Humuslaşmanın kinetik nəzəriyyəsi. D.S.Orlovanın nəzərincə, torpaqda humusəmələgəlmənin iki paralel istiqaməti, həm kondensasiya, həm də biokimyəvi oksidləşmə eyni zamanda baş verə bilər. Bu zaman yüksək bioloji fəallığın müşahidə edildiyi qaratorpaqlarda ilkin üzvi qalıqların dərindən parçalandığı kondensasiya yolu üstünlük təşkil edir. Bioloji fəallığın aşağı olduğu çimli-podzollu torpaqlarda üzvi qalıqların dərindən parçalanması müşahidə edilmir. Liqninin, zülalların, polisaxaridlərin, piqmentlərin iri fraqmentləri karboksilləşmə və demetoksilləşmə vasitəsilə tədricən humus maddələrinə transformasiya olunur. Müasir şəraitdə torpaqların kənd təsərrüfatında istifadəsi təşəkkül tapmış təbii müvazinətin pozulmasına gətirib çıxarır ki, bu da torpaqda humusun və onun ayrı-ayrı hissələrinin dəyişikliyinə səbəb olur.