Nitqin ifadəliliyi üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi deməkdir.
Nitqin ifadəliliyini nitqin dəqiqliyindən fərqləndirmək o qədər də asan deyil. Məsələn: “O, klassik ədəbiyyatı çox sevir” cümləsi düzgün və dəqiq olsa da, ifadəli deyil . “O, klassik ədəbiyyatın vurğunudur” cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.
Nitqin düzgünlüyünə hamı əməl etməli, nitqin dəqiqliyinə də hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi daha çox şair və yazıçılara məxsusdur.
Nitq mədəniyyətinin ümumi və xüsusi cəhətləri
Nitq mədəniyyətinin ümumi (ictimai) xarakter daşıyan cəhəti:
Nitqin düzgünlüyünün bütövlükdə cəmiyyətdən tələb olunması, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsi zərurətini yaradır. Sözün fonetik tərkibini, düzgün tələffüz (orfoepik) və yazılışını (orfoqrafik), leksik mənasını, cümlənin quruluşunu hamı eyni üsulla qavrayır. Belə olmasaydı, dil əsas vəzifəsini – ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi.
Nitq mədəniyyətinin xüsusi (fərdi ) səciyyə daşıyan cəhəti:
Hər kəs gözəl nitqə və fikrini dürüst, məntiqli çatdırmaq (istər yazılı, istərsə də şifahi) səriştəsinə malik deyil. Burada nitqin gözəlliyinin fərdlərin timsalında müxtəlif şəkillərdə təzahür etdiyini də nəzərə almaq lazımdır.
Bununla belə, nitq mədəniyyətinin ümumi (ictimai) məsələləri onun xüsusi (fərdi) məsələləri ilə birbaşa bağlıdır. Hər hansı gözəl nitq sahibi sözün müəyyənləşmiş mənasını, cümlənin qrammatik quruluşunu kəskin şəkildə dəyişdirə bilməz. Çünki subyektin – fərdin sözə yeni məna çalarları qazandırmaq, cümləni adi nitqdə işləndiyi şəkildən fərqli, xüsusi formalarda işlətmək hüququ olsa da, bütün hallarda ümumi (ictimai) tələbləri gözləməyi təbii və zəruri qanunlardandır.
Xüsusi (fərdi) gücü olmayan nitq də ümumi (ictimai) tələbləri gözləməyən nitq qədər mədəni nitq hesab edilmir.
Dostları ilə paylaş: |