sosial inkişafın təmin edilməsinin zəruriliyi;

sahibkarlıq üçün əlverişli şərait yaradılmasının əhəmiyyətidir ki, bu da dotasiya, subsidya verilməsini tələb edir. Beləliklə, milli gəlir yığım fonduna və istehlak fonduna bölünür, sonra isə istehsal və qeyri-istehsal sferaları və habelə regionlar üzrə yenidən bölüşdürülür.

Dövlətin ərazi, istehsal və qeyri-istehsal sferaları arasında yenidən bölgü münasibətlərinin əsas hissəsi dövlət büdcəsi vasitəsilə həyata keçirilir.

Maliyyənin vasitəsilə həyata keçirilən milli gəlirin və ÜDM-in bölgüsü və yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin möhkəmləndirilməsindən, geniş əhali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir.

Maliyyə öz bölgü funksiyasını, habelə müəssələrinin gəlirlərinin formalaşması və bölgüsü prosesində yerinə yetirir.

Məhsulun reallaşdırılması zamanı müəssisələrdə satış pulu və müvafiq olaraq gəlir əmələ gəlir. Bu gəlirin bir hissəsi dövlət büdcəsinin, sosial sığortanın mərkəzləşdirilmiş fondlarına ayrılır, digər hissəsi isə müəssisənin sərəncamında qalır və əməyin ödənilməsi fondunun, iqtisadi həvəsləndirmə fondunun yaradılmasına, istehsalın genişləndirilməsi və inkişafı üzrə məsrəflərin maliyyələşdirilməsinə istifadə edilir.

Maliyyənin bölgü funksiyası vasitəsilə müəssisədə əmtəələrin, hazır məhsulların, yerinə yetirilmiş işlərin satış pulu hesabına pul vəsaitləri fondları yaradılır və onlar məsrəflərin ödənilməsinə (əmtəələrin, maddi məsrəflərin, əmək haqlarının ödənilməsinə) və xalis gəlirin (mənfəətin) yaradılmasına yönəldilir. Xalis gəlirin müəyyən hissəsi büdcə gəlirlərinə köçürülür.

Maliyyənin ikinci mühüm funksiyası-nəzarət funksiyasıdır. Nəzarət funksiyası bölgü funksiyasından törəyir hər şeydən əvvəl ümumi daxili məhsulun və milli gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə təzahür edir.

Maliyyənin nəzarət funksiyası iki cür həyata keçirilir: birincisi, manatla nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə.

Müəssisələrdə maliyyənin vasitəsilə pul gəlirlərinin əmələ gəlməsinə, qənaət üsuluna əməl edilməsinə, maddi və əmək resurslarından istifadə edilməsinə, əməyin kəmiyyət və keyfiyyətinə, əsas kapitaldan və dövriyyə fondlarından istifadəyə, həvəsləndirmə fondlarının yaradılması və istifadəsinə və s. manatla nəzarət edilir.

Lakin, müəssisədə maliyyə nəzarətinin ən başlıca vəzifəsi mənfəətin yığım fonduna və istehlak fonduna yenidən bölgüsünü ciddi izləməkdən, bu fondlardan vəsaitlərin məqsədli təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirməkdən ibarətdir. Beləliklə, maliyyə məhsul istehsalı satışı prosesində pul vəsaitləri fondlarının düzgün yaradılması, bölgüsü və istifadəsinə nəzarət aləti kimi çıxış edir.

Manatla nəzarət nəinki müəssisə daxilində və habelə müəssisələr arasında, yuxarı təşkilatlar və maliyyə-kredit idarələri ilə qarşılıqlı münasibətlərdə həyata keçirilir. Müəssisələr arasında qarşılıqlı münasibətlərdə manatla nəzarət göndərilmiş malların, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi müqavilə şərtlərinə əməl edilməsi zamanı aparılır.

Müəssisələrin təsərrüfat fəaliyyətinə, büdcəyə ödənişlər üzrə büdcə qarşısında öhdəliklərin yerinə yetirilməsi və büdcədən maliyyələşdirmə prosesində manatla nəzarət edilir.

Maliyyə orqanları və xidmət idarələri tərəfindən nəzarət pul vəsaitlərinin xərclənməsinin qanuniliyinin və vergilərin ödənilməsinin tamlığının yoxlanılması yolu ilə həyata keçirilir.

Maliyyənin nəzarət funksiyasından habelə bütün dövlət miqyasında da istifadə edilir. Maliyyə resurslarının bölüşdürülməsinin kəmiyyət göstəriciləri, iqtisadiyyatın sahələrində proporsiya və disproporsiyaların, dövlət büdcəsinin icrasının necə təşəkkül tapdığını əks etdirir.

Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır.



