1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


İspaniyada inqilabın üçüncü mərhələsi.Vətəndaş müharibəsi



Yüklə 198,71 Kb.
səhifə30/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
Müasir cavablar [1 - 60]..

İspaniyada inqilabın üçüncü mərhələsi.Vətəndaş müharibəsi
İspaniyadakı 1934-cü il oktyabr hadisələri göstərdi ki, bir tərəfdən faşistpərəst qüvvələr hələ açıq diktaturaya keçə bilməzlər, digər tərəfdən isə faşizmə qarşı bütün xalqın birəşməsi, xalq cəbhəsi təşkil etməsi zəruridir.1934-cü ilin oktaybrın 1-dən 1935-ci ilin sentyabrın 25-dək hökumətə A.Merrus, 1935-ci ilin sentyabrın 25-dən dekabrın 10-dək Çaparieta, 1935-ci ilin dekabrın 10-dan isə respublikaçıların nümayəndəsi Portel Valyadares başçılıq tdilər. Valyadares hökuməti Korteslərin vaxtından qabaq buraxılması və 1936-cı ilin fevralın 16-da yeni parlament seçkiləri keçirilməsi barədə sərəncam verdi.1935-ci il mayın 14-də general F.Franko İspaniya silahlı qüvvələrinin baş qərargah rəisi təyin edildi.1936-cı ilin yanvarın 15-də kommunistlər və sol sosialistlər Xalq cəbhəsi təşkil etdilər. Onun tərkibinə əsas respublika partiyaları daxil oldular.Xalq cəbhəsinin proqramı siyasi məhbuslar üçün amnistiya verilməsini, fəhlələrə qarşı cəza tədbirləri tətbiq edən günahkarların cəzalandırılmasını, demokratik azadlıqların bərpa edilməsini, zəhmətkeşlərin əmək haqqının artırılmasını, kəndlilərə və muzdurlara torpaq payı verilməsini, vergilərin və icarə haqqının azaldılmasını və s.özündə əks etdirirdi. 1936-cı il fevralın 16-da Xalq cəbhəsi kortesə seçkilərdə qələbə qazandı, 474 yerdən 269-nu tutdu. Hökumətə sol respublikaçılar gəldilər. Ona yenidən Manuel Asanya rəhbərlik edirdi. May ayında o, prezident seçildi. Baş nazir isə həmin partiyadan Kasares Kiroqo oldu. Bu qələbə ilə burjua-demokratik inqilabının ikinci mərhələsinə yekun vuruldu və üçüncü mərhələsinin başlanğıcı qoyuldu.

Xalq cəbhəsi hökuməti «qara ikiilliyin» dekretlərini ləğv etdi, siyasi məhbuslara amnistiya verdi və fəhlələrin əmək haqqını artırdı. Torpağın kəndlilərə verilməsi işi də bərpa olundu. Xalq cəbhəsinin qələbəsi və fəaliyyəti sağların açıq parlament yolu ilə hakimiyyətə gəlmək ümüdlərini puç etdi. Lakin hökumət ordunu yenidən təşkil etmək üçün tədbirlər görmədi. Məsul hərbi vəzifələrdə mürtəce generallar qalırdılar, bunlar maliyyə maqnatlarının, torpaq aristokratiyasının və ali rütbəli ruhanilərin geniş yardımından faydalanırdılar. Daxili irtica respublikaya qarşı qəsd hazırladı. O, Hitler Almaniyasının və faşist İtaliyasının köməyi ilə Xalq cəbhəsinin nailiyyətlərini ləğv etmək və ölkədə faşist diktaturası qurmaq istəyirdi.İspaniya respublikasının düşmənləri belə qərara gəldilər ki, respublikanı ancaq vətəndaş müharibəsi yolu ilə yıxmaq olar.


Mussolini və Hitlerdən kömək alan İspaniya faşistləri sürətlə qiyama hazırlaşmağa başladılar. İspaniyada demokratik quruluşun möhkəmlənməsindən qorxan İngiltərə və Fransa da bu məsələyə göz yumurdu. Qiyam İspaniya Mərakeşində iyulun 17-də başlandı, sonrakı gün bütün ölkəyə yayıldı. 32 ay ərzində İspaniya faşizm və dünya kommunizm qüvvələri arasında qanlı döyüş meydanına çevrildi. Millətçilərə (qiyamçılara) Almaniya və İtaliya, respublikaçılara isə SSRİ və dünya kommunist hərəkatının qüvvələri yardım edirdilər. Qiyamın rəhbərləri ildırım sürətli qələbəyə əmin idilər. Özünü itirmiş hökumət hətta təslim olmağa hazır idi. Lakin xalq ümumi inqilabi tətil elan etdi. Hökumət istefa verdi, yeni kabinetə sol respublikaçı Xose Xiral başçılıq etdi. Xalq müharibəsi başlandı. Tezliklə müharibənin mərkəzi Madrid oldu. Faşistlər ancaq ölkənin şimalında və cənub sərhədlərində möhkəmlənə bildilər. Onlar məğlubiyyətə düçar olduqları anda İtaliya və Almaniya köməyə gəldi. Qüvvələr nisbəti qiyamçıların xeyrinə dəyişdi. Şimaldan və cənubdan onlar Madridə hücum etdilər. Faşistlərin tutduğu zonada 1936-cı ilin oktyabrın 1-də Frankonun diktaturası quruldu. O, özünü generalisimus elan etdi. Franko «Biz xalqa məxsus olmaq üçün gəlmişik!» şüarını irəli sürdü. Almaniya, İtaliya və Vatikan İspaniya respublikası ilə diplomatik münasibətləri kəsərək Franko hökumətini tanıdılar. Böyük Britaniya və Fransa İspaniya hadisələrinə «qarışmamaq» deyilən siyasət yeridirdilər. Böyük Britaniyadakı Balduin hökumətinin təzyiqi ilə Fransadakı Leon Blüm hökuməti Avropa dövlətlərinə məsləhət gördü ki, İspaniyanın işinə qarışmamaq və hər iki tərəfə silah göndərməmək haqqında saziş bağlasınlar. Sovet hökuməti bu təklifə o şərtlə razı oldu ki, faşist Almaniyası, İtaliya və Portuqaliya da bu sazişi imzalasın. 1936-cı ilin avqustun 23-də 27 dövlət onu imzalayandan sonra saziş qüvvəyə mindi. Ona nəzarət üçün təşkil edilən Komitə Londonda yerləşirdi. Lakin tezliklə aydın oldu ki, faşist dövlətləri Frankoya kömək edirlər. Onda SSRİ də elan etdi ki, o da İspaniya respublikasına kömək edəcəkdir.


Müharibənin birinci mərhələsində respublikaçıların əsas səyləri döyüş qabiliyyətli xalq ordusunun yaradılmasına və Madridin müdafiəsinin təşkil edilməsinə yönəldilmişdi. Vətəndaş müharibəsi Xalq cəbhəsi üçün Milli-inqilabi, frankoçular üçün mühafizəkar – bərpa xarakteri daşıyırdı.İspaniyada respublika quruluşunu müdafiə etmək məqsədi ilə Parisdə beynəlxalq həmrəylik komitəsi yaradıldı. Dünyanın 54 ölkəsindən olan könüllülər 7 beynəlmiləl briqada yaratdılar.1936-cı ilin sentyabrında İspaniya respublikasında yeni hökumət yarandı, onun da başında İSFP-nın lideri Larqo Kabalyero dururdu. Onun tərkibinə sosialistlər, burjua respublikaçıları, kommunistlər, bir qədər sonra isə anarxo-sindikalistlər daxil oldular. 1936-cı ilin oktyabrında SSRİ onlara kömək göstərdi.


