29. Tanaka planı və Uzaq Şərqda müharibə ocağının yaranması Kapitalizmin qismən sabitləşməsi dövrünün sonunda kapitalist dövlətləri daxilində başlıca ziddiyyətlər ABŞ ilə İngiltərə arasındakı ziddiyyətlər idi. İngilis-amerikan ziddiyyətləri ilə yanaşı ABŞ ilə Yaponiya, Fransa ilə Almaniya, Fransa ilə İtaliya arasındakı ziddiyyətlər də inkişaf edirdi. Cənub-Şərqi Asiyada və Sakit Okeanda hökmranlıq uğrunda yapon-amerikan mübarizəsi bu dövrdə ən kəskin şəkil almışdı. Yaponiyanın «pozitiv», yəni açıq hücumçu siyasəti 1927-ci ildə yapon hərbçilərinin başçısı general Tanaka tərəfindən müəyyənləşdirilmişdi. Bu planda SSRİ-nin bütün Asiya hissəsinin və Çinin işğalı ən mühüm yer tuturdu. ABŞ əleyhinə amansız mübarizə bu təcavüzkar siyasətin bir hissəsini təşkil edirdi. ABŞ isə Çini «birləşdirmək» şüarından öz xeyri üçün istifadə edərək burada öz iqtisadi və siyasi mövqelərini xeyli genişləndirdiyi üçün Tanaka planı onu narahat edirdi. Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrin nümayəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imzalanmış Brian-Kelloq (Brian Fransanın xarici işlər naziri, Kelloq isə ABŞ-ın dövlət katibi idi) paktının da müəyyən rolu olmuşdu. Müxtəlif vaxtlarda bu pakta 48 dövlət, o cümlədən, SSRİ də qoşulmuşdu. Pakta imza atan tərəflər müharibədən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər. XX əsrin 20-ci illərində beynəlxalq münasibətlərdə müəyyən mənada nisbi sakitlik hökm sürürdü. 30-cu illərin başlanğıcında bir tərəfdən Almaniya, İtaliya, Yaponiya, digər tərəfdən isə Böyük Britaniya, Fransa, ABŞ arasında ziddiyyətlər nəzərə çarpacaq dərəcədə kəskinləşdi. Faşist dövlətləri SSRİ-ni məhv etməyə, həmçinin öz imperialist rəqiblərini darmadağın etmək yolu dünyanı yenidən bölüşdürməyə çalışırdılar. Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri faşist təcavüzkarlarını SSRİ üzərinə hücuma təhrik edərək belə hesab edirdilər ki, müharibədə hər iki tərəf qüvvədən düşəcək və müharibədən sonrakı dünyada öz mövqelərini gücləndirəcəklər. Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübarizəyə birinci olaraq Çində və Sakit Okean hövzəsində şəriksiz hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyabrında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancuriyanı işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün təcavüzkara qarşı çıxmadılar. Bundan başqa onlar yapon ordusunun gücü ilə Çin xalqının milli-azadlıq hərəkatını yatırmaq ümidində idilər. Yaponiya bütün Mancuriyanı işğal edərək tutulmuş ərazidə oyuncaq Mançyou Qo dövlətini yaratdı. Yalnız 1933-cü ilin fevralında Millətlər Cəmiyyəti Mancuriyanın işğalını ifşa edən qətnamə qəbul etdi və onun Çinə qaytarılmasını tələb etdi. Buna cavab olaraq 1933-cü ilin martında Yaponiya Millətlər Cəmiyyətindən çıxdı və yeni işğallara hazırlaşmağa başladı. 1937-ci ildə o, Çinə qarşı yenidən müharibəyə başladı. 1939-cu ilin payızında Yaponiya ölkənin cənubundakı Tayvan adasına qədər ərazi daxil olmaqla Çinin sahilboyu torpaqlarının çox hissəsini zəbt etdi. 1938-1939-cu illərdə Xasan gölü və Xalxin-Qol çayı sahilində olan döyüşlərdə yapon qoşunları sovet ordusu tərəfindən ciddi məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra Yaponiya SSRİ-yə hücum etmək planını təxirə salmalı oldu. İkinci müharibə ocağı Avropada yarandı ki, bunun da əsas günahkarları Almaniya və İtaliya idi.