Elmi biliklərin istehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində tətbiqinin genişləndiyi indiki zamanda təlimin elmilik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Orta məktəbdə təlimin elmilik prinsipi demək olar ki, bütün təlim fənlərinin strukturunu və məzmununu nəzərdən keçirib dəyişdirməyi tələb edir. Bu prinsip əsasında hər bir fənnin məzmununda elmin əsas inkişaf istiqamətlərini əks etdirən və eyni zamanda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ideyalar tətbiq edilməlidir. Bu, məsələn, riyaziyyatda hesab ilə cəbr arasındakı rabitəsizliyin aradan qaldırılması, materialın öyrənilməsində funksional yanaşmanın daha ardıcıl şəkildə həyata keçirilməsi və texnikada daha çox əhəmiyyəti olan anlayışlara və üsullara (koordinatlar metodu, törəmə, inteqralın tətbiqləri) geniş yer verilməsində ifadə olunur. Təhsilin məzmununun elmiliyi dedikdə onun aşağıdakı üç əlaməti ödəyən keyfiyyət xarakteristikası başa düşülür:
1. Təhsilin məzmununun elmin müasir səviyyəsinə uyğun olması;
2. Elmi idrakın ümumi üsulları haqqında şagirdlərdə düzgün təsəvvürlərin yaradılması;
3. İdrak prosesinin mühüm qanunauyğunluqlarının göstərilməsi.