30.Məntiqi idrakın formaları Məntiqi idrakın ilkin forması olan anlayış müəyyən zümrəsinə daxil olan cisim və hadisələrin, proseslərin onların əlaqə və münasibatlərinin ümumi və mühüm əlamətlərini əks etdirən məntiqi təfəkkür formasıdır. Əks etdirdikləri cisimlərin konkret və bilavasitə in’ikasından ibarət olan hissi idrak formalarından (duyğu, qavrayış, təsəvvür) fərqli olaraq cisim və hadisələrin, onların əlaqə və münasibətlərinin bilavasitə, ümumiləşmiş, abstrakt obrazıdır. Qavrayışda cisiın və hadisələrin ən müxtəlif, o cümlədən təsadüfi, qeyri-mühüm əlamətləri əks oluna bildiyi halda, anlayışlarda cisimlərin yalnız mühüm, zəruri, ümumi əlamətləri əks olunur. Misal üçün “insan” anlayışını götürək. Bu anlayışda hər bir ayrıca adamın bütün əlamətləri əks olunmur. Burada insanın milliyyəti, irqi, cinsi, yaşı, zahiri əlamətləri, ictimai rütbəsi haqqında mə’lumat yoxdur. Bu anlayışda bütün adamlara xas olan ümumi və mühüm əlamətlər - əmək qabiliyyəti, düşünmək, sosial fəallıq, islehsal etmək bacarığı təsbit olunur.
Anlayışların qərarlaşması və inkişafı prosesi göstərir ki, onlar daxilən ziddiyyətli olub, bir tərəfdən obyektiv və subyektiv, digər tərəfdən isə mütləq və nisbi momentləri ehtiva edir.
Anlayışlar obyektivdirlər, belə ki, onların məzmunu bu anlayışlarda əks olunan obyekliv gerçəklikdən asılıdır. Hər bir anlayış öz məzmununu real və obyektiv surətdə mövcud olan cisim və hadisələrdən, onların mühüm və ümumi əlamətlərindən alır.
Mühakimə cismin hər hansı əlamətini, xassəsini, onun maddi aləmin digər cisim və hadisələri ilə əlaqəsini, habelə meydana gəlməsini, funksiyalaşmasını və inkişafını əks etdirən fikirdir. Mühakimə təfəkkürün elə formasıdır ki, onda cisim və hadisələr haqqında nə isə iqrar edilir (məsələn, atom kimyəvi cəhətdən bolünməzdir). İnsan özünün hər bir fikrini hökmən müəyyən mühakimə formasında ifadə edir.
Cisimlərin ancaq ümumi, mühüm əlamətlərini əks etdirən anlayışlardan fərqli olaraq mühakimələrdə onların hər cür xassəsi, keyfiyyəti, əlaməti, əlaqə və münasibətləri əks olunur. Fikirləşmək hər şeydən əvvəl mühakimə yürütmək deməkdir, mühakimə yürütmək isə cismi, hadisəni, prosesi fıkrən mənimsəməkdir.
Əqli nəticə elə bir fikir aktıdır ki, onun vasitəsilə obyektiv aləmin cisim və hadisələri haqqında verilmiş mühakimələrdən yeni mühakimə çıxarılır. Məsələ bundadır ki, insanın yürütdüyü bütün mühakimələrdə ya bilavasitə (müstəqim), ya da bilvasitə (dolayı) bilik olur. Həqiqiliyi canlı seyr vasitəsilə təsdiq olunan bilik müstəqim bilikdir. Lakin elə mühakimələr var ki, onların həqiqiliyinə inanmaq üçün canlı seyr kifayət deyil. Məsələn, “Yer Günəş ətrafında fırlanır”, “cisimlər qarşılıqlı cəzb olunur” və s. Mühakimələrin həqiqiliyi bilvasitə deyil, əqli nəticə ilə bağlı mühakimələr əsasında təsdiq olunur. İnsan hiss orqanlarının bilavasitə əks etdirə bilmədiyi hadisələri əqli nəticənin köməyilə qavrayır. Əqli nəticə şeylərin gizli, daxili xassələrini, əlaqələrini, mahiyyətini, inkişaf qanunauyğunluqlarını dərk etmək üçün çox mühüm vasitədir. Əqli nəticədən istifadə etmədən kainatın qanunauyğunluqlarını, göy cisimlərinin ölçüsünü, kütləsini, kimyəvi tərkibini, atomdaxili prosesləri, materiyanın strukturunu dərk etmək mümkün olmazdı.
Əqli nəticənin müxtəlif növləri vardır. Onlardan geniş yayılmışı induktiv, deduktiv və traduktiv əqli nəticədir.
İnduktiv əqli nəticənin gedişində təkcə və xüsusi mühakimələrdən ümumi nəticə çıxarılır. Məsələn, insanlar ictimai praktikanın gedişində inanmışlar ki, dəmir, mis, sink, gümüş və başqa metallar qızdırıldıqda genişlənir. Bu hadisəni milyon dəfələrlə müşahidə etmək əsasında onlar belə bir ümumi nəticəyə gəlmişlər ki, metallar qızdırıldıqda genişlənir.
Deduktiv əqli nəticədə ümumi mühakimədən xüsusi naticə alınır və bu zaman insan ümumidən, abstraktdan xüsusiyə, konkretə qayıdır. Lakin bu qayıdışdan alınan bilik daha zəngin, daha əhatəli olur. Məsələn, “bütün metallar elektriki yaxşı keçirir” və “mis metaldır” mühakimələrinin müqayisəsindən belə bir deduktiv əqli nəticə çıxarmaq olar: “mis elektriki yaxşı keçirir”.
Deduktiv və induktiv əqli nəticələrdən əlavə elə əqli nəticələr də vardır ki, bu zaman xüsusi nəticə xüsusi mühakimələrdən, ümumi nəticə isə ümumi mühakimələrdən çıxarılır. Traduktiv adlanan bu əqli nəticənin əsas növlərindən biri analogiyadır.