Torpaq strukturunun aqronomik əhəmiyyəti.
Strukturun keyfiyyətcǝ qiymətləndirilməsi onun ölçüləri, məsaməliyi, mexaniki davamlılığı və suyadavamlılığı ilə müəyyən edilir. Ölçüləri 0,25-10 mm arasında dəyişən, yüksək məsaməliyə (> 45%), mexaniki davamlığa və suyadavamlılığa malik makroaqreqatlar aqronomik baxımdan daha yüksək qiymətləndirilir. Tərkibində ölçüləri 0,25-10 mm arasında dəyişən aqreqatların miqdari 55%-dən yüksək olan torpaqlar strukturlu hesab olunur.
Strukturun mexaniki təsirə davamlığı (rabitəliyi) və nəmlikdən dağılmamaq qabiliyyəti (suyadavamlılığı) torpağın dəfələrlə becərilməsi və nəmlənməsi şəraitində əlverişli halda saxlanmasını müəyyən edir. Bu keyfiyyətlər olmayanda becərilmədən və ya yağış və suvarmanın təsirindən struktur elementlər sürətlə parçalanır və torpaq struktursuz olur. Bu cür torpaq nəm halında əriyib axır, quruyanda isə qaysaq əmələ gətirir.
Nəzərə almaq lazımdır ki, hər cür suyadavamlı struktur aqronomik baxımdan dəyərli hesab olunmur. Suyadavamlı aqreqatların yumşaq yığılmasının, məsaməli olmasının və suyu asanlıqla mənimsəməsinin də əhəmiyyəti böyükdür. Suyadavamlı aqreqatların bu cür strukturunda kök saçaqları və mikroorqanizmlər asanlıqla daxil olaraq bioloji və mikrobioloji fəaliyyəti təmin edirlər. Suyadavamlı aqreqatların sıx yığılması məsaməliyin aşağı düşməsinə (30-40%) gətirib çıxarır, kökcüklərin və mikroorqanizmlərin məsamələrə daxil olması imkanlarını aşağı salır. Bu cür strukturda məsamələrə suyun daxil olması da məhdudlaşmışdır. Bu cür struktur aqronomik baxımdan qiymətli hesab olunmur.
Aqronomik baxımdan strukturun dəyəri ondan ibarətdir ki, o, torpağın aşağıdakı xassə və rejimlərinə müsbət təsir göstərir: fiziki xassələrinə - məsaməliyə, sıxlığa; su, hava, istilik, oksidləşmə-reduksiya, mikrobioloji və qida rejimlərinə; fiziki-mexaniki xassələrə - rabitəliyə, becərilmə zamanı torpağın xüsusi müqavimətinə, qaysaq əmələgəlməyə; torpağın eroziyaya qarşı davamlığına.
Struktursuz torpaqlarda mexaniki elementlər sıx yerləşdiyindən əsasən kapilyar məsamələr əmələ gətirirlər. Strukturlu və struktursuz torpaqların quruluşunda və məsaməliyindəki bu xüsusiyyətlər torpağın su-hava və qida rejimlərinə böyük təsir göstərirlər.
Struktur torpaqlar qeyri-kapilyar məsamələr sayəsində suyu özünə yaxşı hopdururlar. Bu su hərəkət etdikcə kəsəklər tərəfindən sorulur və kəsəklərarası boşluqlar hava ilə dolur Qeyri-kapilyar məsamələrin olması isə torpaq səthindən buxarlamanın qarşısını alır. Bununla da, struktur torpaqlarda bitkinin su və hava ilə təminatında eyni vaxtda əlverişli şərait yaranır. Bu cür torpaqlarda ən az su tutumu şəraitində belə yaxşı hava mübadiləsi saxlanıldığından oksidləşmə prosesləri hakimdir.
Struktursuz torpaqlarda su tədricən udulur, onun bir hissəsi səth axınları vasitəsilə itkiyə sərf olunur. Torpaq profilinin başdan-başa kapilyarlarla örtülməsi nəmliyin buxarlanma səbəbindən böyük itkisinə gətirib çıxarır. Bu cür torpaqlarda tez-tez nəmlənmənin iki kəskin həddi - izafi nəmlik və nəmlik qıtlığı müşahidə edilir. İzafi nəmlik zamanı boşluqlar su ilə dolduğundan hava kənarlaşdırılmış olur. Nəmliyin çatışmadığı şəraitdə struktursuz torpaqda kifayət qədər hava olsa da, bitki su qıtlığından əziyyət çəkir.
Struktursuz torpaqların çox sıx quruluşu və yüksək rabitəliyi torpağın becərilmə zamanı xüsusi müqavimətini artırır və bitkilərin kök sisteminin inkişafına mane olur.
Struktur elementlərin optimal ölçüləri torpağın zonal xüsusiyyətləri və əkinçilik şəraiti ilə əlaqədardır. Belə ki, rütubətli zonalarda iri makroaqreqatlar torpağın yaxşı su və hava keçiriciliyini təmin edir. Quru zonalarda buxarlanmanın zəiflədilməsi daha çox əhəmiyyətlidir. Ona görə də burada kiçik ölçülü aqreqatlar çox əlverişli hesab olunur.
Dostları ilə paylaş: |