Oktyabrda faşistlər Madridə yaxınlaşıb, onu bütünlüklə mühasirəyə aldılar. Faşist generalı Mola açıq elan etdi ki, paytaxta qarşı 4 cəbhədən və şəhərin özündən (yəni 5 yerdən) hücuma keçmişlər. Bütün bunlara baxmayaraq, onlar Madridi ala bilmədilər. Bunun əsas səbəbi İspaniya əsgərlərinin və əhalisinin şəhəri qəhrəmancasına müdafiə etməsi idi. Bu dövrdə hökumət bir sıra sosial dəyişikliklər həyata keçirdi. Mülkədar torpaqlarının xeyli hissəsi kəndlilərə verildi. Basklar muxtariyyət aldı. Xalq millisi nizami orduya çevrildi. Orduda siyasi komissarlar sistemi yaradıldı və onlar ordu içərisində iş aparırdılar. Madrid uğrunda döyüş respublikanın möhkəmlənməsində mühüm rol oynadı. Xose Antonio Primo de Rivera 1936-cı ilin noyabr ayında respublikaçılar tərəfindən edam edildikdən sonra Franko partiyanın başçısı və ispan faşizminin rəhbəri elan olundu. Yeni falanqa “frankoçu”, ideologiya isə “frankizm” adlanırdı.


Madrid döyüşündən sonra Almaniya və İtaliya açıq müdaxiləyə keçdilər. 1937-1939-cu illər frankoçular üçün dönüş dövrü oldu. Respublikanın daxili vəziyyəti çətinləşdi. Barselona qiyamından (3-9 may 1937-ci il) sonra Larqo Kabolyero istefa verdi. Yeni hökumətə Xuan Neqrin başçılıq etməyə başladı. İspaniya xalqının müharibəsi ikinci mərhələyə daxil oldu. Ordunun möhkəmləndirilməsi üçün tədbirlər görüldü və bir sıra hücum əməliyyatları keçirildi. Xuan Neqrinin gördüyü bir sıra tədbirlər daxili vəziyyəti xeyli yaxşılaşdırdı. Lakin İtaliya və Almaniya hesabına Franko sürətlə silahlanırdı. Nəticədə bir sıra qələbələrə (1937-ci ilin martında Qvadalaxarada, 1938-ci ilin iyulunda Ebro çayı yanındakı əməliyyat) baxmayaraq respublikanın vəziyyəti yenə də ağır idi. Şimalda da vəziyyət mürəkkəbləşdi, burada faşistlər Basklar ölkəsini, sonra isə Asturiyanı tutmağa müvəffəq oldular. 1938-ci ilin aprelində müdaxiləçilər və qiyamçılar respublikanın ərazisini iki hissəyə ayırdılar. İspaniyada müharibənin tamamlayıcı mərhələsi başlandı. 1939-cu ilin əvvəllərində mübarizəni davam etdirmək üçün hələ Xuan Neqrin hökumətinin imkanları var idi. Lakin qüvvələr nisbətində üstünlük düşmənlərin tərəfində idi. İtaliya-Almaniya hərbi donanması respublikanı dənizdən blokadaya almışdı. Fransa İspaniya ilə sərhədi bağlamışdı. 1938-ci ilin dekabrında frankoçular və müdaxiləçilər Katoloniyada böyük hücuma başladılar 1939-cu ilin fevralında onu tutdular. İngiltərə və Fransa Neqrin hökumətindən müqaviməti dayandırmağı tələb etdilər. Fevralın 27-də onlar respublika ilə diplomatik münasibətləri kəsdilər və Frankonu tanıdılar.Madridin müdafiəsinə başçılıq edən polkovnik Kasado Neqrin hökumətinin süstlüyünü görərək qiyamçılarla təslim olmaq haqqında danışıqlara başladı. 1939-cu ilin martın 6-da Kasado müqaviməti dayandırdı. 1939-cu il aprelin 1-də respublikanın bütün ərazisi frankistlərin hakimiyyəti altına keçdi.


Vətəndaş müharibəsi dövründə İspaniyada əhəmiyyətli dəyişikliklər edildi. Kəndlilər əvəzi ödənilmədən 5,5 mln.ha torpaq aldılar, ispan torpaqlarından mülkədarlar və sələmçilər yox oldular, müəssisələri fəhlə komitələri idarə edirdilər, əsas sənaye sahələri ictimailəşdirildi, iqtisadiyyatın planlaşdırılması həyata keçirildi; iş günü ixtisar edildi. Ərzaq məhsullarına sabit qiymətlər qoyuldu. Hökumət xarici ticarət üzərinə inhisar qoydu. Kilsə dövlətdən ayrıldı və ölkənin siyasi həyatına qarışmaqdan məhrum edildi. Milli məsələnin düzgün həlli ispanlar, katalonlar, basklar arasında dostcasına əməkdaşlığı təmin etdi. Müharibə dövründə mədəni inqilab həyata keçirildi. 10 min yeni məktəb açıldı, «mədəni milis» 500 min adamı savadlandırdı, ali məktəblərin sayı artırıldı, dövlət təqaüdü sistemi yaradıldı. Qadınlar kişilərlə bərabər hüquq qazandılar və ölkənin müdafiəsində fəal iştirak etdilər.



  1. Rusiya (SSRİ-1922-dən)1917-1929-cu illərdə:daxili və xarici siyasət

XX əsrin əvvəllərində Rusiya da digər kapitalist ölkələri kimi imperializmə qədəm qoymasına baxmayaraq, Avropanın qabaqcıl ölkələri və ABŞ-dan iqtisadi inkişaf səviyyəsinə görə xeyli geridə qalırdı. Bu geriliyin əsas səbəbi siyasətdə çarizmin, iqtisadiyyatda isə mülkədar torpaq sahibliyinin Rusiyada mövcud olması idi. Rusiya xalqlar həbsxanası idi. Çarizm “Parçala və hökmranlıq et” siyasətini davam etdirməkdə idi. Rus imperializmi hərbi-feodal xarakteri daşımaqla bərabər həm də xarici kapitaldan asılı idi. Rusiyada kəndlilərin çoxu aztorpaqlı idi.


