23.Almaniyada Noyabr inqilabi və Veymar respublikasının yaranması. 1914-1918-ci illəri əhatə edən Birinci dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya 1915-ci ildə Rusiyani müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi.
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. 1918-ci il avqustun 8-də Almaniya qoşunları qəti məğlubiyyətə uğradılar və bu, Almaniyanın tarixinə «qara gün» kimi daxil oldu. Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə izləyən Almaniya hökuməti 1918-ci ilin oktyabrın 5-da ABŞ prezidenti Vudro Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif etdi. Hökumət həmçinin yetişən inqilabi böhranın qarşısını almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən olan Karl Libknext həbsxanadan azad edildi.
Lakin hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı. 1918-ci il noyabrın 3-də Kil limanının matrosları dənizə çıxmaqdan imtina etdilər və tətilə başladılar. Onların tətili bütün ölkədə tətil və nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu. Almaniyada inqilabı dörd mərhələyə bölmək olar: noyabrın 3 dən 9-na qədǝr; noyabrın 10-dan dekabrın ortalarınalǝk, dekabrın ortalarından 1919-cu ilin fevralınadək, 1919-cu ilin fevralından may ayına qədər.
Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demokratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək və demokratik respublika qurmaq məqsədini qoymuşdu. Noyabrın 9-da inqilab Berlində qələbə çaldi və monarxiya devrildi. Kral II Vilhelm hakimiyyətdən əl çəkdi. Almaniyada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu. Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrin 10-da təşkil edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial demokrat Ebert başçılıq etməyə başladı. Həmin gün Karl Lipqnext Almaniyanı sosial respublika elan etdi. Bolşeviklərin qırmızı terrordan istifadə etmələrinin acı təcrübəsini müşahidə edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə imkan vermədilər. Ona görə də Almaniyada Noyabr inqilabı “məxməri inqilab”adlandı. Birinci dünya müharibəsi Almaniyaya çox böyük zərər vurdu. Almaniyanın dirçəlməsi üçün xeyli vaxt lazım idi.
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi sürətləndi. Bu partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi.
1918-ci ilin dekabrın 30-da Almaniya kommunist partiyası təşkil edildi. Onun ən görkəmli liderləri K.Libqnext və R.Lüksemburq idi.
1918-ci ilin sonunda burjua partiyalarında da yenidən təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Almaniyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq partiyası idi. Bu partiya iri mülkədarları və qolçomaqları, bir sıra inhisarçıları, yüksək rütbəli məmurların maraqlarını müdafiə edirdi.
İkinci partiya isə ağır sənaye inhisarçılarını və maliyyə oliqarxiyası quruplarını təmsil edən Alman xalq partiyası idi.
Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika və kimya sənayesi inhisarlarının sahiblərini, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya demokrat partiyası idi. Onlar ölkədə respublika idarə formasının tərəfdarları idi.
Bismarkın dövründə təşkil edilmiş Katolik Mərkəz partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını müdafiə edirdi. Onlar katoliklərin əksəriyyət təşkil etdiyi rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya malik idilər.
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin dekabrın 16-dan və 21-nə qədər keçirilmiş Ümumalman sovetlər qurultayında Almaniyada sovet respublikasının qurulmasına yol vermədilər. Qurultayin qərarı ilə razı olmayan sosial-demokratların sol qanadı 1919-cu il yanvarın 5-da hakimiyyəti ələ almaq üçün Berlində üsyan təşkil etsə də, Ebert hökuməti tərəfindən bu üsyan yatırıldı. Karl Lipqnext isə 1919 cu ilin yanvar ayının 15-də öldürüldü.
1919-cu ilin yanvarin 19-da Müəssisələr məclisinə keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial demokratlar 45,5% səs aldılar. Berlində xalq həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki, Müəssislər məclisini Trungiyanın paytaxtı Veymarda keçirsin. 1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il mayın 4-də daxili işlər naziri Noskenin (Onu «inqilabın qanlı köpəyi» adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri Bavariyaya daxil oldular və sovet qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada sonu demək idi.
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda Almaniya respublikasının konstitusiyası qəbul edildi və avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Seçib-seçilmək hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il müddətinə seçilirdi.
Konstitusiya prezidentə xüsusi səlahiyyətlər verirdi. Prezident parlamenti buraxa bilər və ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə - torpaqlara bölünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hüququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanunverici orqanı isə landtaqlar idi. O zaman Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi mülkiyyəti qorumağa təminat verirdi. Veymar konstitusiyasının tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Almaniyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmlənməsi yolunda mühüm addım oldu.