48. Boz-qonur torpaqları
Səhra zonası yarımsəhra zonasından cənubda yerləşmişdir. O, Qazaxıstan və Mərkəzi Asiyanın olduqca böyük ərazilərini əhatə edir. Ümumilikdə bu regionlarda onun sahəsi 130 mln.ha təşkil edir. Səhra zonasında zonal torpaq tipləri, boz-qonur, takırlar, takırabənzər və səhra qumlu torpaqlardır. Qeyd edilən torpaqların ümumi sahəsi (səhra qumlu torpaqları çıxmaqla) təqribən 65 mln.ha təşkil edir.
Genezisi. Boz-qonur torpaqlar uzun illər boz torpaqlar daxilində yarımtip kimi ayırmışlar. Lakin sonralar İ.P.Gerasimov boz-qonur torpaqların sərbəst torpaq tipi kimi ayrılmasını təklif etmişdir. Boz-qonur torpaqların quruluşu və xassələri kəskin quraq iqlim və kserofit-efemer bitki örtüyü şəraitində inkişaf edən torpaqəmələgəlmənin xüsusiyyətləri ilə müəyyən edilir. Bu cür şəraitdə torpaqəmələgəlmə prosesi humusəmələgəlmənin qırıqlığı və qısa müddətliyi ilə seçilir. Qısa yaz dövründə intensiv formada bitki örtüyü inkişaf edir və eyni zamanda mikroflora və faunasının bioloji fəallığı güclənir. Bitki qalıqları bir mövsüm ərzində tamamilə minerallaşır. Ona görə də burada humus çox az miqdarda yaranır. Çox isti və quru yay dövründə torpaqda bioloji proseslər sönür.
Təsnifatı. Boz-qonur torpaqlar tipi 3 yarımtipə bölünür:boz-qonur səhra çox isti donan (Manqışlaq, Mərkəzi Ustyurd, Qızılqumun və Betpak-Dalanın şimal hissəsi və s.); boz-qonur səhra subtropik qısa müddətə donan (Manqışlaq, Ustyurd və Qızılqumun cənub hissəsi, Krasnovodsk yarımadası, Fərqanə vadisinin dağətəyi düzənliyi); boz-qonur səhra subtropik çox isti donmayan (Qaraqum, Kopet-Dağın dağətəyi düzənliyi və s.); Boz-qonur torpaqların yarımtiplərə ayrılmasının əsasında onların inkişafının termik şəraiti durur. Boz-qonur torpaqlar daxilində aşağıdakı cinslər ayrılır: Boz-qonur adi şoranlaşmış torpaqlarda asan həll olan duzlar 30 sm dərinlikdə yerləşmişdir. Səthi çatlı olub qaysağı bərk deyildir. Səciyyəvi bitki örtüyü ağ yovşandır. Boz-qonur şoranlı torpaqların tərkibində asan həll olan duzlar (0,3%) səthdə toplanmışdır. Səciyyəvi bitki örtüyü şorangənin müxtəlif növləridir; Boz-qonur gipsli torpaqların profilində 50-70 sm dərinlikdə gips qatı yerləşmişdir. Boz-qonur şoranvari gipsli torpaqlar horizontda böyük miqdarda gipsin olması ilə səciyyələnir; Boz-qonur takırlı-şorakətvari torpaqlar daha bərk qaysağı ilə və yüksək qələviliyi ilə seçilir. Boz-qonur torpaqların yayıldığı ərazilərdə kiçik sahələrdə çəmən-səhra –boz-qonur torpaqlar yayılmışdır.
Dostları ilə paylaş: |