Birinci dünya müharibəsi Rusiyada inqilabı yetişdirmiş oldu və 1917-ci il fevralın 27-də Romanovlar sülaləsi devrildi. Rusiyada xırda burjuaziyanın çoxluğu, fəhlə sinfinin isə əhalinin cəmi 10%-ni, yəni 16 mln nəfərini təşkil etməsi, Rusiyada ikihakimiyyətliyin yaranmasına səbəb oldu. Bu hakimiyyətlərdən biri 1917-ci ilin martın 2-də knyaz Lvovun sədrliyi ilə yaranmış müvəqqəti hökumət, digəri isə fəhlə və əsgər deputatları soveti idi. Müvəqqəti hökumətin sosial dayağını burjuaziya və burjualaşmış mülkədarlar, sovetlərin sosial dayağını isə fəhlələr və əsgər şineli geymiş kəndlilər təşkil edirdi. 1917-ci ilin iyulundan hökumətə Kerenski başçılıq etməyə başladı. Rəsmi hakimiyyət müvəqqəti hökumətə, real hakimiyyət isə sovetlərə məxsus idi. “Bütün hakimiyyət sovetlərə” şüarı 1917-ci il avqustun 31-nə qədər dinc yolla bolşeviklərin qələbəsini nəzərdə tuturdu. Lakin 1917-ci ilin avqustun 25-31-i arasında baş vermiş və yatırılmış Kornilov qiyamı vəziyyəti dəyişdirdi. Kornilov qiyamının məqsədi dövlət çevrilişi etmək və Rusiyada hərbi diktatura qurmaq idi. Müvəqqəti hökumətin sədri eser Kereniski özü bu qiyama qarşı çıxdı, çünki hakimiyyəti heç kimə vermək istəmirdi. Xalq kütlələri bu qiyamın yatırılmasına nail oldular. Bu hadisədən sonra “Bütün hakimiyyət sovetlərə!” şüarının ikinci mərhələsi – hakimiyyətin silahlı üsyan yolu ilə bolşeviklər tərəfindən ələ alınması mərhələsi başladı. 1917-ci il sentyabrın 1-də Rusiya respublika elan olundu. Sentyabrın 5-də Rusiyada direktoriya təşkil olundu. Bolşeviklər partiyasına 1917-ci ilin aprelində İsveçrədən qayıtmış Lenin başçılıq edirdi. Ölkə yenidən ümummilli böhran içərisində idi. Bolşeviklər partiyasının ən uğurlu cəhəti onun kütlələri inandırmağı bacarması idi. Bu partiya Rusiyada o dövrdə fəaliyyət göstərən 70-ə qədər partiya içərisində ən çoxsaylı partiyalardan biri idi.Artıq oktyabr çevrilişi ərəfəsində L.Trotskinin “samuraylar ordusu”, Stalinin isə “qılınclılar ordeni” adlandırdığı bolşeviklər partiyası üzvlərinin sayı 350 minə qədər idi. 1917-ci ilin oktyabrın 24-dən 25-ə keçən gecə bolşeviklər ən mühüm strateji nöqtələri Petroqradda ələ aldılar. Oktyabrın 26-da hökumət boşeviklər partiyasının çevrilişə rəhbərlik etmək üçün təşkil etdiyi Hərbi inqilab komitəsinin əlinə keçdi. 1917-ci ilin oktyabr çevrilişinin belə tezliklə qələbə çalmasının əsas səbəblərindən biri rus burjuaziyasının qabaqcıl kapitalist ölkələrinin burjuaziyasından fərqli olaraq siyasi cəhətdən təcrübəsiz, iqtisadi cəhətdən isə zəif olması idi. Burjuaziya Rusiyada siyasi hakimiyyətdə cəmi bir neçə ay olmağı bacardı.


Oktyabr çevrilişi baş verən gün İkinci Ümumrusiya sovetlər qurultayı çağırıldı. Həmin qurultayda hərbi inqilab komitəsi hakimiyyəti sovetlərə verdi. Ümumrusiya ikinci sovetlər qurultayının torpaq haqqında dekretinə əsasən torpaq kəndlilərə verildi. Qurultayın sülh haqqında dekretinə əsasən bütün gizli müqavilələr açıqlandı. Həmçinin ilk dəfə olaraq burada dinc yanaşı yaşamaq prinsipi elan edildi və müharibə edən ölkələrə ilhaqsız, təzminatsız, ədalətli sülh təklif edildi. Lenin ilk sovet hökumətinin – Rusiya Xalq Komissarları Sovetinin sədri təyin edildi. Qanunverici orqan isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi, onun sədri isə Sverdlov oldu. Oktyabr çevrilişi baş verəndən dərhal sonra Rusiyada keçmiş imtiyazların hamısı ləğv edildi. Fəhlələr abad mənzillərə köçürüldü. Bütün vətəndaşların hüquq bərabərliyi elan edildi. 1917-ci ilin oktyabrın 25-dən 1918-ci il martın 3-nə qədər olan dövr Rusiya tarixində “Sovet hakimiyyətinin təntənəsi” dövrü hesab edilir. Çünki bu dövrdə Rusiyanın özündə və bütün müstəmləkələrində sovet hakimiyyəti qələbə çaldı. Sovet hökuməti məzlum xalqları öz tərəfinə çəkmək üçün 1917-ci il noyabrın 2-də «Rusiya xalqının hüquq bəyannaməsi» adlı dekret imzaladı. Həmin sənədə əsasən bütün millətlərin hüquq bərabərliyi elan edildi. Onların ayrılmaq hüququ təsdiqlənir, ayrılmaq istəməyənlərə geniş yerli özünidarə hüququ verilirdi. Məhz həmin sənəd əsasında 1917-ci ilin dekabrında Finlandiya, 1918-ci ilin noyabrında Polşa Rusiyadan ayrıldı və müstəqil dövlətlər oldular. 1918-ci ilin yanvarın 5-də Rusiyada burjua parlamentinin rolunu oynayan Müəssislər məclisi açıldı. Həmin məclis bolşeviklərin təqdim etdiyi “Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi” adlı sənədi qəbul etməkdən imtina etdiyinə görə yanvarın 6-da onun Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən buraxıldığı elan olundu. 1918-ci ilin yanvarın 15-də vicdan azadlığı haqqında verilən dekretə əsasən əhalinin dini hisslərində sərbəstlik təmin edildi. Həmçinin məktəb kilsədən, dövlət dindən ayrıldı.


Rusiyada sovet hakimiyyətini qoruyub saxlamaq üçün bolşeviklər Almaniya ilə 1918-ci il martın 3-də Brest-Litovsk sülhünü bağladılar və ölkə Birinci dünya müharibəsindən çıxdı. Sovet hakimiyyətinin qarşısında duran vəzifələrdən biri də iqtisadiyyatı ixtisaslı kadrlarla təmin etmək məsələsi idi. Bolşeviklər özlərinin ixtisaslı kadrları olmadığına görə burjua mütəxəsisslərindən onlara yüksək maaş verməklə istifadə etməyi lazım bildilər. Növbəti vəzifələrdən biri də əmək məhsuldarlığını artırlmaq idi. Bunun üçün Rusiyanın həm geniş ərazisi, həm kifayət qədər yeraltı və yerüstü sərvətləri, insan ehtiyatları, həm də insanlarında yüksək yaradıcılıq ehtirasları var idi.

1918-ci ilin yazına yaxın Rusiya vətəndaş müharibəsi və xarici hərbi müdaxilə təhlükəsi ilə qarşılaşdı. Baş vermə səbəblərindən biri ilk növbədə varlı siniflərin öz hakimiyyət və mülkiyyətlərindən imtina etmək istəməmələri ilə əlaqədar idi. Həmçinin xarici dövlətlərin burada çoxlu müəssisələri vardı ki, onlar bu müəssisələrdən, gələn gəlirlərdən əl çəkmək niyyətində deyildilər. Oktyabr çevrilişindən sonra Rusiyanın 50 milyard rubla qədər daxili və xarici borcları vardı. Bunun 16 milyard rublu xarici borclar idi. Rusiya 1918-ci ilin yanvarında bu borcları verməkdən imtina etdiyini bildirmişdi. Xarici dövlətlər həm də Rusiyada baş verən hadisələrin öz ölkələrinə təsir edəcəyindən də qorxurdular. Odur ki, 1918-ci il mayın 25-də Vladivostokda Birinci dünya müharibəsi dövründə ruslara əsir düşmüş 50 min nəfərlik çexoslavak korpusunun qiyamı ilə Rusiyada vətəndaş müharibəsi başlanmış oldu. 1920-ci ilin noyabrına qədər Rusiyada davam edən vətəndaş müharibəsi 3 dövrə bölünür:


