Tərkibi və xassələri. Qranulometrik və mineraloji tərkibi. Boz-qonur torpaqlar litoloji tərkibinə görə olduqca müxtəlif torpaqəmələgətirən süxurlar üzərində formalaşmışdır. Ona görə də boz-qonur torpaqların içərisində qumlu torpaqlardan tutmuş gillicələrə kimi hər cür qranulometrik tərkibli torpaqlara rast gəlmək mümkündür. Lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır.
49. Quru subtropiklərin boz torpaqları
Boz torpaqlar əsasən Mərkəzi Asiya və Azərbaycanın dağətəyi və dağətəyi düzənlik ərazilərin subtropik yarımsəhralarında yayılmışdır. Bu regionlarda boz torpaqların çəmən-boz və çəmən torpaqlarla birgə ümumi sahəsi 32 mln.ha təşkil edir.
İqlimi. Zonanın iqlimi kontinental, quru və istidir. Mülayim isti qışı ilə səciyyələnir. Yanvarın orta temperaturu +2-dən -5⁰C arasında, iyulun temperaturu isə 26-30⁰C arasında tərəddüd edir. Ərazinin mütləq yüksəkliyi artdıqca yağıntıların miqdarı artır və istiliklə təmin olunması azalır. Ən az yağıntılar (100-250 mm) dağətəyi düzənliklərə, ən çox yağıntılar (450-600 mm) isə tünd boz torpaqların yayıldığı alçaq dağlıq ərazilərə düşür. Yağıntıların əsas hissəsi qış və yazda düşür, yayda yağıntılar demək olar ki, olmur. Buxarlanma 1000-1350 mm, rütubətlənmə əmsalı 0,12-0,33 arasında dəyişir.İstiliklə təmin olunmasına görə zona uzun vegetasiya dövrü olan birillik subtropik bitkilər qurşağına, nəmliklə təmin olunmasına görə isə çox quru və quru zonaya aid edilir.