Allüvial bataqlıq torpaqlar uzun müddətli daşqın və sabit atmosfer-qrunt suları şəraitində formalaşır. Bu torpaqlar üçün üzvi maddələrin torf və ya lilli-çürüntü kütləsi şəklində toplanması, həmçinin qleyləşmə və maddələrin hidrogen akkumulyasiyası səciyyəvidir.
Subasar torpaqların potensial münbitliyi məcraqırağı hissədən mərkəzi hissəyə və terraslara doğru dəyişir. Allüvial torpaqlar içərisində bataqlaşmamış və şorlaşmamış dənəvər subasar torpaqlar ən yaxşı torpaqlar hesab olunur. Bu torpaqların humus qatı qalın, tərkibində üzvi maddələrin və qida maddələrinin miqdarı çoxdur.
Dənəvər subasar torpaqlar şumlanarkən mikrobioloji fəallıq kəskin şəkildə yüksəlir, azot və fosforun mütəhərrik formaları artır. Dənəvər subasar torpaqların yüksək münbitliyi və suvarma imkanları bir sıra kənd təsərrüfatı bitkilərini yetişdirməyə imkan verir.
Azhumuslu qumlu və qumsal subasar torpaqlar aşağı təbii münbitlik xassəsinə malikdir və bu torpaqlardan bir qayda olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunmur.
Bataqlıq və bataqlaşmış subasar torpaqlar əsaslı meliorativ tədbirlərin həyata keçirilməsini tələb edir. Bu torpaqlar qurudulduqdan sonra tərəvəz, silos və bir sıra başqa dəyərli kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün yüksək məhsuldar torpaqlara çevrilir.
Dostları ilə paylaş: |