4.Torpaq əmələgətirən amillər (İqlim, bitki və heyvanat aləmi, torpaqəmələgətirən suxurların, relyefin torpaq əmələ gətirmə prosesində rolu).
Torpaqəmələgətirən amillər haqqında təlimin əsasları V.V.Dokuçayev tərəfindən qoyulmuşdur. V.V.Dokuçayev müəyyən etmişdir ki, xüsusi təbiət cismi kimi torpaq aşağıdakı amillərin – iqlim, bitki və heyvanat aləmi, torpaqəmələgətirən süxurlar, relyef və ərazinin yaşı (zaman) amilinin sıx qarşılıqlı təsiri nəticəsində formalaşır.
Torpaq proseslərinin dərk edilməsində temperatur şəraitini və nəmliyi səciyyələndirən iqlim göstəricilərinin əhəmiyyəti böyükdür. Belə ki, torpağın su-temperatur rejimi və bioloji proseslər bu göstəricilərlə sıx bağlıdır. İqlim göstəricilərinə ilk növbədə torpaqda proseslərin daha fəal getdiyi vegetasiya dövrünün aqroiqlim göstəriciləri aid edilməlidir. Vegetasiya dövründən sonra da torpaqda proseslər tam kəsilmədiyi üçün orta illik iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız, qış) göstəricilər də müəyyən əhəmiyyətə malikdir. Bioloji və torpaq prosesləri üçün əsas enerji mənbəyi günəş radiasiyası, əsas nəmlik mənbəyi isə atmosfer yağıntılarıdır. Günəş radiasiyası yerin səthi tərəfindən udulur, sonra isə tədricən şüalanaraq atmosferi qızdırır. Su torpağa daxil olaraq bitkilər tərəfindən məniumsənilir və atmosferə transpirasiya və fiziki buxarlanma vasitəsilə qayıdır. Beləliklə, torpaqla atmosfer arasında daimi istilik və nəmlik mübadiləsi təşəkkül tapır.
Torpağın formalaşmasında və torpaq örtüyünün inkişafında relyefin əhəmiyyəti böyükdür. Relyef yamacların baxarlığından və meylliyindən asılı olaraq günəş radiasiyasının və yağıntıların paylanmasının əsas amili kimi çıxış edir və torpağın su, istilik, qida, oksidləşmə-reduksiya və duz rejimlərinə təsir göstərir. Dağlarda yüksəklikdən asılı olaraq temperaturun aşağı düşməsi və nəmliyin dəyişməsi səbəbindən iqlim, bitki və torpaqların şaquli zonallığı yaranır.
Dostları ilə paylaş: |