I dövr – 1918-ci ilin yazından – 1919-cu ilin martına qədər olan dövrü əhatə edir.
II dövr – 1919-cu ilin martından 1920-ci ilin martına qədər olan dövrü əhatə edir.
III dövr – 1920-ci ilin martından 1920-ci ilin noyabrına qədər olan dövrü əhatə edir.
Tezliklə, Samaradan Çelyabinskiyə qədər olan ərazi Çexoslavak korpusunun nəzarəti altına keçdi.
1918-ci il noyabrın 18-də Omskda birləşmiş antibolşevik hökumətin hərbi naziri admiral A.B.Kolçak bütün hakimiyyətin onun əlinə keçdiyini bildirdi və özünü “Rusiyanın bütün quru və dəniz silahlı qüvvələrinin ali komandanı” elan etdi. O, həm də Ali hakim elan olundu. Beləliklə, Kolçak ağ hərəkatın əsas siması oldu. Ağların əsas ideyası bolşevimzi dəf etmək, döyüş qabiliyyətli ordunun gücü ilə böyük, vahid və bölünməz Rusiyanı bərpa etməkdən ibarət idi. Bu zaman ciddi intizam yaratmaq üçün çox sərt tədbirlərlə köhnə zabitləri Qırmızı Orduya cəlb edən L.Trotski nizami, döyüş qabiliyyətli ordu yaratmağa nail oldu. 1918-ci ilin iyulunda çar ailəsinə mənsub olanların hamısı Yekaterinburqda güllələndi. 1918-ci ilin sentyabrında ölkədə qırmızı terror tətbiq edilməyə başlandı. Mübarizə gah bir tərəfin, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. 1918-ci ilin yazında Kolçakın ordusu Ufadan Volqaya hərəkət etdiyi, payızın əvvəlində isə general Denikinin orduları Oryol və Voroneji tutaraq Moskvanı hədələdiyi zaman sovet hökuməti və Qırmızı Ordu böhranlı vəziyyətə düşdü. Həmçinin ingilis, fransız, alman və yaponların Vladivostok, Krım, Arxangelsk və Murmanskdan sovet Rusiyasına qarşı hərbi müdaxiləsi başlandı. 1918-ci ilin sentyabrın 15-də Bakının türklər tərəfindən tutulması ilə Sovet Rusiyası ağlar tərəfindən halqaya alınmış oldu. Ağların ilk dövrdə qələbəsi Qırmızı ordunun hələ zəif olması, müasir ordunun yaradılmaması, ortabab kəndlilərin tərəddüdü, ağ qvardiyaçıların əsasən sənaye cəhətdən zəif inkişaf etmiş yerləri tutmasından irəli gəlirdi.

1918-ci ilin yayından 1919-cu ilin yazına qədər ölkədə mərhələ-mərhələ ərzaq sapalağına keçildi və bu siyasət 1921-ci ilin martına qədər davam etdi. Ərzaq sapalağında kəndlidən ailəsinə lazım olandan artıq qalan bütün məhsul dövlət tərəfindən alınırdı. Bu isə kəndlidə əslində maddi maraq hissini zəiflədirdi. Vətəndaş müharibəsi dövründə “hərbi kommunizm” adlanan siyasət həyata keçirildi. Siyasətin əsas cəhətləri ərzaq sapalağının tətbiqi, ticarətin ləğv edilməsi, hər şeyin məhsullarla mübadilə edilməsi, bütün xırda, orta və iri müəssisələrin milliləşdirilməsi, məcburi əmək mükəlləfiyyəti qoyulması və “işləməyən dişləməz” prinsipinin həyata keçirilməsindən ibarət idi. Bu siyasət ona görə hərbi kommunizm adlanırdı ki, o, məcburiyyət üzündən görülən tədbir idi. 1918-ci ilin iyulun 19-da RSFSR-in ilk konstitusiyası qəbul edildi. Həmin konstitusiyaya görə Rusiya sovet federativ sosialist respublikası (RSFSR) elan edildi. Həmin konstitusiyaya əsasən seçkiyə görə vətəndaşlar 4 dərəcəyə bölünürdü. I dərəcə üçün seçkilər asanlaşdırılmış, IV dərəcə üçün son dərəcə çətinləşdirilmişdi.


Şərq cəbhəsindəki müvəffəqiyyət 1919-cu ilin martın əvvəllərində Kolçak üzərində qələbəni asanlaşdırdı və vətəndaş müharibəsinin birinci mərhələsi qırmızı ordunun və ya qırmızıların qələbəsi ilə başa çatdı. 1918-ci il noyabrın 30-da Leninin sədrliyi ilə təşkil edilən Dövlət Müdafiə Komitəsinin fəaliyyəti nəticəsində qırmızı ordunun sayı 5 mln-a çatdırıldı. Artıq 1919-cu ilin martında müharibənin ikinci mərhələsi başlandı və bu mərəhələdə əsas zərbə Denikinin Donda toplanmış cənub qrupuna vurulmalı idi. 1919-cu ilin iyul ayında Denikin qoşunu da ciddi məğlubiyyətə uğradıldı. Denikin özü xaricə qaçdı. Kolçak isə 1920-ci ilin yanvarında İrkutsk şəhərində güllələndi. 1920-ci ilin martından vətəndaş müharibəsinin III mərhələsi başladı. Bu mərhələ Polşa qoşunlarının Ukrayna və Belarusiyaya, general Vrangelin isə Krımda hücuma keçməsi ilə başlanmış oldu. Əvvəl qırmızılar Polşa qoşunları üzərində qələbə çalaraq Varşavaya qədər gəlib çatdılar. Polşa kəndliləri qırmızılara ciddi müqavimət göstərdilər və qırmızı ordu geri çəkilməyə məcbur oldu. Polşa ilə 1921-ci ilin martında bağlanan Riqa sülhünə əsasən Qərbi Ukrayna və Qərbi Belarusiya Polşada qaldı. 1920-ci il noyabrın 16-da Perekop bərzəxinin tutulması ilə Krımdakı Vrangel qoşunları da məğlub oldular. Beləliklə, 1918-ci ildə başlanmış vətəndaş müharibəsi əsasən başa çatdı. Ancaq Uzaq Şərqdə yaponlarla müharibə 1922-ci ilin oktyabrın 25-nə qədər, yəni Vladivostok azad edilənə qədər davam etdi.


Vətəndaş müharibəsində ağların məğlubiyyətinin bir sıra səbəbləri vardı. Onların sıralarında sağ sosialistlərdən qatı monarxistlərə kimi müxtəlif siyasi qüvvələr var idi. Bu şəraitdə vahid ideya-siyasi platforma hazırlamaq mümkün deyildi. Ağlar cəbhə arxasında normal mülki idarə yarada bilmədilər. Bu işlə kifayət qədər təcrübəsi olmayan hərbiçilər məşğul olmalı olurdular. Maliyyə təminatları olmadan zorakı müsadirələr əvvəlcə bolşevikləri qovduğu üçün ağlara rəğbətlə yanaşan kəndlilərin tezliklə onlardan üz çevirməsinə səbəb oldu. Real aqrar proqramın olmaması və antibolşevik istiqamətli milli hərəkatlarla əlaqə yaratmağın mümkünsüzlüyü ağ hərəkatın müqəddəratına çox mənfi təsir göstərdi. Xarici dövlətlər də kifayət qədər yardım göstərməyi bacarmadılar.


1921-ci ilin əvvəllərində Sovet Rusiyasının həm beynəlxalq, həm də daxili vəziyyəti son dərəcə gərgin idi. Kapitalist dövlətlərinin bir qismi Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək və bu yolla bolşeviklərin sonuna çıxmaq lazım olduğunu, digər bir qrupu isə Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyin əleyhinə düşünürdü. 1921-ci ilin əvvəllərində Sovet dövləti Pribaltika ölkələri, Finlandiya, Polşa ilə diplomatik münasibətlər yaratdı. 1921-1922-ci illərdə İngiltərə, Almaniya, Norveç, Avstriya, Danimarka, Çexoslovakiya, İtaliya ilə ticarət sazişləri bağlandı. Sovet Rusiyası 1921-ci il fevralın 26-da İran, fevralın 28-də Əfqanıstan, martın 16-da Türkiyə, noyabrın 5-də Monqolustanla bərabərhüquqlu müqavilələr bağladı.


