1-3. İNSAN DÜNYASI: MƏNƏVİYYAT VƏ MADDİYYAT
Filosofların nəzərində aləm üçdür:
əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi.
Ş. Sührəvərdi
İnsanın dünya haqqında, özünün dünyada tutduğu yer, həyatının məqsədi və mənası haqqında düşüncələri, habelə dünya haqqındakı müxtəlif xüsusi biliklərin ümumiləşməsindən irəli gələn problemlər küll halında fəlsəfənin formalaşması üçün mənbə rolunu oynayır. Bu biliklərin nizama düşməsi, sistemləşməsi, kateqoriyalarla ifadəsi və müəyyən stabil struktur ÿëäÿ åòìÿñè fəlsəfə ilə elmin ümumi cəhətlərini təşkil edir.
Kateqorial formaya keçid mərhələsində dünyagörüşünün əsas məsələsi olan İnsan-Dünya münasibəti Mənəvi-Maddi münasibəti şəklində kristallaşır və fəlsəfənin əsas məsələsini təşkil edir.
Fəlsəfinin ilk məqsədi dünyanın ahəngini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir. Lakin nə qədər ki, insan özü dünyanın bir hissəsidir, dünya haqqında əsl həqiqət insana bəlli ola bilməz. Binanın içində oturub onun ümumi mənzərəsini seyr etmək mümkün deyil; bunun üçün binaya kənardan baxmaq lazımdır.
Həyatın nə olduğunu dərk etmək üçün də ona kənardan nəzər salmaq, həyatla ölümün sərhəddində dayanmaq lazımdır.
Ölüm haqqında düşünməyən, ölümünü gözü önünə gətirməyən, onu hissən yaşamayan adam həyatı qiymətləndirə bilməz, onun ali mənasını dərk edə bilməz. Həyatın mənası ölümün hissi yaşantısında üzə çıxır. Ölümünü yaşamaq aqibəti!
Maddi dünyaya kənardan, ucadan baxmaq, onun haqqında həqiqəti dərk etmək üçün insan özünü dünyadan ayırır, İnsan-Dünya əksliyi yaranır. Mənəvi varlığın maddi varlığa münasibəti məsələsi ortaya çıxır ki, bunsuz fəlsəfə yoxdur.
Maddi dünyadan beşəlli yapışanlar, dünya malını həyatın mənasına, ali məqsədinə çevirənlər maddi dünya ilə əkslik təşkil edə bilməzlər, çünki onun içində əriyirlər, ona kənardan baxa bilməzlər və deməli, fəlsəfi təfəkkür səviyyəsinə yüksələ bilməzlər.
Maddi dünyanın tələblərinə, «sifarişlərinə» həddindən artıq aludə olanda insan öz ali mənasını unudur. İnsan yaddan çıxan yerdə fəlsəfi fikrə yer yoxdur. Əsl fəlsəfə çərçivəyə salınanda onun yerini psevdofəlsəfə tutur. Fəlsəfə öz əsas məsələsindən uzaqlaşdıqda siyasətin nökərinə çevrilir və nüfuzdan düşür.
* * *
Dünyanın ikiyə bölünməsi, İnsan-Dünya, Mən-Qeyri-mən, Mənəvi-Maddi, Mikrokosm-Makrokosm olmaqla iki tərəf arasında münasibətlərin nəzərdən keçirilməsi fəlsəfənin predmetinin ən sadə və ən mücərrəd bölgü sxemidir. Bu bölgüyə bütün fəlsəfə tarixi boyunca müxtəlif fəlsəfi məktəblərin nümayəndələri tərəfindən müxtəlif aspektlərdə müraciət edilmişdir. Lakin fəlsəfənin predmetinin nisbətən daha konkret və daha mükəmməl səviyyədə nəzərdən keçirilməsi üçün bu bölgüyə daha iki tərəf əlavə edilə bilər: maddiləşmiş mənəvi dünya və mənəviləşmiş maddi dünya. Birinci tərəfə insanın məntiqi idrakının, elmi biliklərin və s. maddi vasitələrlə yazılması və saxlanması, yaxud hiss və təəssüratların bədii ədəbiyyatda, incəsənət əsərlərində maddiləşməsi, ikinci tərəfə biliklərin praktik tətbiqi nəticəsində insanın həyat və fəaliyyətinə uyğunlaşdırılmış, məqsədyönlü surətdə dəyişdirilmiş təbiət (ikinci təbiət), habelə insanın bədii yaradıcılığı sayəsində yaradılmış və öz maddi təcəssümünü tapmış sənət nümunələri və s. daxildir.
İnsan özü maddi və mənəvinin vəhdəti olmaqla həmişə fəlsəfənin diqqət mərkəzində dayanır. İnsanın inkişafı da bu vəhdətdən, onun ikili təbiətindən irəli gələn ziddiyyətlərin həll olunma prosesi ilə bağlıdır. Digər tərəfdən, insan yalnız öz miqyası ilə məhdudlaşan mənəvi və maddi başlanğıcların (ruh və bədən) ziddiyyəti və mübarizəsi ilə deyil, həm də onun daha geniş miqyaslı maddi və mənəvi mühitlə əlaqəsi, münasibəti ilə fəlsəfənin diqqət mərkəzində durur. İnsanın inkişafı habelə bu münasibətlərin xarakteri və bu zaman ortaya çıxan ziddiyyətlərin necə həll olunması ilə bağlıdır.
İnkişafın birinci mənbəyi insanın bir maddi varlıq kimi, fiziki və bioloji sistem kimi yerdə qalan maddi dünya ilə, ətraf mühitlə (təbii mühit, biosfer) təşkil etdiyi ziddiyyətdən hasil olur. Bu ziddiyyətlər və onların həll olunması xüsusiyyətləri insanın maddi (fiziki, bioloji və s.) inkişafını, bir canlı sistem olaraq təkmilləşmə prosesini müəyyən edir.
İkincisi, insan bir mənəvi varlıq kimi (daha doğrusu, mənəvi dünyaya malik olmaqla) maddi dünyanın xüsusi, spesifik keyfiyyətli bir komponenti olan maddiləşmiş mənəvi dünya ilə təmasda olur və bu təmasdan, münasibətdən doğan ziddiyyət insanı mənəvi cəhətdən inkişaf etdirir, onun mənəvi dünyasının formalaşmasına, daha ahəngdar sistemə çevrilməsinə təkan verir.
Üçüncüsü, maddi insanla mənəvi insan, daha doğrusu, insanın maddi və mənəvi aspektləri, tərəfləri arasındakı münasibət, nisbət də müəyyən ziddiyyətlər doğurur. Bu ziddiyyətlər əslində insanın birinci (maddi) və ikinci (mənəvi) istiqamətlərdəki inkişaf səviyyələrinin nisbətindən irəli gəlir. Bu istiqamət insanın insani həyatını ən çox xarakterizə etməklə onun ahəngdar inkişafının mühüm mənbəyidir.
Birinci istiqamət – ekoloji aspekt insanı xalis maddi sistem kimi səciyyələndirir və hər bir maddi obyektin ətraf mühitlə daxil olduğu münasibətlər onun üçün də zəruridir. Əlavə olaraq bir canlı kimi o, ətraf mühitlə spesifik münasibətlərdə olur (bioloji hərəkət – maddi həyat) və bu münasibətlər məhz insanda digər canlılara nisbətən daha zəngin, mürəkkəb və ahəngdardır. Maddi insan (insanın cismi) özünü əhatə edən maddi mühitdən hər halda fərqli olduğu üçün (bioloji struktur səviyyəsinə görə) belə bir spesifik lokal sistemin ümumi təbii ahəngi pozmaması, dinamik müvazinətin və daha doğrusu, ahəngdarlığın təmin edilməsi üçün müəyyən spesifik mübadilə prosesləri zəruridir. Maddi insanı maddi dünya ilə birləşdirən, eyniləşdirən bu proseslərə baxmayaraq, insan cismən də müəyyən nisbi müstəqilliyə malikdir; bu müstəqillik onun hətta maddi sistem kimi də dünyaya qarşı qoyulmasına, yerdə qalan dünya ilə müqayisə olunmasına, İnsan-Mühit bölgüsünə imkan yaradır.
