Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1,49 Mb.
səhifə2/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   2   3   4   5   6   7   8   9   ...   22

2.Dövlətin maliyyə siyasəti
1990-cı ilədək Sovet İttifaqının maliyyə siyasəti K.Marksın və V.İ.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi - maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.

Maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.

1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq.

2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.

3. İnflyasiyanın səviyyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik vermək.

4. Ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişləndirilməsi.

5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun.

6. Kredit münasibətləri sistemini təkmilləşdirmək, kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir.

7. İstehsal və qeyri - istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır.

8. Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək.

Dövlətin maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır.

Dövlətin investisiya siyasəti - maliyyə siyasətinin tərkib hissəsi olub, dövlətin investisiya fəaliyyətini maliyyələşdirməyə münasibətini ifadə edir. O, birincisi, investisiyanın məqsəd və istiqamətini; ikincisi investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formasını müəyyən edir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

İnvestisiya siyasəti həm dövlət investisiyasının maliyyələşdirilməsini və həm də öz vəsaiti hesabına əsaslı tikintini həyata keçirən xüsusi investisiyalara və müəssisələrə münbit investisiya şəraiti yaratmaqdan ibarətdir.


3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması
Müəssisənin maliyyə siyasəti - müəssisənin maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.

Müəssisənin maliyyə siyasətinin hazırlanmasının məqsədi müəssisənin strateji və taktiki məqsədlərinə nail olmasına yönəldilən maliyyənin idarə edilməsinin səmərəli sistemini təşkil etməkdən ibarətdir.

Müəssisədə maliyyə siyasətinin işlənib – hazırlanmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir:

kapitalın strukturunun optimallaşdırılması və müəssisənin maliyyə sabitliyinin təmin edilməsi;

maksimum mənfəətin əldə olunması;

müəssisənin maliyyə - iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması;

müəssisənin investisiya cəlbediciliyinin təmin edilməsi;

müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızlar buraxılması və s.) istifadə edilməsi.

Taktiki maliyyə vəzifələri hər bir müəssisə üçün fərdi olur. Onlar strateji vəzifələrdən, vergi siyasətindən, müəssisənin mənfəətindən istehsalın inkişafına istifadə edilməsi imkanlarından irəli gəlir.

Əsasən müəssisənin maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə aiddir:

1)maliyyə - iqtisadi vəziyyətin təhlili;

2)uçot siyasətinin hazırlanması;

3) kredit siyasətinin hazırlanması;

4) dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi;

5) xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi;

6) divident siyasəti;

7) maliyyənin idarə edilməsi.

Maliyyə - iqtisadi vəziyyətin təhlili maliyyə siyasətinin işlənib – hazırlanmasının əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, habelə əldə edilmiş nəticənin təhlilinə və idarəetmə qərarlarının işlənib hazırlanmasına diqqət yetirilir.

Müəssisənin fəaliyyətinin maliyyə - iqtisadi təhlilinin əsas komponentləri mühasibat balansının üfüqi, şaquli və trend təhlilidir.

Mühasibat hesablarının təhlili müəssisənin əmlakının tərkibini, maliyyə vəziyyətini, xüsusi vəsaitlərin formalaşması mənbələrini, borc vəsaitinin miqdarını, məhsul (əmtəə, iş və xidmət) satışından əldə edilən satış pulunun həcminin qiymətləndirilməsini müəyyən etmək məqsədilə onda göstərilən mütləq göstəricilərin öyrənilməsi deməkdir. Hesabatların faktiki göstəriciləri müəssisələrin planlaşdırdığı göstəricilərlə müqayisə edilir.



Üfüqi təhlil ilin axırına mühasibat hesabının göstəricilərini ilin əvvəlinə və keçmiş dövrə olan göstəricilərlə müqayisəsindən ibarətdir. Şaquli təhlil balansın ayrı – ayrı ümumi yekun göstəricilərində xüsusi çəkisini müəyyən etmək və nəticəni keçmiş dövrün göstəriciləri ilə müqayisə etmək məqsədi ilə aparılır. Trend təhlili bir neçə il üzrə hesabat göstəricilərinin bazis ilindən nisbi kənarlaşmasının hesablanmasına əsaslanır.

