30. RİYAZİYYAT TƏLİMİNİN TƏŞKİLİNDƏ İSTİFADƏ OLUNAN FORMA VƏ ÜSULLAR.
Təlim prosesinin bütün mərhələləri üçün səmərəli və vahid təlim forması və metodu yoxdur. Müəllim hər bir konkret mövzunun tədrisi üçün səmərəli təlim strategiyası seçməyi bacarmalıdır. Mövzudan və şəraitdən asılı olaraq müəllim birbaşa tədris prosesindən, araşdırmalardan, sinifdaxili müzakirə vəreqlərdən, kiçik qruplarla işlərin təşkilindən, fərdi yanaşma üsullarından, mövzu ilə bağlı gündəlik həyatda rast gəlinən hadisələrdən istifadə etməklə təlim prosesini qurmalıdır
Standartlara əsaslanan nəticəyönümlü təhsil proqramı (kurikulumu) təlimin düzgün təşkilini və sinifdəki bütün şagirdlərin standartları mənimsəməsini nəzərdə tutur. Bu zaman təlim elə təşkil olunmalıdır ki, şagirdlər yeni biliklər almaqla yanaşı, tətbiq bacarıqlarına yiyələnsinlər, əldə olunmuş informasiyanı möhkəmləndirsinlər. Tədris prosesi ardıcıl şəkildə elə təşkil olunmalıdır ki, ilkin bacarıqlar sonrakı təlim üçün baza formalaşdırsın. Bu zaman təlimin təşkilinin ənənəvi formaları ilə yanaşı, qeyri-standart dərs-konfrans, dərs-seminar, dərs-müzakirə, dərs-çalışma və s. Kimi formalardan da istifadə edilməsi zəruridir. Təlim prosesinin mütəhərrikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təcrübələr onu göstərir ki, bu iş formalarından istifadə edilməsi dərsi fəal prosesə çevirir, şagirdlərin tədqiqat aparmasına, axtarışlar etməsinə zamin yaradır.