22.Materiyanın mövcudluq formaları(hərəkət məkan və zaman) İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar beləbir ümumfəlsəfi nəticə çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir. Bizi əhatə edən hər bir predmet və hadisədə həmişə bir-birinə əks olan iki momenti görmək mümkündür: bir tərəfdən obyekt öz keyfiyyət müəyyənliyini, bütövlüyünü və dayanıqlığını müəyyən zaman intervalı ərzində qoruyub saxlayaraq, sanki özünə bərabər qalır. Digər tərəfdən isə bəşər praktikası sübut edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər qalması nisbi xarakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez predmetin yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır.
Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun “mövcudluq üsulu” kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə geniş təfsiri bütün tarixi dövrlər üçün xarakterik deyildir.
Yeni dövrdə dünyanın mexaniki mənzərəsinin formalaşması və hərəkətin bütün növləri içərisində yalnız mexaniki yerdəyişmənin hərtərəfli və dərindən öyrənilməsi üzərindən bütövlükdə hərəkət anlayışını mexaniki yerdəyişmə ilə eyniləşdirmək meyli üstünlük təşkil edirdi. XVIII əsr fransız materialistlərinin bir sıra mülahizələri hərəkət anlayışının bu mexaniki məhdudluğuna qarşı yönəlsə də, bərəkətin keyfiyyət çoxcəhətliyi haqqındakı müddəa elm və fəlsəfədə yalnız XIX əsrin ikinci yarısında kök sala bildi. XIX əsrin 40-cı illərində enerjinin saxlanması və çevrilməsi qanununun kəşfi hərəkətin heçdən yaranmaması və itməməsi, onun yalnız bir keyfiyyət halından digərinə çevrilməsi haqqındakı təsəvvürün qərarlaşmasında həlledici rol oynadı. F.Engels həmin dövrdə elm və təbiətşünaslığın nailiyyətlərini ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir; 1) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi hərəkət; 4) bioloji hərəkət və 5) sosial hərəkət. Məkan və zaman varlığın ən xarici və bilavasitə bəlli olan xarakteristikaları olduqlarına görə, dialektik materializm onları materiyanın mövcudluğun obyektiv-real formaları kimi nəzərdən keçirir.
Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır. Gerçəklikdəki bütün cisim və proseslər müəyyən məkan və zaman mövcuddurlar. Məkan-maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Məkan-zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan-zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən, məcmusundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-zaman xassələrinə malikdir. Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır: uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar üç istiqamətdə hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir.