51. Dağ vilayətlərinin torpaqları
Yer kürəsinin quru hissəsinin böyük sahələri dağlıq ölkələrin payına düşür. Rusiya, Ukrayna, Mərzəsi Asiya, Baltikyanı ölkələr, Cənubi Qafqaz Respublikaları, Moldova və Belarusun ümumi sahəsinin 28,8%-i dağlıq ərazilərin payına düşür. Bu da həmin ərazilərdə iri dağ sistemlərinin – Karpat, Krım, Qafqaz, Ural, Şərqi və Cənubi Sibir dağlarının olması ilə əlaqədardır.
Dağlıq ərazilərdə dağların yaranması və paylanması V.V.Dokuçayevin müəyyən etdiyi şaquli zonallıq qanununa tabedir. Şaquli zonallıq qanunu ərazinin hündürlüyündən asılı olaraq iqlimin və bitki örtüyünün dəyişməsi ilə əlaqədardır, torpaqların bir-birini əvəz etməsinə əsaslanır. Dağ vilayətlərinin iqlimi düzən ərazilərlə müqayisədə illik temperaturun bir qədər aşağı olması, yağıntıların çoxluğu, havanın nəmliyinin yüksək olması və günəş radiasiyasının çoxluğu ilə səciyyələnir. Müəyyən olunub ki, hər 100 m yüksəklikdə havanın orta temperaturu 0,6°C aşağı düşür. Eyni zamanda yağıntıların miqdarı da artır.
Dağlıq ölkələrin relyefi mürəkkəbdir. Dağlıq ölkələrdə torpaq örtüyünün xüsusiyyətləri solyar (günəş) və külək yamaclarından çox asılıdır. Cənuba baxan yamaclar şimalla müqayisədə isti və quru olur. Dağlıq rayonlarda torpaqəmələgətirən süxurlar yaşına, tərkibinə və mənşəyinə görə olduqca rəngarəngdir. Üçüncü və təbaşir dövrünün çöküntüləri, həmçinin maqmatik mənşəli süxurlar geniş yayılmışdır.
Dağ-yamac torpaqları, meylliyi 100-dən yuxarı olan yamaclarda formalaşır; dağlıq-düzən torpaqları, dağlıq ərazilərdə nisbətən hamarlanmış, meylliyi 100-dən yuxarı olmayan sahələrdə formalaşmışdır və qismən kənd təsərrüfatında istifadə edilir; dağarası-düzənlik və dağ-vadi torpaqları düzənlik və meylliyi 4-50 yuxarı olmayan yamaclarda inkişaf etmişdir.
Qurşaqlığın aşağıdakı siniflərini fərqləndirirlər: qütb, boreal, subboreal və subtropik. Qurşaqlığın qütb sinfində dağ tundra torpaqları hakimdir. Boreal sinfin tayqa zonasında iki qurşaq – dağpodzol və dağ-tundra ayrılır. Boreal qurşağın bozqır və meşə-bozqır zonalarında dağ-şabalıdı, dağ qaratorpaq və boz dağ-meşə torpaqları formalaşmışdır. Bu qurşaqda dağ-qonur- meşə və dağ-çəmən torpaqları da yayılmışdır. Subboreal sinifdə dağ-çəmən torpaqları üstünlük təşkil edir, dağ-tundra torpaqlarına nadir hallarda təsadüf olunur. Bu sinfin meşə qurşağında aparıcı yer qonur meşə və dağ-podzol torpaqlara məxsusdur. Subtropik sinif qurşaqlığının quru subtropiklər zonası dağ boz və ya qəhvəyi torpaqlar, aşağı qurşağın rütubətli subtropiklər zonası isə qırmızı və sarı torpaqlarla təmsil olunmuşdur.
Xəzər dənizi tərəfdən yarımsəhra zonasının boz torpaqlarını dağ şabalıdı və qara torpaqları əvəz edir. Dəniz səviyyəsindən 300 m hündürlükdə dağ-meşə qurşağı başlayır. Dəniz səviyyəsindən 300-800 m hündürlükdə enliyarpaq meşələr və onların altında boz meşə torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 800-1200 m hündürlükdə fıstıq meşələri altında qonur dağ-meşə torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 1200-1800 m yüksəklikdə iynəyarpaq meşələr və onların altında podzol torpaqlar formalaşmışdır. Yüksək dağlığın 1800-2800 m yüksəkliyində subalp qurşağı, 2800-3500 m yüksəklikdə isə dağ-çəmən torpaqlardan ibarət alp çəmənləri qurşağı yayılmışdır. Dəniz səviyyəsindən 3500 m yüksəklikdə əbədi qar və buzlaqlar qurşağı yerləşmişdir.
Qara dəniz tərəfdən şaquli qurşaqlıq rütubətli subtropik meşələr altında formalaşmış qırmızı və sarı torpaqlar zonası ilə başlayır. Yüksəklikdən asılı olaraq onu qonur meşə torpaqları əvəz edir. Şərqi Karpatın dağ rayonlarında enliyarpaq meşələr altında qonur dağ meşə torpaqları formalaşmışdır. Bir qədər hündürlükdə iynəyarpaqlı meşələr altında dağ-podzol torpaqlar yayılmışdır. Meşə qurşağından yuxarıda (1800-2000 m) ayrı-ayrı massivlər şəklində dağ-çəmən torpaqları formalaşmışdır.
Krımın şimal yamaclarında meşə-bozqır qurşağında dağ qara torpaqlar inkişaf etmişdir. Meşə qurşağında fıstıq meşələri altında qonur dağ meşələri yayılmışdır və 1100-1300 m hündürlükdə onları çəmən bitkiləri altında dağ-çəmən torpaqları əvəz edir. Dağların ən hündür hissəsində dağ-çəmən torpaqları formalaşmışdır. Orta qurşaqda (300-1100-1300 m) dağlıq Krımın əsas sahəsini tutan enliyarpaq meşələr altında qonur dağ-meşə torpaqları hakimdir. Aşağı qurşaq kserofit flora ilə təmsil olunmuşdur. Burada qonur dağ-meşə torpaqları ilə yanaşı qəhvəyi və qırmızımtıl torpaqlar formalaşmışdır.
Ural dağlarının şimal hissəsi dağ-tundra torpaqlarının üstünlük təşkil etdiyi tundra zonasında yerləşmişdir. Dağların yamacında meşə bitkiləri altında podzol-qleyli torpaqlar formalaşmışdır. Ural dağlarının orta hissəsində tundra torpaqları ən yüksək meşəsiz sahələri tutur. Orta Uralın qalan hissələrində iynəyarpaq meşələr altında dağ podzol və podzollaşmamış turş torpaqlar formalaşmışdır.
Mərkəzi Asiyanın dağlararası çökəkliklərində boz torpaqlar, dağ şabalıdı, dağ boz-qonur səhra daşlı torpaqlar və dağ qara torpaqlar və onlarla birgə çəmən-şabalıdı və çəmən-qaratorpaqlar formalaşmışdır. Yüksək dağlığın dağüstü yaylalarında takırabənzər səhra torpaqları, qonur yarımsəhra torpaqları və quru bozqırların şabalıdı torpaqları inkişaf etmişdir. Çəmən-meşə qurşağı daxilində dağ qara torpaqlar, qara-qonur torpaqlar və dağ-meşə torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 2800-3500 m yüksəklikdə subalp qurşağının çəmən-bozqır, çəmən və torflu-çəmən torpaqları formalaşmışdır.
Otlaq sahələrinin böyük hissəsi dağ-tundra, dağ-çəmən və dağ-bozqır zonalarında yerləşmişdir. Alp çəmənləri yaxşı yay otlaqları rolunda çıxış edir. Ən az mənimsənilmiş dağ-podzol torpaqlardır. Onların yalnız 3% ərazisi otlaq, biçənək və əkin altında istifadə olunur. Zonanın qalan hissəsi meşələrlə örtülüdür. Əkinçilikdə dağ-qonur-meşə, dağ qəhvəyi, dağ qara və dağ şabalıdı torpaqlar daha intensiv istifadə edilir. Mərkəzi Asiyanın dağ yarımsəhra və səhra zonalarında dəmyə əkinçiliyi ilə yanaşı, suvarma əkinçiliyi də yaxşı inkişaf etmişdir. Bu torpaqlarda taxıl, tərəvəz, pambıq və başqa texniki bitkilər yetişdirilir.
Dostları ilə paylaş: |