Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 21 yanvar tarixli,
9 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi «Təhsil haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət
növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən
bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir.
1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini,
kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.
1.3. Bu Nümunəvi Nizamnamə hər bir ali təhsil müəssisəsi üçün fərdi nizamnamənin
hazırlanmasında əsas hesab olunur.
1.4. Ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən,
hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. Ali təhsil müəssisələrinin hüquqi ünvanı
onların hər birinin nizamnaməsində göstərilir.
1.5. Ali təhsil müəssisələri üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa
çatır.
1.6. Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının
yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.7. Ali təhsil müəssisələri işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə,
əməyin stimullaşdırılmasında, ali təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların
təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində,
məzunların işlə təmin edilməsində, ali təhsilin növbəti səviyyəsində təhsillərini davam
etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və
qadınlar üçün bərabər imkanlar yaradırlar.
1.8. Ali təhsil müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin
öz nizamnaməsi ilə müəyyən olunur.
1.9. Ali təhsil müəssisəsinin təşkilati-hüquqi forması, mülkiyyət növü və statusu müvafiq
qanunvericiliyə və bu Nümunəvi Nizamnaməyə uyğun müəyyən edilir.
Təhsil qanunvericiliyinə əsasən ali təhsil müəssisələrinin aşağıdakı növləri müəyyən
edilir:
universitetlər;
akademiyalar;
konservatoriyalar;
institutlar və s.
Universitet — ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını,
əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan
çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.
Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən,
fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
İnstitut (ali məktəb) — müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret
ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata
keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
Konservatoriya — musiqi sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil
müəssisəsidir.
1.10. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali
təhsil müəssisələri fəaliyyət göstərir.
1.11. Dövlət ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi
«Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması,
genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli, 67
nömrəli qərarına uyğun olaraq həyata keçirilir.
Bələdiyyə və özəl ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi
qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata
keçirilir.
1.12. Ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin elmi şurası tərəfindən
qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi
nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi
əsasında təsisçilər tərəfindən təsdiq edilir.
1.13. Dövlət ali təhsil müəssisəsinə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik
təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi
tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyət növlərini həyata keçirməkdə
sərbəstdir.
1.14. Ali təhsil müəssisəsinin adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilir
və onun yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. Ali təhsil müəssisəsinin statusu
(növü) dəyişərsə, onun adında da müvafiq dəyişikliklər aparılmalıdır. Ali təhsil
müəssisəsinin adının dəyişdirilməsi «Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və
təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi
Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 14 may tarixli, 67 nömrəli qərarına uyğun olaraq, tabeliyində ali təhsil
müəssisələri olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.15. Ali təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılığın verilməsi
(lisenziyalaşdırılması) və akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
1.16. Azərbaycan Respublikasında hər bir ali təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək
üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil
Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət ali təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə xüsusi razılıq
(lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici
hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya)
üç il müddətinə verilir.
1.17. Ali təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki
bazasının, təhsil proqramlarının, elmi fəaliyyətinin, kadr potensialının, maliyyə
resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər
normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır
və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti
müddətə («Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır.
Ali təhsil müəssisəsinin akkreditasiyası «Təhsil müəssisələrinin akkreditasiyası
Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin prosedurdan keçmiş ali təhsil
müəssisəsi akkreditasiya haqqında sertifikat alır.
1.18. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə
məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması
dövlətlərarası müqavilələrlə müəyyən edilir.
1.19. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ali təhsil
müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.
1.20. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisəsinin bazasında özündə müxtəlif
tipli təhsil müəssisələrini birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. Onların
yaradılması, yenidən təşkili və ləğvi təsisçilərin vəsatəti əsasında «Dövlət büdcəsindən
maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi,
yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli, 67 nömrəli qərarına uyğun
olaraq həyata keçirilir.
1.21. Ali təhsil müəssisələri ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə öz
aralarında sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin iştirak
etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsal birlikləri
(assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq
hüququna malikdirlər.
1.22. Ali təhsil müəssisələrinin filialları, fakültələri, kafedraları, tədris şöbələri,
kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura, rezidentura və əlavə
təhsil üçün müvafiq bölmələr, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman
bazaları, tədris teatr və studiyaları, konsert zalları, sərgi salonları, iaşə müəssisələri və
digər struktur bölmələri fəaliyyət göstərə bilər. Ali təhsil müəssisəsinin strukturunda
onun profilinə uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq, müəssisə və təşkilatları
yaradıla bilər.
Ali təhsil müəssisəsinin strukturu onun elmi şurası tərəfindən müəyyənləşdirilir (filiallar
istisna olmaqla) və təhsil müəssisəsinin rəhbəri (rektoru) tərəfindən təsdiq edilir. Ali
təhsil müəssisəsinin struktur bölmələrinin fəaliyyət dairəsi və funksiyaları ali təhsil
müəssisəsinin nizamnaməsində öz əksini tapır.
