Georgi Hegelin fəlsəfi sistemi (1770-1831) klassik alman fəlsəfəsinin ən böyük nümayəndəsi idi. Hegelin fəlsəfi tə”limi obyektiv idealizm sisteminin və idealist dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir.
Hegelin əsas əsərləri bunlardır: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Fəlsəfi elmlər ensiklopediyası”, “Hüquq fəlsəfəsi”, “Fəlsəfə tarixi üzrə mühazirələr” və s.
Bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşmağın prinsiplərini sistem halında işləyib hazırlamaqdan ibarətdir. Əlbəttə, Hegel dialektikanın banisi deyildir. Dialektik fikirlər hələ qədim Şarq ölkələrində - Hindistanda, Azərbaycanda meydana gəlmiş və Antik Yunamstanda daha da inkişaf etdirilmişdir. Lakin idealist əsaslar üzərində olsa da, Hegel tarixdə ilk dəfə olaraq aləmin dialektik anlaşılması metodunu, dialektik məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır. O, şeylərə metafizik baxışı əsaslı tənqid edərək, dialektikanin əsas qanunlarını formulə etmişdir. Lakin o, bir idealist kimi gerçəkliyin inkişafının qanunauyğunluqlarına materialistcəsinə yanaşa bilməmişdi.
Deməli, Hegel tə”liminin əsas məsələlərindən biri – inkişaf haqqında tə”lim olan dialektika və idrakın əzəmətinə dərin inam idi.
Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi “Mütləq ideya”dır. Bu ilkin ruhi başlanğıc guya insandan kənarda və ondan asılı olmayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bütün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə-əql, zəka ilə obyektiv gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas olan təfəkkür isandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən biridir. Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu “Mütləq jeya” Allah anlayışıdır. Lakin Hegel tə”limindəki Allah-dinin ona şamil etdiyi insani keyfiyyətlərə malik deyildir.
Hegelin “Mütləq ideya”sı, dinlərdə mövcud olan adi “Allah”dan fərqli olaraq, dünyaya hissi və emosional münasibətdən məhrumdur. Hegelin nəzərincə, Allah saf-xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir. Hegel fəlsəfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların təzahürüdür.
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət fəlsəfəsi; 3. Ruh fəlsəfəsi.