Vətəndaş müharibəsində qələbə Rusiyaya çoxlu itkilər hesabına başa gəldi. Əgər 1917-ci ildə Rusiyanın əhalisi 136 mln-dan çox idisə, vətəndaş müharibəsindən sonra 20 mln-a qədər azaldı. Çuqun istehsalına görə Rusiya XVII əsr səviyyəsinə endi. Rusiyaya vətəndaş müharibəsi nəticəsində dəyən maddi zərər isə 39 mlrd rubl oldu. Müharibədən sonra ölkədə həm fəhlə sinfi, həm də kəndlilər acınacaqlı vəziyyətə düşdü. Əhali hərbi kommunizm siyasətindən son dərəcə narazı idi. 1920-ci ilin dekabrında VIII Ümumrusiya sovetlər qurultayı Qızıl Ordunun tərkibinin 5,3 milyondan 1921-ci ilin yayın ortalarınadək iki dəfə azaldılmasını nəzərdə tutan qərar qəbul etdi. Həmin qurultayda həmçinin Rusiyanın elektrikləşdirilməsi haqqında QOELRO planı tərtib edildi ki, bu plana əsasən Rusiyada 10 il ərzində 30 iri elektrik stansiyasının tikilməsi planlaşdırılırdı.
1921-ci ilin martında RK(b)P-nin X qurultayında yeni iqtisadi siyasətə keçid xətti elan edildi. Həmin siyasətin mahiyyəti fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmək, kəndlə şəhər arasındakı əlaqələri bərpa etmək, bazar iqtisadiyyatı və sahibkarlığa imkanlar yaratmaq, ölkədəki maliyyə böhranını aradan qaldırmaq, iqtisadiyyatı canlandırmaq idi. 1921-ci ildən başlayaraq ölkədə kooperativlərin, xırda, orta sahibkarlığın inkişafına yol açıldı. Kənd təsərrüfatında ərzaq sapalağını ərzaq vergisi əvəz etdi. Sapalaqdan fərqli olaraq, ərzaq vergisi kəndliyə yaz tarla işləri başlamazdan əvvəl bildirilirdi. Bu da kəndlidə öz əməyinə maraq yaradır, vergini verdikdən sonra qalan məhsulla istədiyi kimi rəftar edə bilirdi. Ticarət azadlığına yol verildi. Həmçinin icazə verildi ki, dövlətin gücü çatmadığı və ya pis işləyən müəssisələr xaricilərə icarəyə verilsin. Millətlərin faktiki bərabərliyini təmin etmək məsələsi də yeni iqtisadi siyasətin (YİS) ən mühüm vəzifələrindən biri idi. YİS ölkədə 3 mərhələdə həyata keçirildi. I mərhələ 1921-1925-ci illəri əhatə etmişdi ki, bu mərhələdə bazar iqtisadiyyatının inkişafına geniş imkan yaradılımışdı. II mərhələ 1926-1929-cu illəri əhatə etmişdiki, bu mərhələdə şəhər burjuaziyası üzərinə hücum başlamış, geniş sənayeləşdirmə həyata keçirilmişdi ki, bundan da məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq idi. III mərhələ 1929-1936-cı illəri əhatə etmişdi ki, bu mərhələdə kənd burjuaziyası üzərinə hücuma keçilmiş, kənd təsərrüfatının kollektivləşdirilməsi xətti həyata keçirilmiş, sosialist ukladının və idelogiyasının hökmranlığına nail olunmuşdu.

1921-ci ildə Volqaboyu, Ukrayna, Krım, Şimali Qafqazı bürüyən quraqlıq baş verdi ki, bu da dəhşətli aclığa səbəb oldu.1922-ci ildə Ümumrusiya fövqəladə komissiyası dövlət siyasi idarəsinə çevrildi. 1922-ci ildə həmçinin torpaq cəmiyyətləri təşkil edildi.1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqı – SSRİ təşkil edildi. 1922-ci ilin dekabrın 30-da SSRİ-nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq haqqında Müqavilə və Bəyannaməni təsdiq etdi. Bu əslində müttəfiq respublikaların suveren hüquqlarının əlindən alınması demək idi. Onun tərkibinə Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya respublikaları daxil oldu. SSRİ mərkəzi icraiyyə komitəsinin sədrləri - Rusiyadan Kalinin, Ukraynadan Petrovski, Belorusiyadan Çervyakov, Zaqafqaziyadan Nərimanov seçildi. 1924-cü ilin yanvarın 31-də SSRİ-nin I konstitusiyası qəbul olundu. Həmin konstitusiyaya görə onun tərkibinə dörd respublika suveren dövlət kimi daxil oldu. 1922-1924-cü illərdə SSRİ-də pul islahatı keçirildi. Çervonun qızıl dəyəri sabitləşdi. 1922-ci ildə mülki məcəllə haqqında qanun da verildi. Həmin ildə bütün kilsələrin qızıl əmlakı müsadirə edildi. 1918-ci ilin sonundan Rusiyada mövcud olan bütün partiyaların (bolşeviklərdən başqa) buraxılması prosesi 1923-cü ildə başa çatdı. Artıq 1923-cü ildə sovetlərin tərkibində bir nəfər də olsun eser və menşevik yox idi. 1923-cü ildə artıq eserlər partiyası da buraxıldı. Ölkədə ancaq bir partiyanın – bolşeviklər partiyasının hökmranlığı başladı və bu 1985-ci ilə qədər davam etdi. 1925-ci ildə ölkə iqtisadiyyatında canlanma yarandı. Maliyyə böhranı qismən həll edilmiş oldu. 1923-1924-cü illərdə sənaye məhsulunun artımı 30%-ə bərabər idisə, 1924-1925-ci illərdə 64% təşkil edirdi. 1924-1925-ci illərdə həyata keçirilmiş hərbi islahat Sovet silahlı qüvvələrinin möhkəmləndirilməsində mühüm rol oynadı. 1925-ci ildə bərpa dövrü əsasən başa çatmış oldu.


1928-ci ildə ölkədə taxılın çatışmaması ilə əlaqədar kəndlilər taxılı gizlətdikdə dövlət taxıl tədarükü məsələsini qaldırdı. Bu dövrdə Buxarin, Rıkov və Tomskinin başçılığı altında sağ təmayül meydana gəldi. Sağ təmayül kolxozların əleyhinə idi. Onlar ancaq təchizat-satış və istehlak kooperasiyası tərəfdarı idilər. Həm də onlar qolçomaqlara qarşı zorakılıq tədbirlərini bəyənmirdilər. Qolçomaqların dinc yolla sosializmə qovuşmasını iddia edirdilər. Stalin bu fikri «paralellər nəzəriyyəsi» adlandırırdı. Buxarın göstərirdi ki, kəndli psixologiyası xüsusi mülkiyyətə öyrəşib və bu psixologiyanı dəyişdirmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, sağ təmayül də 1929-cu ilin aprelində məğlubiyyətə uğradı.

  1. SSRİ 1929-1939-cu illərdə:daxili və xarici siyasət

1925-ci ilin dekabrında PK(b)P-nin XIV qurultayı oldu. Qurultayda partiyanın adı dəyişilərək ÜİK(b)P adlandı. Qurultay tarixə sənayeləşdirmə qurultayı kimi daxil oldu. 1926-cı ildə ölkədə sənayeləşdirmə başlandı. Sənayeləşdirmənin başlıca məqsədi ölkənin texniki-iqtisadi geriliyini aradan qaldırmaq, iqtisadi cəhətdən xaricdən asılılığa son qoymaq, güclü hərbi sənaye yaratmaq, ilk növbədə baza sənaye sahələrini inkişaf etdirməkdən ibarət idi. Bu vəzifələrin yerinə yetirilməsində ilk sovet beşilliklərinin mühüm rolu oldu. Ağır sənayenin inkişafına daha çox fikir verilirdi. 1928/29 – 1932/33-cü illəri əhatə edən birinci beşillik planın başlıca məqsədi sosializmin maddi təməlini yaratmaq idi. Beşillik dövründə SSRİ-də 1500 sənaye müəssisəsi tikildi və 1913-cü illə müqayisədə sənaye məhsulu istehsalı 7 dəfədən çox artdı. 1930-cu ildə ölkədə işsizlik ləğv edildi. 1930-cu ildə ilk dəfə xalq təsərrüfatında sənayenin xüsusi çəkisi kənd təsərrüfatından üstün oldu. Lakin sənayeləşdirmə şəhər burjuaziyasının əmlakının müsadirə edilməsi və kəndlilərdən alınan yüksək vergilər hesabına həyata keçirilirdi. 1933-1937-ci illəri əhatə edən ikinci beşilliyin əsas vəzifəsi sosialistcəsinə yenidən qurmanı başa çatdırmaq idi. Ölkədə 1923-cü ildən tətbiq edilən kartoçka sistemi 1934-cü ildə ləğv edildi. İkinci beşillikdə 4500 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. 1937-ci ildə kənd təsərrüfatında 456 min traktor, 129 min kombayn, 146 min yük avtomobili işləyirdi. Üçüncü beşillik 1938-1942-ci illəri əhatə etməli idi. Bu beşillik kimya və xüsusi poladlar beşilliyi olmalı idi. Bu beşillik tam həyata keçirilməsə də, ölkədə 6 min yeni sənaye müəssisəsi tikildi. 1929-cu ildə SSRİ dünyada polad istehsalına görə beşinci, çuqun əridilməsi və kömür hasilatında 6-cı, elektrik enerjisi istehsalında 9-cu yeri tuturdu. SSRİ bu dövrdə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci sənaye dövlətinə çevrildi. Ölkədə sosializm qurmaq planının mühüm tərkib hissələrindən biri də kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması idi. 1927-ci ilin dekabrında olmuş XV qurultay SSRİ tarixinə kollektivləşdirmə qurultayı kimi daxil oldu. 1929-cu ilin yayından ölkədə kollektivləşdirmə, yəni kənd ərazisində olan bütün torpaqların kolxozların ixtiyarına keçməsi prosesi başlandı. Sovet siyasətində bu, «yuxarıdan inqilab» kimi qiymətləndirildi. Partiya və dövlət 1918-ci ildən qolçomaqları bir sinif kimi məhdudlaşdırmaq, 1929-cu ildən isə bir sinif kimi ləğv etmək siyasətinə keçdi. 1929-cu il SSRİ tarixinə “böyük dönüş” ili kimi daxil oldu.


1930-cu ilin yanvarın 5-də ÜİK(b)P-nin MK-nın kollektivləşdirmə ilə əlaqədar verdiyi qərara əsasən kollektivləşmənin gedişinin sürəti cəhətdən rayonlar üç qrupa bölünürdü. I qrupa Şimali Qafqaz, Orta və Aşağı Volqa, II qrupa Mərkəzi Qaratorpaq vilayəti, Ukrayna, Sibir, Ural, Qazaxıstan, III qrupa isə digər bölgələr daxil idi. 20000-dən artıq qolçomaq ailəsi Sibirə, Urala, Şimali Qazaxıstana sürgün edildi. 10-12 mln-a qədər kəndli kollektivləşdirmə nəticəsində təqibə məruz qaldı. Heyvandarlığa böyük zərbə dəydi. 1930-cu il martın 14-də Mərkəzi komitə kolxoz qurucularındakı əyintilərlə əlaqədar qərar qəbul etdi ki, bu qərarda kolxozlara daxil olarkən könüllülük prinsipinin pozulması yolverilməz hesab edilirdi. Kollektivləşdirmə SSRİ-də 1936-cı ilə qədər davam etdi. Nəticədə 243 min kolxoz təşkil edildi ki, bu da bütün kəndli təsərrüfatının 93%-ni əhatə edirdi. Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını pis vəziyyətə saldı. 1929-1934-cü illərdə ölkədə taxil istehsalının həcmi 10% aşağı düşdü. 1929-1932-ci illərdə iribuynuzlu heyvanların, atların və qoyunların sayı azaldı. 1932-1933-cü illərdə bir sıra iri rayonları bürüyən aclıq nəticəsində yüz minlərlə adam tələf oldu. 1932-ci ildən pasportlaşma sisteminə keçirilməsinə baxmayaraq, bəzi bölgələr istisna olmaqla, bu kəndlilərə tətbiq edilmədi. Pasportu olmayan kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi. Bunu əslində «ikinci təhkimçilik hüququ» da adlandırmaq olardı. SSRİ-də həyata keçirilən sosialistcəsinə yenidənqurma nəticəsində sənaye və kənd təsərrüfatı üzərində ictimai mülkiyyət bərqərar oldu, hamıya və heç kimə mənsub olmayan mülkiyyət forması təşəkkül tapdı. Bu forma insanlarda sahiblik və işgüzarlıq hissini itirir, insanların sərbəst yaradıcılıq əzmini buxovlayırdı. SSRİ-də sosializmi qurmaq planının mühüm tərkib hissələrindən biri də insanların şüurunda sosialist ideologiyasının möhkəmləndirilməsindən ibarət olan «mədəni inqilab» idi. Rusiyada əhalinin 1920-ci ildə 97%-i savadsız olduğuna görə mədəni inqilaba başlamaq üçün ilk növbədə savadsızlığı ləğv etmək lazım idi. 1921-ci ildən ölkədə savadsızlığı ləğvetmə prosesi başlandı. 1930-cu illərdə partiyanın XVI qurultayında sosializmin bütün cəbhə boyu hücuma keçməsi qərara alındı və icbari, ibtidai təhsilə keçmək zəruri sayıldı. Ölkədə ali, orta, texniki peşə, orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1934-cü ildə SSR-də Akademiyanın müxbir və həqiqi üzvü, professor, dosent, assistent, elmlər namizədi, elmlər doktoru adları təsis edildi. Artıq ikinci beşilliyin sonunda ali məktəblərdə 500 minə qədər tələbə oxuyurdu. Ölkədə 191 ali məktəb vardı. Ziyalıların sayı 19 mln-u ötüb keçmişdi. Nəticədə SSRİ başdan-başa savadlılar ölkəsinə çevrildi. 1936-cı ilin dekabr ayının 5-də qəbul edilmiş konstitusiya SSRİ-də sosializmin tam qələbəsini nümayiş etdirmiş oldu. SSRİ-də ancaq iki sinif: fəhlə və kəndli sinfi, bir də onların içərisindən çıxan ziyalılar qaldı. Un sənayesindən başqa yerdə qalan bütün sənaye sahələrində xüsusi mülkiyyət ləğv edildi. Ölkədə ictimai mülkiyyətin iki forması – dövlət və kolxoz-kooperativ forması hökm sürməyə başladı.
1934-cü ilin dekabrın 1-də Leninqrad vilayət komitəsinin birinci katibi Sergey Mironoviç Kirovun öldürülməsi ilə ölkədə kütləvi represiyaları bağlanğıcı qoyuldu. 1934-1935-ci illərdə partiya sənədlərinin yoxlanışı başlandı. 1937-ci ilin fevral-mart plenumlarında Zinovyev və Kamenev, Buxarin «xalq düşməni» adlandırıldılar. 1937-1940-cı illərdə 20 milyondan çox sovet adamı kütləvi təqiblərə məruz qaldı. Bu illərdə 40 min hərbiçi kütləvi təqibin qurbanı oldu ki, bu da Böyük Vətən müharibəsinin əvvəllərində cəbhədə özünü aydın göstərdi. Tədricən Stalinin şəxsiyyətinə pərəstiş və bir partiyanın diktaturası hökm sürməyə başladı ki, bu da totalitar rejim demək idi.
SSRİ öz xarici siyasətində əvvəlcə xarici dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə xüsusi üstünlük verirdi. 1926-cı ilin aprelin 14-də o, Almaniya ilə hücum etməmək haqqında müqavilə bağlandı. 1927-ci ildə İngiltərə Sovet İttifaqını dempinq siyasəti yeritməkdə təqsirləndirərək onunla diplomatik əlaqələri kəsdi. Bu münasibətlər yenidən 1929-cu ildə bərpa edildi. 1932-ci ildə SSRİ hücum etməmək haqqında Fransa ilə müqavilə bağladı. 1933-cü ilin noyabrında SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı. 1934-cü ildə o, Millətlər Cəmiyyətinə daxil oldu. 1935-ci ildə Fransa və Çexoslavakiya ilə qarşılıqlı yardım haqqında müqavilələr bağlandı.
1934-cü ildə olmuş ÜK (b)P-nin XVII qurultayında Stalin partiyanın MK-anın hesabat məruzəsində belə bir tezis irəli sürdü ki, Birinci dünya müharibəsi nəticəsində dünyanın 1/6 hissəsində sosializm cəbhəsi yaranıbsa, əgər İkinci dünya müharibəsi olarsa, dünyanın yarısında sosializm qurula bilər. Bu dövrdə SSRİ həm də faşizmə qarşı kollektiv təhlükəsizlik sisteminin yaranması tərəfdarı kimi çıxış edirdi. Digər tərəfdən isə ölkədə müdafiə sənayesinin inkişafı üçün büdcədən getdikcə daha çox vəsait ayırılırdı. Əgər birinci beşillikdə büdcədən hərbi xərclər üçün 13% vəsait ayrılmışdırsa, III beşillikdə bu rəqəm 39% təşkil edirdi.
1938-ci ildə SSRİ Uzaq Şərqdə yapon təcavüzkarlarının müdaxiləsinin qarşısını alaraq, həmin il Xasan gölü, 1939-cu ildə isə Xalxin – Qol çayı yaxınlığında yaponları darmadağın etdi. Bunun nəticəsi idi ki, Yaponiya İkinci dünya müharibəsi dövründə SSRİ-yə hücum etməyə cürət etmədi. 1939-cu ilin mart-iyul aylarında Sovet-Fransa-İngiltərə danışıqları baş tutmadıqda 1939-cu ilin avqustunda SSRİ çox cəsarətli addım ataraq özünü beynəlxalq aləmdə təcriddən qurtardı və Almaniya ilə bir-birinə hücum etməmək haqqında 10 illik müqavilə bağladı. Bu tarixdə Molotov-Ribbentrop paktı adlandı. Leninqraddan sərhədi bir qədər uzatmadığı, ərazisi cəmisi 48 min km2 olan strateji cəhətdən əhəmiyyətli 5 kiçik adanı ona icarəyə vermədiyi və Mannerheym xəttini qurduğuna görə 1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan etdi. Bu tarixdə «Qış müharibəsi» də adlanır. Həmin müharibədə Finlandiya məğlub oldu. SSRİ ilə Finlandiya arasında 1940-cı ilin martında bağlanmış Moskva müqaviləsinə əsasən sərhəd Leninqraddan əvvəlki 32 km əvəzinə 150 km uzaqlaşdırıldı. 5 ada SSRİ-yə icarəyə verildi. Strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Xanko yarımadası da SSRİ-yə icarəyə verildi. Almaniya Polşaya hücum etdikdən sonra SSRİ həmçinin 1939-cu il sentyabrın 17-də Qərbi Ukrayna və Qərbi Belarusiyaya qoşun yeridərək yenidən onları özünə birləşdirdi. 1940-cı ildə SSRİ 1918-ci ildə Rumıniya tərəfindən tutulmuş Bessarabiya və Şimali Bukovinanın SSRİ-yə qaytarılmasına nail oldu. Bessarabiya Moldaviya MSSR ilə birləşdikdən sonra Moldaviya müttəfiq respublikaya çevrildi. Şimali Bukovina isə Ukraynaya birləşdirildi. 1939-cu ilin sentyabrında Almaniya ilə SSRİ arasında bağlanmış gizli müqaviləyə əsasən Pribaltika SSRİ-nin təsir dairəsinə daxil edildi. Pribaltika ölkələri, yəni Estoniya, Latviya və Litva 1940-cı ildə SSRİ-yə birləşdirildi. 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə SSRİ İkinci dünya müharibəsinə girmiş oldu və 1939-cu il SSRİ-Almaniya müqavilələri qüvvədən düşdü.
37 -ci sual. ABŞ üçün Birinci dünya müharibəsinin nəticələri, ABŞ Uorren Hardinq prezidentliyi dövründə(4 mart 1921-2 avqust 1923)
XVIII əsrin II yarısında Amerika qitəsinin şimalında müstəqil dövlət kimi yaranmış ABŞ artıq XIX əsrin sonu - XX əsrin əvvəllərində sənaye məhsulu istehsalına görə dünyada birinci yeri tutdu. Birinci dünya müharibəsinə qədər ABŞ, demək olar ki, dünya dövləti kimi tanınmırdı. Birinci dün­­ya müharibəsində iştirak onun dünya dövləti kimi tanınmasına səbəb oldu. ABŞ-ın 1917-ci ilin apre­lin 6-da Antanta tərəfində müharibəyə girməsinin səbəbləri:

