2. Ali təhsil müəssisələrinə tələbə qəbulu
2.1. Ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər,
magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil
müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada
qəbul oluna bilərlər.
Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin
qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə
əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
həyata keçirilir.
2.2. Ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və
elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali
təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan
müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.
2.3. Ali təhsil müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı
müəssisə və təşkilatların sifarişi əsasında, ali təhsil müəssisəsinin imkanları nəzərə
alınmaqla, ali təhsil müəssisələrinin və tabeliyində ali təhsil müəssisələri olan nazirlik,
komitə və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyənləşdirilir.
2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali təhsil müəssisələrində
tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
təhsil müəssisəsinin nizamnaməsi;
təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
2.5. Təkrar ali təhsil, ixtisasartırma və yenidənhazırlanma, stajkeçmə, rezidentura və peşə
hazırlığı kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil
müəssisəsinin təsisçiləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
|