2. “Dördlər ittifaqının” məğlubiyyəti və müharibənin sona çatması 1918-ci il Birinci Dünya müharibəsinin son ili oldu. Antantanın üzvü olan Rusiya Oktyabr çevrilişindən dərhal sonra hələ müharibə qurtarmamış Almaniya ilə seperat, yəni əlahiddə sülh bağlamaq qərarına gəldi. Rusiya Almaniya və onun müttəfiqləri ilə danışıqlara başladı. Bu danışıqlar 1918-ci il martın 3-də Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında Brest-Lütovsk sülhünün bağlanması ilə başa çatdı. Bu, Rusiya üçün alçaldıcı sülh idi. Brest sülhünün şərtlərinə görə Rusiya öz qoşunlarını Ukrayna, Belarusiya və Pribaltika ölkələrindən dərhal çıxarmalı, həmin ərazilərdə alman qoşunları yerləşdirilməli idi. Rusiya Ukrayinada hakimiyyətdə olan radanı qanuni hökumət kimi tanımalı idi. Həmin sülhə görə Qars, Ərdahan, Batum Türkiyəyə qaytarılırdı. Müqavilənin şərtlərinə görə 1877-78-ci illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, rus qoşunları türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərki-silah etməli idilər. Lakin Brest sülhü uzun sürmədi. «Dördlər ittifaqı» müharibədə məğlub edildikdən sonra 1918-ci il noyabrın 13-də Rusiya bildirdi ki, o, Brest sülhünün şərtlərindən imtina edir və onu qanuni saymır. Rusiyadan sonra Antantanın tərkibində olan Rumıniya da 1918-ci ilin mayın 7-də müharibədən çıxdı. Rumıniya ilə alman bloku ölkələri arasında bağlanan Buxarest sülhünün şərtlərinə görə, Rumıniyanın təbii sərvət və ehtiyatlarından istifadə etmək üçün Alman inhisarlarına müstəsna hüquq verilir, cənubi Dobruca Bolqarıstana qaytarılır, 15 min km-lik dağlıq sərhəd zolağı Avstriya-Macarıstana verilirdi. 1918-ci ildə yayında Antanta dövlətləri qüvvə və üstünlük cəhətdən daha da gücləndilər. Dördlər ittifaqının məğlubiyyəti qaçılmaz fakt oldu. 1918-ci ilin yay hücumlarında Almaniya və onun müttəfiqləri qəti məğlubiyyətə düçar oldular. 1918-ci ilin ikinci yarısında Bolqarıstanı kəskin iqtisadi və siyasi böhran bürüdü. Sentyabrın 15-də Dobro çayı rayonunda Antanta ölkələrinin silahlı qüvvələri bolqar ordusunu darmadağın etdi. Sentyabrın 29-da Antanta komandanlığı ilə Bolqarıstan arasında bağlanan Salonik barışıq sazişinə əsasən Bolqarıstan işğal etdiyi Serbiya, Yunanıstan, Rumıniya ərazilərini boşaltmalı idi. 1918- ci ilin oktyabrında Fələstin və Suriyada türk ordusu məğlub edildikdən sonra elə həmin ayın 30-da Antanta komandanlığı Lemnos adasındakı Mudros limanında Osmanlı dövləti ilə barışıq sazişi imzaladı. Həmin sazişə görə Qara dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilir, Osmanlı sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilirdi. Türk limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə etmələri qadağan olunur, Osmanlı hərbi birləşmələri Güney Azərbaycandan dərhal çıxır, 1918-ci ilin noyabrın 11-də isə Kompyen meşəsində Antanta ordularının baş komandanı general Foşun vaqonunda Almaniya təslim olmaq haqqında akta qol çəkdi. Kompyen barışığı ilə Birinci dünya müharibəsi qurtarmış oldu. Həmin barışığa görə 6 saat ərzində quruda, havada və suda bütün hərbi əməliyyatlar dayandırılmalı idi. Almaniya Belçika və Fransa ərazisindən öz qoşununu dərhal geri çağırmalı, hər iki tərəfdən götürülən əsirlər geri qaytarılmalı idi. Həmçinin Almaniya Antanta dövlətinə 5 min top, 25 min pulemyot, 3 min minamyot, 5 min paravoz, 150 min vaqon, 5 min yük avtomobili, 1700 təyyarə verməli idi. Almaniya şərq cəbhəsindəki, yəni Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstandakı qoşunlarını geri çəkməli, oradakı hərbi ləvazimatlarını müttəfiqlərə verməli idi. Beləliklə, Almaniya bloku dövlətləri müharibədə ağır məğlubiyyətə uğradılar. Almaniya və onun müttəfiqlərinin Birinci dünya müharibəsində məğlub olmasının başlıca səbəbləri Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları cəhətdən Almaniya bloku ölkələrindən üstünlüyü, hərbi qüvvələr nisbətinin Antanta ölkələrinin xeyrinə olması, hərbi əməliyyatların gedişində Almaniyanın siyasi üstqurumunun böhran vəziyyətinə düşməsi idi.