Ali təhsil müəssisəsinin struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin
təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin elmi
şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirirlər.
Struktur bölmələrinin rəhbərləri (filiallar istisna olmaqla) ali təhsil müəssisəsinin rektoru
tərəfindən təyin olunurlar.
1.23. Ali təhsil müəssisələrinin bəzi struktur bölmələri hüquqi şəxs statusuna malik ola
bilərlər.
1.24. Dövlət təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq,
ölkənin və xarici dövlətlərin ərazisində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin
razılığı əsasında) filiallar açmaq hüququna malikdir.
Ali təhsil müəssisəsinin filialları öz funksiyalarını müstəqil olaraq həyata keçirirlər.
Filialın fəaliyyətinin idarə edilməsi ali təhsil müəssisəsinin və filialın nizamnamələrinə
uyğun həyata keçirilir.
Filialın yaradılması, ləğv edilməsi, adının dəyişdirilməsi və onun yerləşdiyi ünvan barədə
rekvizitlər ali təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapır.
Filialın rəhbəri (direktoru) ali təhsil müəssisəsinin vəsatəti əsasında təsisçi tərəfindən
təyin edilir.
1.25. Ali təhsil müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata
keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.)
təhsil müəssisələrində təhsil dövlət hesabına həyata keçirilir.
1.26. Ali təhsil müəssisəsi təhsil, tərbiyə və elm mərkəzi kimi, nizamnaməsinə uyğun
aşağıdakı vəzifələri yerinə yetirir:
hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsilalma tələblərinin
ödənilməsi;
təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
elmi araşdırmaların aparılması;
yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;
ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;
qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat,
müalicə-diaqnostika, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə
kommersiya fəaliyyəti ilə məşğul olunması;
beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.
Həmin vəzifələri yerinə yetirmək üçün ali təhsil müəssisəsi:
dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil
proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər
sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır;
tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;
təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə
edir;
elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata
keçirir;
profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər
hazırlayır;
elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr,
sərgilər və s. təşkil edir və həyata keçirir;
elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və
müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq
layihələrdə iştirak edir;
təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında
beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir
informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-
portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını
yaradır;
elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır
və nəşr edir;
tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət
xidmətləri təşkil edir və göstərir;
təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində işlər görür;
müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün
beynəlxalq əlaqələr yaradır.
1.27. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-
pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:
bakalavriat (tibb təhsili istisna olmaqla);
magistratura (tibb təhsili istisna olmaqla);
doktorantura.
Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
əyani;
qiyabi;
distant (məsafədən);
sərbəst (eksternat).
1.28. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-
ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır.
Bakalavriat təhsili başa çatmış ali təhsildir.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi
forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil
proqramları ilə müəyyənləşdirilir.
Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.
Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji
fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu
təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə
bilərlər.
Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları»na uyğun olaraq müəyyən edilir.
1.29. Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı
ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini
nəzərdə tutur.
Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir. Qiyabi
forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil
proqramları ilə müəyyənləşdirilir.
Magistratura səviyyəsini bitirən şəxslərə «magistr» ali elmi-ixtisas dərəcəsi verilir.
Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə
məşğul olmaq hüququ verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini
doktoranturada davam etdirə bilərlər.
Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcəsinin verilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq
edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi
Qaydaları»na əsasən müəyyən edilir.
Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi,
incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri
hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.30. Tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır.
Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və
həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.
Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir.
Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə
müəyyənləşdirilir. Rezidentura təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş
«Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na əsasən müəyyən edilir.
1.31. Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək
səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi
dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturada) həyata keçirilir və müvafiq
elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi
təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə
uyğun olaraq verilir.
Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər
doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.
Doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş
«Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»na əsasən həyata
keçirilir.
1.32. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara
elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin
müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və
elmi dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri
nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi adlar müəyyən edilir:
dosent;
professor.
Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan
Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor) adı vermək
hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
1.33. Ali təhsil müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq ali
təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə
təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı
səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən
əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və
mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə
təhsil aşağıdakı istiqamətləri əhatə edir:
ixtisasartırma;
kadrların yenidən hazırlanması;
stajkeçmə və kadrların təkmilləşdirilməsi;
təkrar ali təhsil;
dərəcələrin yüksəldilməsi;
yaşlıların təhsili.
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»nın təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr
tarixli, 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla
həyata keçirilir.
1.34. Ali təhsil müəssisələrində tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin
məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları)
üzrə həyata keçirilir.
Dostları ilə paylaş: |