Torpaqəmələgətirən süxurlar. Rütubətli subtropiklərdə daha geniş yayılmış torpaqəmələgətirən süxurlar püskürmə (vulkanik) mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-gilli şistlər və s. Daha aşağı ərazilərdə torpaqəmələgətirən süxurlar kimi allüvial və delüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlar çıxış edir. İsti və rütubətli iqlim şəraitində dağ süxurları intensiv aşınmaya məruz qalır və bu aşınma prosesi dərin qatları əhatə edir. Qırmızı torpaqlar qalın (10-12 m) qırmızı rəngli aşınma qatı üzərində, sarı torpaqlar isə bir qədər az qalınlıqlı turş gilli şistli süxurlar üzərində formalaşırlar. Sarı torpaqlar üçün qırmızı torpaqlardan fərqli olaraq silisiumun, əsasların bir qədər çox olması, dəmir və alüminiumun azlığı səciyyəvidir.
Bitki örtüyü. Yağıntıların və istiliyin çoxluğu təbii və mədəni bitkilərin tez böyüməsinə və inkişafına kömək edir. Ağac bitkiləri Kolxida (Gürcüstan) və Hirkan (Azərbaycan) tipli meşələrdən ibarətdir. Meşələr palıd, vələs, fıstıq, şabalıd, dəmirağacı və başqa enliyarpaq ağac və kol bitkilərindən, o cümlədən ağacları əhatələyən lianlardan ibarətdir. Ağacların altında bəzən ayıdöşəyi kolları xüsusi yarus əmələ gətirir.