  1. Birinci dünya müha­ri­bəsinin nəticələrini öz xeyrinə dəyişdirmək

  2. verdiyi borcları itirməmək istəyi

  3. Rusiyadakı Fevral inqi­labının Avropaya təsirindən qorxması idi.

Lakin o, hərbi əməliyyatlarda ancaq 1918-ci ilin yayında iştirak etdiyinə görə çox az zərərlə çıxdı. ABŞ-ın müha­ri­bədə hərbi xərci 25,7 milyard dollar təşkil etdi, ABŞ Birinci dünya müharibəsi nəticəsində ən çox qazandı və kapitalizm dünyasının ən güclü dövləti səviyyəsinə qalxdı. 1914-1919-cu illərdə ABŞ-ın gəliri 35 mlrd. dollar oldu. Əgər Birinci dünya müharibəsinə qədər ABŞ borc alan dövlət idisə, onun xarici dövlətlərə borcu 6 milyard dollara çatırdısa, müharibə dövründə o, borc verən dövlətə çevrildi. Mü­haribədən sonra xarici dövlətlərin ona borcu 10 milyard dollar oldu. Dünyanın ma­liyyə mərkəzi İngiltərənin paytaxtı Londondakı Siti ban­kından Nyu-Yorkun Uoll-Strit bankına keçdi. Müharibə nəticəsində ABŞ Avropa dövlətlərinə hərbi və ərzaq məhsuları satmaqla güclü sənaye sahələri yaratmış oldu. Avtomobil istehsalında dünyada birinci yeri tutdu. Artıq 1920-ci ildə dünyada istehsal edilən bütün avto­mo­bil­lərin 85%-i, neft istehsalının 67%-i, poladın 60%-i ABŞ-ın payına düşürdü. Polad istehsalına görə İngiltərədən 4,5, Fransadan 14 dəfə irəlidə idi. Ölkə sənayesinin yüksək sürətlə inkiaşfının səbəblərindən biri də xarici ölkələrdəki hərbi əməliyyatlar zonasından qaçıb gələn ucuz işçi qüvvəsi ilə bağlı idi. Müharibə nəticəsində ABŞ-ın milli gəliri 2,5 dəfə artdı. Onun dövlət inhisarçı kapita­liz­minə çevrilməsi prosesi başa çatdı. Belə ki, ABŞ-dakı bütün fabrik və zavod­la­rın 50%-i, istehsal edilən bütün sənaye məhsulunun 92%-i iri korporasiyalara məxsus idi.Fəhlələrin 90 %-i bu korporasiyalarda işləyirdi. Əhalinin 2%-ni təşkil edən inhisarçıların əlində bü­tün milli gə­lirin 60%-i toplanmışdı. Əhalinin hissəsini təşkil edən digər təbəqələrə isə gə­li­rin 5%-i düşürdü. Ayrı-ayrı ailələrin əlində külli miqdarda sərvət toplanmışdı. Morqan, Düpon, Rokfeller, Mellonun ailələri belələrindən idi. Həmçinin iri maliyyə-inhisar qruplaşmalarının yerləşdiyi ayrı-ayrı şəhərlərdən Çikaqo, Bos­ton, Klivlend, Nyu-York xüsusilə seçilirdi.
Müharibə ABŞ-da kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərdi. Müttəfiq dövlətlərin amerikan kənd təsərrüfatı məhsullarına olan tələbatı ölkədə istehsalın və aqrar bölmənin inkişafına kömək etdi. Birinci dün­ya müharibəsinin ABŞ üçün nəticələrindən biri də kapital ixracının güc­lənməsi idi. Əgər 1913-cü ildə ABŞ xarici ölkələrə cəmi 2,6 milyard dol­lar kapital ixrac edirdisə, artıq 1920-cı ildə bu rəqəm təxminən 6 dəfə artraq 11 milyard dol­lara çatdı. Abş müharibə illərində verdiyi kreditlər hesabına çoxlu borc faizləri götürdü ki, bu da demək olar ki, büdcənin 30%-dən çoxunu təşkil edirdi. Bu baxımdan o, rant­y­­e dövlət kimi də tanınırdı. Lakin ABŞ, də­niz­də hökm­ranlığı və kapital ixracındakı üstünlüyü İkinci dün­ya mü­ha­­ri­bəsinə qədər İngiltərənin əlindən almağı bacarmadı.
Müharibə ABŞ siyasi sisteminin səmərəliliyini göstərdi. Müharibədən sonra ABŞ yeni dünya qaydası yaratmaq və ona mənəvi rəhbərlik etmək istəyirdi. Bu V.Vilsonun 14 maddəsində öz əksini tapmışdı. Məhz buna görə ABŞ Paris Sülh Konfransının işində üç mərhələ təklif etdi:

