Relyef və torpaqəmələgətirən süxurlar. Zona ərazisinin xeyli hissəsi düzənlik və ya düzən-dalğavari relyefə malikdir. Burada müxtəlif ölçülü, konfiqurasiyalı, dərinlikli depressiyalar (çökəkliklər, dərələr və s.) yayılmışdır. Şabalıdı torpaqlar əsasən lösabənzər karbonatlı gillicələr, nadir hallarda lös üzərində formalaşmışdır. Qara dəniz sahili düzənlikdə və Stavropol yaylasında şabalıdı torpaqlar əsasən ağır lösabənzər gillicələr üzərində yayılmışdır. Xəzərsahili ovalıqda şabalıdı torpaqların torpaqəmələgətirən süxurları kimi sarı-qonur karbonatlı, bəzən də şorlaşmış gillicələr çıxış edir. Tuqay yüksəkliyi hüdudlarında üçüncü dövrün çöküntülərinə qarışmış karbonatlı ağır gillicələr və gillər yayılmışdır. Qərbi Sibir düzənliyinin cənub hissəsində torpaqəmələgətiən süxur kimi qədim alüvial çöküntülər çıxış edir. Cənubi Zabaykalyedə şabalıdı torpaqlar dağlararası çökəkliklərdə yüngül prolüvial-delüvial çöküntülər üzərində formalaşmışdır.
Bitki örtüyü. Quru bozqırlar zonasının bitki örtüyü yekcins deyildir. Onun üçün alçaq boyluluq, komplekslilik və seyrəklilik səciyyəvidir. Bitkilərin layihə örtüyü 50-70 %-dən çox deyildir. Cənuba doğru bitki örütyünün rəngarəngliyi artır. Tünd şabalıdı torpaqlar yarımzonasında bitki örtüyü şiyav-dovşantopalı bozqırları ilə təmsil olunmuşdur. Bura şiyav, dovşantopalı, nazikbaldır və otmüxtəliflikləri daxildir; şabalıdı torpaqlar yarımzonasında yovşanşiyav və yovşan-şiyav-dovşantopalı bozqırları; açıq-şabalıdı torpaqlar yarımzonasında dovşantopalı-yovşan və yovşan-dovşantopalı və xeyli efir və efemerid qrıışıqları yayılmışdır. Burada kol bitkilərinin də xüsusi yeri vardır. Kol bitkilərindən qaraqan və tavolqa daha geniş yayılmışdır. Ağac bitkilərindən çay vadilərində və yarğanların qıraqlarında palıd, titrək qovaq, tatar ağcaqayını, bozqır albalısı geniş yayılmışdır. Qazaxıstan xırdatəpəliyində qranit süxurların səthə çıxdığı yerlərdə şam ağacları bitmişdi