3. Maliyyənin zəruriliyi.
Dövlətin meydana gəlməsi və əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq maliyyə münasibətləri XIII-XV əsrlərdə İtalyada istifadə olunmağa başlanmışdır. Hər cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədardır:

1. Dövlətin fəaliyyət göstərməsi. Cəmiyyəti idarə etmək üçün dövlətin olması məcburidir. Əgər dövlət varsa, deməli o, hansısa funksiyalar yerinə yetirir. Dövlətin idarəçilik, təsərrüfatçılıq, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. Bu funksiyaları yerinə yetirmək üçün dövlət idarəçilik subyekti kimi əlində müəyyən vəsait cəmləşdirməlidir. Həmin vəsaitlər dövlətin yaradılmasının ilk dövrlərində natural yığımlar hesabına ödənilirdi. Cəmiyyətin inkişafı və idarəetmənin mürəkkəbləşməsi ilə əlaqədar dövlət gəlirləri, xərcləri, bütövlükdə maliyyə münasibətləri meydana gəlməyə başladı.

2. Əməyin kəmiyyət və keyfiyyətinə görə bölgünün fəaliyyət göstərməsi. Təsəvvürünüzə gətirin: siz zavodda işləyir, tutaq ki, soyuducu istehsal edirsiniz. Sizin tələbatınız isə başqa məhsullaradır. Həmin müəssisə ayın axırında, əmək məsrəflərinizi hesablayıb, həmin məhsulla sizin məcmu tələbatınızı necə ödəyə bilər. Mümkün deyil. Ona görə də ümumi ekvivalent formada-pulla sizin əməyi ödəyir. Siz isə öz tələbatınıza uyğun əmtəə alırsınız. Əmtəə-pul münasibətlərinə uyğun olaraq maliyyə münasibətləri fəaliyyət göstərir.

3. Bütün normal inkişaf edən cəmiyyətlərdə bir neçə mülkiyyət forması fəaliyyət göstərir. Bu mülkiyyət formaları arasında iqtisadi əlaqələri həyata keçirmək üçün yenə də əmtəə-pul münasibətlərinin və maliyyənin mövcudluğu zəruridir.


4. Maliyyə resursları.
“Resurs” anlayışı – adətən ehtiyat, mənbə, vəsait kimi şərh edilir və zəruri hallarda ona müraciət olunur.

Maliyyə resursları mərkəzləşdirilmiş fondlara (dövlət büdcəsi, büdcədənkənar fondlar) və qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarına (müəssisələrin pul vəsaitləri fondlarına) bölünür.

Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi prosesində yaradılır. Ümumdövlət səviyyəsində (makro səviyyədə) mərkəzləşdirilmiş maliyyə resurslarının (mərkəzləşdirilmiş fondlar) formalaşmasının birinci və əsas mənbəyi milli gəlirdir.

Milli gəlirin bir hissəsi müəssisədə formalaşır və onun sərəncamında qalır, yəni mikrosəviyyədə qeyri-mərkəzləşdirilmiş fondlar yaradılır ki, bu da müəssisədə istehsal məsrəflərinə istifadə edilir.

Dövlətin maliyyə resurslarının formalaşmasının başlıca mənbələrindən biri kimi istehsal sferası müəssisə və təşkilatlarının pul gəlirləri çıxış edir. Onlara hər şeydən əvvəl izafi məhsulun dəyərinin bir forması olan mənfəət aiddir.

Bir qayda olaraq maliyyə resurslarının həcmi milli gəlirdən çoxdur, ona görə ki, maliyyə resursları izafi məhsulun dəyəri və zəruri məhsulun bir hissəsindən başqa amortizasiya ayırmalarını da özünə daxil edir.

Maliyyə resurslarının formalaşmasının ikinci əhəmiyyətli mənbəyi əsas istehsal fondlarının dəyərinin bir hissəsi hesabına formalaşan amortizasiya fondudur.

Mərkəzləşdirilmiş maliyyə resursları-xalis gəlirin vergi, vergi olmayan ödənişlər və ayırmalar vasitəsilə yenidən bölgüsünün nəticəsidir.

Yuxarıda göstərilənlərdən başqa mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşması mənbəyi mərkəzləşdirilmiş dövlət sosial sığorta, əmlak və şəxsi sığorta fondlarına, müxtəlif büdcədənkənar fondlara müəssisələrin ayırmaları ola bilər.

Bundan başqa, mərkəzləşdirilmiş maliyyə resursları təsərrüfat dövriyyəsinə cəlb edilmiş milli sərvətin bir hissəsi hesabına (ölkənin qızıl ehtiyatlarının, enerji daşıyıcılarının satışından, xarici iqtisadi fəaliyyətdən daxilolmalar və s.) və habelə dövlət qiymətli kağızlarının (istiqraz, borcların yerləşdirilməsindən və s.) satışından əldə edilən vəsaitlər hesabına formalaşır.

Mərkəzləşdirilmiş maliyyə resurslarının çox az bir hissəsi əhalidən daxilolmalar hesabına (vergilər, rüsumlar, istiqrazlar və lotoreyalardan daxilolmalar) yaradılır. Bazar münasibətlərinə keçilməsi ilə ələqədar olaraq maliyyə resurslarının bu mənbəyi durmadan artır.

Mərkəzləşdirilmiş maliyyə resursları əsasən dövlət büdcəsində, büdcədənkənar fondlarda, əmlak və şəxsi sığorta fondlarında cəmləşdirilir.

Maliyyə resurslarına habelə dövlət pul ehtiyatları kimi (nizamnamə, ehtiyat və digər fondlar şəklində Mərkəzi Banka təhkim edilmiş) Mərkəzi Bankın kredit resurslarını da daxil etmək məqsədə uyğundur.

Beləliklə, dövlətin maliyyə resursları - dövlətin, müəssisələrin, təşkilatların və əhalinin sərəncamında olan, geniş təkrar istehsal üçün nəzərdə tutulmuş pul vəsait fondları və daxilolmalardır. Maliyyə resurslarının əsas mənbəyi milli gəlir, mülkiyyət formasından asılı olmayaraq təşkilatların mənfəəti, amortizasiya fondu və sığorta fondlarıdır.



Müəssisənin maliyyə resursları - konkret təsərrüfat subyektinin sərəncamında olan bütün pul vəsaitlərinin və daxilolmaların məcmusudur. Maliyyə resursları müəssisənin gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir.

Müəssisə səviyyəsində maliyyə resursları məqsədli təyinatlı pul fondlarının (əməyin ödənilməsi fondu, istehsalın inkişafı fondu, maddi mükafatlandırma fondu və s.) yaradılmasına, dövlət büdcəsi, banklar, malverənlər, sığorta orqanları və digər müəssisələr qarşısında öhdəliklərin yerinə yetirilməsinə istifadə edilir. Maliyyə resursları habelə xammal, material alınmasının, əməyin ödənilməsinin maliyyələşdirilməsi və s. üçün istifadə edilir.

Müəssisənin maliyyə resursları müəssisənin xüsusi vəsaitləri və cəlb edilmiş vəsaitlər hesabına formalaşır.

Müəssisədə maliyyə resurslarının formalaşmasının əsas mənbəyi mənfəətdir.

Müəssisənin gəlirləri

Əsas fəaliyyətdən mənfəət

Sair fəaliyyətdən daxilolmalar (əmlakın satışından)

Maliyyə əməliyyatlarından mənfəət (qiymətli kağızların satışı)

Təsərrüfat üsulu ilə yerinə yetirilən tikinti işlərindən mənfəət

Pul fondları

Nizamnamə fondu

Amortizasiya fondu

Ehtiyat və digər fondlar

İstehsalın inkişaf fondu

Cəlb edilmiş vəsaitlər

Pay əsasında cəlb edilmiş maliyyə resursları və kreditor borcları

Bankların və təşkilatların uzunmüddətli kreditləri

Sığorta ödəmələri

Büdcə subsidyası

Müəssisənin maliyyə resursları


Mövzu 2: Maliyyə siyasəti və maliyyə sistemi
P L A N
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri

2. Dövlətin maliyyə siyasəti

3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması

4. Azərbaycan Respublikasının maliyyə sistemi

5. Azərbaycan Respublikasının maliyyə siteminin

ayrı – ayrı əlaqələrinin xarakteristikası



1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri
Maliyyə siyasəti - dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.

Maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir.

Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması metodlarından asılı olaraq maliyyə siyasəti ilə iki yerə ayrılır:

maliyyə strategiyası;

maliyyə taktikası.

Maliyyə strategiyası - uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir.

Maliyyə taktikası - maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı surətdə əlaqədardır.

Dövlətin maliyyə siyasətinin formalaşmasının ümumi prinsipləri aşağıdakılardan ibarətdir:

1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır.

Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişafı tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir. O, sənaye və kənd təsərrüfatı istehsalının, qeyri - istehsal sferasının və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur.

2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir.

3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.

4. Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə aşağıdakıları daxil edir:

milli gəlirin bölgüsü metodları;

dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli)

məqsədli dövlət fondlarının yaradılması metodları;

büdcəyə və məqsədli fondlara tədiyyə ödənişlərinin növləri;

maliyyə planlaşdırılması və proqnozlaşdırılması;

maliyyə nəzarəti.

Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə maliyyə münasibətlərinin tənzimlənməsi. Fiskal siyasət-dövlətin vergiqoymada və dövlət xərcləri sahəsində həyata keçirdiyi siyasət olub, dövlət xəzinəsini doldurmağa yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir. Bu siyasətin hazırlanmasına tələbat dövlət maliyyəsinin stabil iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynadığı XX əsrin ikinci yarısında xüsusilə güclənməyə başlamışdır. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət vergiyə cəlbetmə və dövlət xərcləri (büdcə xərcləri) kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir.

  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə