21.Fransada faşizmə qarşı mübarizə. Xalq cəbhəsi hökumətinin daxili va xarici siyasəti. XX əsrin 30-cu illərinin II yarısında Fransanın siyasi həyatında mühüm yeri faşizmə qarşı mübarizə təşkil edirdi.Fransada faşizmin ilk təşkilatları- XX əsrin 20-ci illərində yaradılmışdı. Bunlardan ən təhlükəlisi 1927-ci ildə De lya Rok tərəfindən təşkil edilmiş və tərkibində 350 minə qədər adamı birləşdirən "Odlu xaç" cəmiyyəti idi. Bu cəmiyyət hətta özünün aviasiyasına da malik idi. Digər faşist təşkilatlarından biri də "Fransa həmrəyliyi" təşkilatı idi. 1934-cü ildə o dağıldı. 1933-cü ilin sentyabrında kapitan Byukar tərəfindən "Fransaçılar" təşkilatı yaradıldı. "Fransaçılar" azadlıq, qardaşlıq, bərbərlik əvəzinə qayda-qanun, intizam tərəfdarı olduqlarını bildirirdilər. Onların "Mavi köynəklilər" adlı hərbi dəstləri də vardı. Fransız faşizminin də sosial bazası Almaniyada və İtaliyada olduğu kimi xırda burjuaziya və klerikal din xadimləri idi.
Faşizmǝ qarşı mübarizə aparmaq üçün Fransada hələ 1932-1933-cü illərdə Amsterdam-Pleyer təşkilatı yaradılmışdı. 1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra Fransada faşistlər qüvvətləndi və hakimiyyətə gəlmək fikrinə düşdülər. Lakin onların bu məqsədinin həyata keçirilməsi üçün real imkan yox idi. Bunun səbəbləri isə ilk növbədə onunla əlaqədar idi ki, Almaniya və İtaliyadan fərqli olaraq, Fransada faşizm o qədər də geniş sosial bazaya malik deyildi. Almaniya və İtaliyadakı kimi Fransada revanş, yəni qisas hissi Birinci dünya müharibəsindǝn qalib dövlət kimi çıxdığı üçün güclü deyildi. Fransada iqtisadi böhran Almaniyadakı kimi dərinə getməmişdi. Fransa əsrlərdən bəri öz xalqini demokratik ənənələr ruhunda tərbiyə etmişdi. Ona görə də xalq faşizmə tərəfdar çıxmadı.
1934-cü ilin fevralında faşistlər hakimiyyəti ələ almağa cəhd etdilər. Bunun üçün bəhanə Stavisskinin işi oldu. Stavisski Parisdə ən məşhur lombardlardan birinin rəhbəri idi. İspaniyada burjua inqilabı baş verərkən Fransaya gələn ispan varlıları öz brilliant və bahalı daş-qaşlarını onun lombardına qoymuşdular. Lakin tezliklə məlum olmuşdur ki, həmin brilliant və bahalı qaşlar dəyişdirilmiş, adi qaşla əvəz olunmuşdur. İşin üstü açılarkən onun bir ucu Fransanın hökumət və dövlət məmurlarına çıxırdı. Bu hadisə Fransız xalqının çox böyük narazılığına səbəb oldu. Bu narazılıqdan istifadə edən faşistlər 1934-cü il fevralın 6-da deputatlar palatasının yerləşdiyi Burbonlar sarayına hücum etdilər. Onların cəhdinin qarşısı alındı.
1934-cü ilin iyulun 27-də kommunistlərlə sosialistlər arasında "Faşizmə və müharbə təhlükəsinə qarşı birgə mübarzə haqqında" pakt imzalandı. 1935-ci ilin mayında Fransa parlamentində kommunistlər, radikallar və sosialistlər partiyası xalq cəbhəsi təşkil etmək haqqinda birgə qərara gəldilər.
1935-ci il iylun 14-də Fransanın milli bayramı - Bastiliya qalasının alınması günü münasibətilə keçirilən nümayişdə sosialistlərin, kommunistlərin və radikalların ardınca gedən kütlələr faşizmə qarşı mübarizədə birliyi bir daha nümayiş etdirdilər. Həmin gün Xalq Cəbhəsinin yaradılması reallaşdı. Xalq Cəbhəsinin proqramında həm siyasi, həm də iqtisadi məsələlər öz geniş əksini tapmışdı.
Siyasi tələblərin II bölməsi "Sülhün müdafiə edilməsi" adlanırdı. Bu bölmədə sülhün qorunub saxlanmasında bütün xalqların əməkdaşlıq etməsinə çağırış, təcavüzkarın müəyyənləşdirilməsi və təcavüzkarlıq edildiyi halda sanksiyaların tətbiqi, kollektiv təhlükəsizliyi təmin etmək məqsədi ilə beynəlxalq əməkdaşlıq, hərbi sənayenin milliləşdirilməsi və xüsusi silah alverinin ləğy edilməsi məsələləri açıqlanmışdı.
Xalq Cəbhəsinin proqramının "İqtisadi tələblər" hissəsində isə böhranın heçə endirdiyi alıcılıq qabiliyyətinin bərpa edilməsi üçün əhalidən möhtəkirlərin aldığı töyçülərin ləğv edilməsi məqsədilə taxıl satışı üzrə milli vasitəçilik bürosunun yaradılması, əmlakın icbari surətdə siyahıya alınmasının ləğv edilməsi və borc yükünün yüngülləşdirilməsi məsələsindən bəhs edilirdi.
1934-1936-ci illərdə Fransada beş hökumət dəyişikliyi oldu. Hökumətə əvvəl Q.Dumerq, sonra Pyer Flanden, 1935-ci ilin iyunundan 1936-cı ilədək Laval başçılıq etdi.
Xalq Cəbhəsi hökumətinin daxili və xarici siyasəti. 1936-cı ilin aprel-mayında keçirilən parlament seçkilərində Xalq Cəbhəsi qalib gəldi və sosialist Leon Blümün başçılığı altında iyunun 4-də hökumət təşkil edildi.
Xalq Cəbhəsi hökuməti 1937-ci ilin fevralına qədər 133 qanun layihəsini parlamentdə müzakirə etdi və bunlar qəbul olundu. Ümumiyyətlə, XX əsrin 30-cu illərində Fransa kapitalist ölkələri içərisində demokratik islahatları ən çox həyata keçirən ölkə idi. Xalq cǝbhəsi hökumətinin həyata keçirdiyi islahatlar nəticəsində faşist və yarımfaşist təşkilatları buraxıldı. Onların fəaliyyəti qadağan edildi. Siyasi məhbuslara əfv verildi. 40 saatlıq iş həftəsi qanuniləşdirildi. 14 yaşına çatmış bütün uşaqlara icbari təhsil verilməli idi. Təhsilə qoyulan vəsait artırıldı. Hərbi sənayenin və dəmir yollarının qismən milliləşdirilməsi həyata keçirildi. Bankların və dəmir yollarının üzərində dövlət nəzarəti qoyuldu. Əhalinin aşağı təbəqələrinin əmək haqqı artırıldı. Çoxuşaqlı ailələrə əlavə müavinətlər ayrilırdı. Dövlət kənd təsərrüfatı məhsullarını kəndlilərdən yüksək qiymətlərlə satın almağa başladı. Bütün bunlar xalq kütlələrində Xalq Cəbhəsi hökumətinə qarşı etimadı gücləndirdi. Xalqın yaşayış səviyyəsi yüksəldi. Sosial qanunvericilik sahəsində mühüm irəliləyiş baş verdi. Lakin sosial xərclərin hədsiz dərəcədə artırılması ölkədə maliyyə böhranına gətirib çıxardı.
Maliyyə çətinliyini gücləndirən amillərdən biri də kapital üzərinə vergi qoyulmasından qorxan kapitalistləin öz pullarını yerli banklardan götürərək xarici banklara qoymaları idi. Leon Blüm hökuməti 1937-ci ilin fevralında öz fəaliyyətində «
elan etdi. Hökumət fransız mallarının ixracını yüksəltmək və iqtisadiyyatın canlanmasına şərait yaratmaq üçün frankı devalvasiya etdi. Digər valyutalarla müqayisədə onun məzənnə dəyəri aşağı düşdü. Fransanın iqtisadi vəziyyəti pisləşməyə başladı. İqtisadiyyata kapital qoyuluşu azaldı. Hadisələrin inkişafı ona gətirib çıxardı ki, 1937-ci ilin iyununda Leon Blüm istefa verməli oldu. Hökumətə radikallar partiyasından olan Kamil Şotan rəhbərlik etdi. Xalq Cəbhəsi içərisində narazılıqlar başladı. Xarici siyasətdə də onların arasında fikir müxtəlifliyi yarandı. Belə ki, 1936-cı ilin iyununda İspaniyada vətəndaş müharibəsi başlanarkən Leon Blüm hökuməti Fransa ilə İspaniya arasında bağlanmış qarşılıqlı yardım haqqında sazişə əməl etmədi və Böyük Britaniyanin təzyiqi altında "Qarışmamaq komitəsi"nə qoşuldu. 1938-ci ilin martında Şotanı yenidən Leon Bölüm, aprelində isə radikallar partiyasının lideri olan Eduard Daladye əvəz etdi. Bu hökumətin dövründə isə Xalq Cəbhəsində parçalanma daha da dərinləşdi. 1938-ci ilin sentyabrında Münxendə Fransa hökumətinin başçısı Eduard Daladyenin Çexoslavakiyanın Sudet vilayətinin Almaniyaya verilməsi haqqında sazişə qol çəkməsi Xalq Cəbhəsinin dağılmasını daha da sürətləndirdi.
1938-ci ilin noyabrında radikallar Xalq Cəbhəsinin tərkibindən çıxdıqlarını bildirdilər. Beləliklə, Xalq Cəbhəsi dağılmış oldu.