İkinci inkişaf istiqaməti, ikinci ziddiyyət əslində bir insanın deyil, insanlığın, bəşəriyyətin keçdiyi bütün inkişaf yolunda formalaşır. Çünki maddiləşmiş mənəvi dünya tək bir insanın fəaliyyəti ilə yox, bütün insanların bütün dövrlərdəki (əlbəttə, əgər qırılmazlıq əlaqəsi varsa; əslində həm məkanca, həm də zamanca qırılmalar, boşluqlar olmuşdur və ona görə də, vahid sivilizasiyadan deyil, müxtəlif sivilizasiyalardan söhbət gedir) fəliyyətinin məhsulu kimi daim inkişaf edir və hər bir yeni dövrdə ayrıca bir insan daha böyük mənəvi sərvətlə ünsiyyət imkanı əldə edir. Gənc insanla qocaman maddi-mənəvi mühit arasında yaranan ziddiyyət tezliklə bu gəncin də qocamanlaşması, çox erkən “yaşa dolması”, böyük mənəvi sərvətin müəyyən bir sahəsinə, aspektinə yiyələnməsi ilə nəticələnir. Toxunma (kontakt) sahəsində təxmini tarazlıq yarandığı vaxtda nisbət dəyişir və insan ümumbəşəri mənəvi sərvəti özü zənginləşdirməyə başlayır. İnsanla maddi-mənəvi dünya arasındakı münasibət başlıca olaraq bu sxem üzrə davam edir...
Lakin mənəvi sərvət özü necə yaranır, onun ilkin mənbəyini nədə axtarmaq lazımdır? Bu sualın cavabı üçüncü istiqamətdə (maddi və mənəvi insan arasındakı ziddiyyət) üzə çıxır. Bu istiqamət əslində həm tarixən, həm də dinamikliyinə, mürəkkəbliyinə və əhəmiyyətinə görə, habelə ikinci istiqamət üçün şərt olduğuna görə daha ilkin və həlledicidir.
Yalnız ilk baxışda elə görünə bilər ki, mənəvi sahələr arasında münasibət olmaq baxımından ikinci münasibət (ziddiyyət) insanı daha çox dərəcədə bir insan kimi (mənəvi yalnız insana xas olduğuna görə) xarakterizə edir. Diqqətlə yanaşdıqda məlum olur ki, bu halda mənəvi insanın maddi mövcudluğundan bir növ ayrıldığına və müstəqilləşdiyinə görə insana nəzərən xarici bir hadisə kimi çıxış edir; insan üçün daxili, immanent olan, onun bütün fəaliyyətinin istiqamətləndirici, hərəkətverici qüvvəsi olan proseslər isə insanın ikili təbiətinin dialektikasından irəli gəlir... Ona görə də, maddiləşmiş mənəvi sərvət ilə insan mənəvi dünyası arasındakı əlaqə əsasən informasiya mübadiləsi xarakteri daşıyır və prinsipcə modelləşdirilə bilər; bu sahədə süni intellekt təbii intellektlə müqayisəyə, mübahisəyə girmək iqtidarındadır. Təsadüfi deyil ki, böyük hafizəyə və hesablama imkanına malik olan adamlar kompüterlə müqayisə olunurlar. Mənəvinin prinsipcə maddiləşə bilən bütün formaları prinsipcə modelləşdirilə bilər. Bəs modelləşə bilməyən, yalnız ideal halda olan komponentlər varmı?
Biz “Bilik və fəaliyyət” mövzusunda bu məsələyə bir daha qayıdacağıq. İndi isə yalnız onu qeyd edək ki, ideal olan passiv halda yox, maddi ilə qarşılaşarkən “özünü daha çox dərk edir”, daha oppozision mövqe tutur, ideallıq xassələrini daha aydın büruzə verir.
Maddi və mənəvi arasındakı belə unikal vəhdət və mübarizə yalnız insan-fərd miqyasında və müstəvisində äåéèë, habelə ümumbəşəri mənəvi sərvət və ikinci təbiət müstəvisində də təzahür edir.
Dostları ilə paylaş: |