Özünütəlqin. Özünütəlqin fenomeninin mövcud olması çoxdan məlum olan bir həqiqətdir. Onun təsir gücünü dərk edən ən müxtəlif sənət adamları, o cümlədən psixoloqlar, həkimlər, incəsənət xadimləri, hərbiçilər, idmançılar və s. özünütəlqindən istifadə etməyə çalışmış və onun vasitəsilə yüksək nəticələrə nail olmuşlar. Hindistanda yoqların öz bədənlərində nümayiş etdirdikləri kəsiklər adi adamları heyrətləndirir, qeyri – adi effektlərlə səhnədə çıxış edən aktyorun yüksək professionallıq nümayiş etdirərək qəhrəmanın obrazını tamaşaçılara olduğu kimi çatdıra bilməsi və digər bu kimi hadisələr ilk növbədə özünətəlqinin nəticəsidir.
Hipnosuggestiv psixoterapiya. Hipnozun müalicə təcrübəsində tətbiqinə aid külli miqdarda ədəbiyyatın mövcud olmasına baxmayaraq, bu məsələdə anlaşılmazlıqlar yenə də mövcuddur. Bir çoxları belə hesab edir ki, hipnoz və təlqin vasitəsilə nəinki sinir sisteminin funksional xəstəliklərini, hətta ağır psixozları, bir çox somatik xəstəlikləri, beynin üzvi patologiyası nəticəsində meydana çıxan iflicləri, korluğu, karlığı bə s. müalicə etmək mümkündür. Hal-hazırda elmi təbabətdən xəbəri olmayan, özünü ekstrasens adlandıraraq əslində hipnoz və təlqindən istifadə etməklə əhali arasında “həkimlik” edən adamlara tez-tez rast gəlinir. Belələri sadəlövh şəxslərin üzərində təcrübə apararaq əhalinin müəyyən hissəsini öz “ecazkar qüvvələrinə” inandıra bilirlər.
Hipnoz hansı xəstəlikləri müalicə edə bilər sualına görkəmli alman psixiatrı E.Krepelin demişdir:” Bəzən xəstənin razılığı olmadan belə onu hipnoz etmək və uzun müddət onun hisslərinə, fikirlərinə və iradəsinə hakim ola bilmək üsulu ruhi pozuntuları müalicə etməklə məşğul olan həkim –psixiatr üçün böyük imkanlar yaradır. Təssüf ki, təcrübə cüzi dərəcədə bu fikri doğrulda bildi.” Krepelin öz fikrini açıqlayaraq yazırdı ki, ruhi sağlam şəxsləri hipnoz təsiri altına alaraq onların ağrı və iztirablarını qısa müddət ərzində nə qədər müvəffəqiyyətlə aradan qaldırmaq mümkündürsə, ruhi xəstələrə bu üsulu tətbiq etmək bir o qədər şətindir.
Müasir psixologiya və psixoterapiya elmi özünütəlqini güclü psixi təsir vasitəsi kimi qiymətləndirir və onun müalicəvi imkanlarından geniş istifadə etməyi yövsiyə edir. Özünütəlqinin tətbiqi haqqında heç bir əks – göstəriş yoxdur. Onu tətbiq etməyi bacarmayanlar kiçikyaşlı uşaqlar, kəmağıl və ağır psixi xəstələrdir. Qalan şəxslərin hamısı ondan həm profilaktika, həm müalicə, həm də müəyyən məqsədlər üçün istifadə edə bilər. Onun köməkliyi ilə orqanizmin müqavimətini artırmaq, diqqət və iradəni yüksəltmək, emosional tarazlıq yaratmaq mümkündür. Özünütəlqinin ən geniş yayılmış forması və arzu edən hər bir adamın yiyələnə biləcəyi üsullardan biri autogen məşqdir.