  1. müharibəyə yekun vurmaq,

  2. Millətlər Cəmiyyəti yaratmaq,

  3. özünəməxsus tərzdə ərazi və siyasi məsələləri həll etmək.

Birinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ-da hakim dairələr içərisində demokratlar partiyasından nara­zılığın güclənməsinin səbəblərindən biri prezident Vudro Vilsonun Paris sülh kon­fran­sında ABŞ-ın üstünlüyünü təmin etməyi bacarmaması idi. Vilson özü Versal mü­qaviləsinə qol çəksə də, ABŞ kon­qresi bu müqaviləni ra­ti­fi­kasiya etmədi. Vilson özünü mü­dafiə etmək üçün konqresə məlumat verdi ki, o, Alma­niyanın parçalanmasının qarşısını almışdır. Saar vilayətinin Fran­saya verilməsinə mane olmuşdur. Respublikaçılar Millətlər Cəmiyyətində ABŞ-ın rəhbərliyinin təmin edilməməsindən də narazı idilər. Bu dövrdə ABŞ-ın hakim dairələri içərisində xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri təcridçilik, ikincisi isə beynəlmi­ləlçilik idi. Birinci meylə respublikaçıların ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edir­di. O, göstərirdi ki, biz ilk prezidentimiz Corc Vaşinqtonun və­siyyətinə əməl etməli və na­rahat Avro­pa­dan kifayət qədər kənarda dayanmalıyıq. Beynəlmiləlçilər isə belə fikir irəli sür­dülər ki, ABŞ dünyanın tərkib hissələrindən biridir. O, ancaq dünya ölkə­lə­ri ilə əla­qə­də öz inkişafını təmin edə bilər.
Müharibə ölkədə siyasi partiyaların, sol təmayüllü təşkilatların da fəaliyyətinin güclənməsinə səbəb oldu. Con Ridin rəhbərliyi ilə xarici mənşəli amerikalılardan 1919-cu ilin avqustun 31-də Amerika Kommunist Partiyası, Ç.Rutenberqin başçılığı altında ilin sentyabrın 1-də köklü amerikalılarda Amerika kommunist partiyası təşkil edildi. 1921-ci ilin mayında bu partiyalar birləşib ABŞ Kommunist partiyası adlandı. Onun rəhbəri isə C.Rutenberq oldu. Müharibədən sonra ölkədə tətillər də baş verirdi. 1919-cu ilin sentyabrında poladəritmə sənyesinin 365 min fəhləsinin tətili oldu:

  • əmək haqqı artırıldı,

  • 8 saatlıq iş günü tətbiq edildi.

  • Kollektiv müqavilələr bağlanmağa icazə verildi.

  • S.Hampers başda olmaqla Amerika Əmək Federasiyası əməklə kapitalın əməkdaşlığını qurmağa başladı.

  • Sosial ziddiyyətlər yumşal­dıldı, islahatların həyata keçirilməsi genişləndirildi.

1920-ci ilin prezident seçkiləri ərə­fə­sində Vilson vəziyyəti düzəltmək üçün konstitusiyaya 2 düzəliş etməyi tək­lif etdi (ABŞ kons­titusiyası Corc Dikken­son tərəfindən tərtib edil­miş, 1787-ci il sentyabr ayının 17-də qə­bul olunmuşdu. Konsti­tu­siyada cəmi 7 mad­də vardır. Bu vax­ta qədər ona 26 əlavə edilmişdir). Vil­sonun konstitusiyaya etmək istədiyi düzəlişlərdən biri ondan ibarət idi ki, 21 yaşına çatmış qadın­la­ra da ki­şilərlə bərabər seçki hüququ verilsin. Bu XIX düzəliş idi. Konstitusiyaya edilən 18-ci düzəlişə görə isə spirtli içkilərin istehsalı və istehlakı qadağan edilirdi. Lakin bu qara bazarın genişlənməsinə və çirkli pulların işə düşməsinə səbəb oldu.
ABŞ Uorren Hardinq prezidentliyi dövründə(4 mart 1921-2 avqust 1923)
Prezident Vilsonun xəstəliyini onun təkrar prezident seçkilərində iştirak etməsinə imkan vermirdi. 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seç­ki­lə­rində respub­lika­çı­ların nümayandəsi Hardinq prezident seçildi. Handinq müharibə dövründə xaricilərə və radikallara inamsızlığı artan Amerika xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib hesab etdi. O, Ohayo şta­tın­dan idi. Hardinq hökumətinin təklifi: iqti­sa­diyyatın döv­­lət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədi ilə həmkarlar ittifaqları asso­sia­siyaları yaradıldı.
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25-50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin sonu 1922-ci ilin əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu. ABŞ-da iqtisadi böhranın tez qurtarmasının səbəbləri :

  • daxli bazarın geniş tutumlu olması,

  • yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu,

  • ABŞ mallarının xarici ölkələrə ixra­cından və onun verdiyi borclardan gələn gəlirlər

1922-ci ildən iqtisadiyyatda inkişaf və ya "çi­çək­lənmə" dövrü başlandı. 1920-1929-cu illərdə bankların sayı 30 mindən 24 minə düşsə də, onların kapitalı 21 mlrd. dollara qədər artdı. Hardinqin hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir istefaya getməli oldu. Bu dövrdə ABŞ-ın xarici siyasətində təcridçiliyin üs­tün­lük təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr genişləndirildi. ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə seperat sülh bağladı. Latın Amerikasında öz nüfuzunu gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ, Yaponiya-ABŞ arasındakı problemlər Vaşinqton konfran­sında qismən həll edildi. 1920-1931-ci illərdə ABŞ-ın xarici kapital qoyuluşu 11,6 milyard dollar təşkil edirdi. Kapital ixracının 40%-i Arvopa, 22%-i isə Latın Amerikası ölkələrinin payına düşürdü. İxrac artdı. ABŞ sənayesi istənilən rəqibinə qalib gəlməyə qadir oldu.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin