Kənd təsərrüfatında istifadə. Solodlar aşağı təbii münbitliyə malikdirlər. Solodlaşmış horizontlarda az miqdarda üzvi və qida maddələri vardır. Ona görə də solodların münbitliyini artırmaqdan ötrü onlara böyük dozada üzvi və mineral gübrələr verilməlidir. Bir çox solodların üst horizontları turş reaksiyaya malikdir. Onların bu xassəsini yaxşılaşdırmaqdan ötrü əhəngləşdirilməsi tələb olunur. . Solodlaşmış horizontun tozluluğu və struktursuzluğu aerasiyanı çətinləşdirən qaysağın əmələ gəlməsinə səbəb olmuş və bununla da solodların izafi nəmlik vəziyyətini ağırlaşdırmışdır. Solodların su-fiziki xassələrini yaxşılaşdırmaqdan ötrü istifadə edilən aqrotexniki qayda onların dərindən yumşaldılması və tərkibinin üzvi maddələrlə zənginləşdirilməsidir. Solodların kənd təsərrüfatında istifadəsini məhdudlaşdıran ən böyük amil onların relyefdəki vəziyyətidir. Bu torpaqlar relyefin çökək yerlərində yerləşdiyindən ətraf torpaqlardan izafi nəmliyi ilə seçilir. Bu da onlarda kənd təsərrüfatı işlərini vaxtında həyata keçirilməsinə mane olur. Ona görə də solodlardan əksər hallarda yalnız meşəqoruyucu zolaqların salınmasından ötrü istifadə edilir.