Müəssisənin maliyyə - iqtisadi vəziyyətinin təhlilinin nəticələrinə söykənərək uçot siyasətinin bu və ya digər vəziyyətinin variantı hesablanır. Çünki bu sahədə qəbul edilmiş qərardan birbaşa büdcəyə və büdcədənkənar fondlara keçirilən vergilərin məbləği, balansın strukturu, bir sıra başlıca maliyyə - iqtisadi göstəricilərin əhəmiyyəti asılı olur. Müəssisədə uçot siyasəti müəyyən edilərkən istehsalda xammalın və materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, bitməmiş istehsalın qiymətləndirlməsi metodları, sürətləndirilmiş amortizasiya tətbiq etmək imkanları mövcud olur.

Müəssisənin kredit siyasətinin hazırlanması. Bu məqsəd üçün balansın passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmamazlığı müəyyən olunur. Hesablama əsasında borc alınmış vəsaitə tələbat müəyyən edilir. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilmiş səmərə faiz dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur.

Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi. Maliyyə siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyyənin idarə edilməsinin əsas problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə edilməsinin yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.

Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi. İstehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə edilməsinə həsr edilmiş maliyyə siyasəti bölməsinin hazırlanması üçün maliyyə təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və müəssisənin zərərsiz işləməsinə nail olunması üzrə tədbirlər hazırlanır.

Amortizasiya siyasətinin seçilməsi müəssisənin maliyyə siyasətində böyük əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla sürətli vəsait yığmaq hüququna malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək, amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.



Müəssisənin divident siyasəti səhimdar cəmiyyətlərində, istehsal kooperativlərində və istehlak cəmiyyətlərində hazırlanır. Onun seçilməsində aşağıdakıları nəzərə almaq lazımdır:

dividentin ödənilməsi səhmdar cəmiyyəti üzvlərinin və kooperativlərinin marağını təmin edir;

yüksək məbləğdə divident ödənilməsi təşkilatın inkişafına yönəldilən mənfəətin payını azaldır.

Maliyyə siyasəti hazırlanarkən dividentlərin üstünlüklərini və çatışmamazlıqlarını qiymətləndirmək, dividentin ödənilməsinin optimal variantını tapmaq, müəssisənin perspektiv inkişafına məsrəfləri nəzərə almaq lazımdır.



Müəssisənin maliyyəsinin idarə edilməsi. Müəssisənin idarə edilməsinin müasir sistemi planlaşdırılma, normalaşdırma və nizamlaşdırma nəzəriyyələrinə əsaslanır.

4. Azərbaycan Respublikasının maliyyə sistemi
Maliyyə sistemi – qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı – ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitlərinin fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir.

Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:

1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);

2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin)

maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə).

Maliyyə sistemi geniş mənada özünə habelə 3) kredit bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.

Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə - bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.

İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.

Kredit – bank sferası ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir.


Azərbaycan Respublikasının maliyyə sistemi





Dövlət

maliyyəsi






Müəssisə və təşkilatların maliyyəsi

Kredit-bank sistemi

Dövlət maliyyə orqanları sistemi




›Dövlət büdcəsi

›Büdcədənkənar fondlar

›Dövlət krediti

›Dövlət sığorta fondları



›Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsi

›Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi

›Qeyri kommersiya müəssisə və təşkilatlarının maliyyəsi

›İctimai təşkilatların və birliklərin maliyyəsi



›AR-nın Milli Bankı

›Kommersiya bankları

›Bank olmayan kredit təşkilatları

›AR-nın Maliyyə Nazirliyi

›Respublika xərinədarlığı

›AR-nın subyektlərinin maliyyə orqanları

›AR-nın Vergilər Nazirliyi




Bələdiyyə maliyyəsi

Maliyyə sisteminin ayrı-ayrı sferaları (bölmələrə) və həlqələri bir-birindən hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları ilə və deməli, onların maliyyə sistemindəki rolu ilə fərqlənir.



5. Azərbaycan Respublikasının maliyyə siteminin

ayrı – ayrı əlaqələrinin xarakteristikası
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.

Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:

Azərbaycan Respublikasının dövlət büdcəsi;

Bələdiyyələrin büdcəsi.

Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.

Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar.

Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığın bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə - kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.

Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da yaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Məşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar.

Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər.

Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR – nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir.



Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.

Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.

Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.

Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.

Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.

Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri daxildir:

kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;

qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;

dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi;

ictimai təşkilatların (birliklərin) maliyyəsi.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir.

Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər.

İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır. Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.

Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır. Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin, ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.


Mövzu 3 : Maliyyənin idarə edilməsi və planlaşdırılması
P L A N
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və metodları

2. Maliyyəni dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri

3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması

4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi



1. Maliyyənin idarə edilməsinin mahiyyəti və

metodları
İdarəetmə dedikdə, müəyyən nəticələrə nail olmaq üçün məcmu üsul və metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür.

İdarəetmə fəaliyyətinin mühüm sahəsi maliyyənin idarəedilməsindən ibarətdir. O xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir.

Digər idarəetmə sistemlərdə olduğu kimi maliyyənin idarə edilməsində də idarəetmənin obyektləri və subyektləri vardır. İdarəetmənin obyekti kimi pul gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən istifadəsi ilə əlaqədar olan maliyyə münasibətləri ilə çıxış edir. İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir.

Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. Onlara müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə orqanları və vergi idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin idarəedilməsini həyata keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir.

İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər. Eyni zamanda onlara idarəetmənin vahid metod və üsulları da məxsusdur. Maliyyənin idarəedilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi mühüm funksional elementləri ayırmaq olar.

Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur. Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir, onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları mühasibat, statistik və operativ hesabatlara əsaslanan maliyyə informasiyasının təhlili əsasında qəbul edilir.

Operativ idarəetmə cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən bölüşdürülməsinin köməyi ilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini güdür. Operativ idarəetmənin əsas məzmununu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir.

Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyyə resurslarının istifadəsi üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə, maliyyə resurslarının artırılması və onların daha səmərəli istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir.

Maliyyənin idarə edilməsinin strateji (ümumi) və operativ formaları fərqləndirilir. Strateji idarəetmə proqnozlaşdırma vasitəsilə perspektiv maliyyə resurslarının müəyyən edilməsində, məqsədli proqramın reallaşdırılması üçün maliyyə resurslarının həcmini təyin etməkdə və s. istifadə olunur. O, dövlət və təsərrüfat idarəetmə orqanları tərəfindən: AR-nın Milli Məclisi, Prezident Aparatı, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və b.tərəfindən həyata keçirilir. Operativ idarəetmə maliyyə sistemi aparatının: Maliyyə Nazirliyi, AR subyektlərinin maliyyə orqanlarının, yerli hakimiyyət orqanlarının, büdcədənkənar fondların rəhbərlərinin, sığorta təşkilatlarının, müəssisələrin maliyyə xidmətlərinin (şöbələrin) funksiyalarına daxildir.



2. Maliyyənin dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri

Azərbaycan Respublikasında maliyyənin ümumi (strateji) idarəedilməsi ölkə Konstitusiyasına əsasən dövlət hakimiyyəti orqanlarına AR Milli Məclisinə, Prezident Aparıtına, və AR Hökumətinə həvalə edilmişdir.

Maliyyənin operativ idarə edilməsini maliyyə aparatı həyata keçirir. Onun köməkliyi ilə dövlət iqtisadiyyatın bütün struktur bölmələrinin maliyyə fəaliyyətinə rəhbərlik edir. Maliyyə aparatı operativ maliyyə planlaşdırılması, uçot, təhlil, nəzarət və maliyyə planlarının yerinə yetirilməsi üzrə işləri həyata keçirir.

Xalq təsərrüfatının müəssisə və sahələrində maliyyə fəaliyyətini müəssisənin maliyyə şöbələri və xidmətləri, habelə nazirlik və idarələrin maliyyə bölmələri həyata keçirirlər. Sığorta münasibətlərini xüsusi sığorta strukturları idarə edir. Dövlət maliyyəsinin idarə edilməsi üzrə işləri Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və onların yerlərdəki orqanları həyata keçirirlər.

Milli Məclis AR–nın dövlət büdcəsinə və onun icrasına dair hesabata baxır və təsdiq edir. Milli Məclis habelə vergilər, rüsumlar və məcburi tədiyələr haqqında qanunlara baxır. Bundan başqa o, dövlətin daxili və xarici borclarının həddini müəyyən edir.

Maliyyənin idarə edilməsini həyata keçirən ən mühüm orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və onların yerlərdəki orqanlarıdır. Maliyyənin idarə edilməsi sahəsində onun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

-Azərbaycan Respublikasında dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

-Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

-Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

-Maliyyə resurslarının sosial–iqtisadi inkişafın üstün istiqamətlərində təmərküzləşməsi;

-Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

-Büdcə sisteminin planlaşdırılması metodlarının, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

-Büdcə vəsaitinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

-Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi;

-Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin