13. Elektrik maşınlarının nasazlıqlarının diaqnoz nəzarət üsulları Elektrik maşınlarında baş verən nasazlıqların diaqnostikası son 30 ildə çox böyük tədqiqat obyektinə çevrilmişdir. Bu gün xidmət və istehsalat xərclərinin azaldılmasının səbəbi qəza dayanmalarının qarşısının alınmasıdır. Yalnız dəqiq diaqnostika metodlarından istifadə etməklə yarana bilən zədələri daha erkən müəyyənləşdirmək və elektrik avadanlıqlarının qəza dayanmalarının müddətini azaltmaq olar. Sənaye əhəmiyyətli elektrik maşınlarında müxtəlif tipli xəta və qəzalar müşahidə edilir. Bunlara aşağıdakılar daxildir: 1) Statorda baş verən zədələr.Bunlara stator dövrəsinin fazalardan birinin və ya bir neçəsinin açıq yük qoşulması nəticəsində stator dövrəsində balansın pozulmasını misal çəkmək olar. 2) Rotorda baş verən zədələr. Bunlara rotor dövrəsinin bir və ya bir neçə fazaların açıq olduqda qısa qapanmış və ya fazaları qeyri-bərabər yüklənmiş faz rotorlu induksiya motorlarında valı sınmış və ya rotor dolağı zədələnmiş “dələ qəfəsli” induksiya maşınlarını misal çəkmək olar. 3) Rotorda baş verən mexaniki xətalar.Bunlara qoruyucu yastıqların zədələnməsi və rotor valının əyilməsi nəticəsində baş verən qəzaları misal çəkmək olar. 4) Elektrik maşınlarının idarəetmə sisteminin elektronika komponentlərində baş verən qəzalar. Elektrik maşınlarının diaqnostikası ilk olaraq daha asan əldə edilə bilən elektrik və mexaniki parametrlərin ölçülməsi ilə həyata keçirilir. Bu parametrlərə gərginlik, cərəyan, xarici maqnit sahəsi, surət və vibrasiya ilə əlaqədar olan parametrlər aiddir. Bəzi hallarda rotor və stator arasında olan hava aralığı moment, akustik səs, temperatur və digər parametrlərin də diaqnostikasına ehtiyac duyula bilər. Elektrik maşınlarında baş verən əsas nasazlıqlar və onların diaqnostika metodları aşağıdakılardır: 1) Statorun nüvəsində baş verən nasazlıqların diaqnostikası; 2) Statorun dolaqlarında baş verən nasazlıqların diaqnostikası; 3) Statorun dolağının izolyasiyasının diaqnostikası; 4) Rotor və stator arasında ekssentrsitetin pozulmasının diaqnostikası; 5) Rotorda baş verən nasazlıqların diaqnostikası; 6) Gövdə yastıqlarının və dayaq hissələrinin diaqnostikası; 7) Maqnit induksiya xətlərinin analizi vasitəsilə nasazlıqların diaqnostikası. Diaqnostika sistemlərinin qiymətlərinin yüksək olduğunu nəzərə alaraq onların tətbiqi əsasən böyük həcmli, sıradan çıxdıqda böyük iqtisadi itkilərə gətirib çıxara biləcək sənaye əhəmiyyətli elektrik maşınlarının diaqnostikası üçün məqsədyönlü hesab edilir.