4. Versal sülhü və onun şərtləri. Millətlər Cəmiyyəti Versal müqaviləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə həll olunması nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15 ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür mədənlərini alman sahibkarları da ala bilərdi. Almaniya Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü. Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Eypen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın tabeliyində olan Morena bitərəf zona elan edildi. Versal müqaviləsindnəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu 1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilirdi. 1864-cü ildə Danimarkadan almanların burada əksəriyyət təşkil etdiyi bəhanə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq yenidən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə referendum, yəni ümumrəy sorğusu ilə həll edilməli idi. Almaniyanın ərazisi Şərqi Prussiyanın ondan ayrılması nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Klaypeda) ərazisi üzərində bütün hüquqlarından əl çəkdi.1923-cü ildə Klaypeda Litvaya verildi. Almaniyanın böyük tonnajlı gəmilər inşa etməyə, sualtı qayıqlara və hava donanmasına malik olmağa ixtiyarı yox idi. Lakin Versal müqaviləsi Almaniya imperializminin əsaslarına toxunmadı. Almaniyanın hərbi sənaye potensialı ləğv edilmədi, yalnız məhdudlaşdırıldı. Versal müqaviləsinin mühüm tərkib hissələrindən biri də Millətlər Cəmiyyəti məsələsi idi. Millətlər Cəmiyyətinin fəaliyyəti assambley, onun şurası və katiblik vasitəsi ilə həyata keçirilirdi. Cəmiyyətin Baş Şurasının üzvlərini əvvəl dörd ölkənin (İngiltərə, Fransa, İtaliya, Yaponiya) nümayəndələri təşkil edirdi. Millətlər Cəmiyyətinin nizamnaməsi sülh müqaviləsinin tərkib hissəsi oldu. O, cəmiyyətin əsas vəzifələrini-xalqlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsizliyin təmin olunması vəzifələrini müəyyən etdi. Beynəlxalq məsələləri müzakirə etmək üçün hər il Millətlər Cəmiyyətinin Məclisi toplaşırdı. Nizamnamə Cəmiyyətinin təcavüzkar dövlət barəsində kollektiv tədbirlər-sanksiyalar tətbiq etməsini nəzərdə tuturdu. Millətlər Cəmiyyətində rəhbər rol Yaponiyanın köməyi nəticəsində İngiltərə və Fransaya məxsus oldu. Həmçinin Vilson diplomatik uğursuzluğa düçar olaraq, müstəmləkələrin Millətlər Cəmiyyəti təşkil ediləndən sonra bölgüsünə nail ola bilmədi. İmperialistlər Almaniyanın keçmiş müstəmləkələrini və Türkiyənin mülklərini açıq şəkildə tutmağa cürət etmədilər. Müstəmləkələr üç mandat kateqoriyasına bölündülər. «A» kateqoriyasına, əsasən, Osmanlı İmperiyasına aid olan Ərəb ölkələri daxil idi. Onların tezliklə müstəqillik qazanması nəzərdə tutulurdu. Fransa Suriya və Livanı, İngiltərə isə Fələstin, Transiordaniya və İraqı aldı.«B» və «C» kateqoriyaları birbaşa Almaniyanın müstəmləkələri idi. «B» kateqoriyasınaMərkəzi Afrikadakı alman müstəmləkələri, yəni Şərqi Almaniya Afrikası, Toqo və Kamerun daxil idi ki, bu İngiltərə və Fransaya çatırdı. «C» kateqoriyasına isə Cənub-Şərqi və Cənub-Qərbi Afrikadakı və Sakit Okeandakı Almaniya müstəmləkələri daxil idi. Bunlar faktiki olaraq Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqının mülklərinə çevrildilər. Versal sülh müqaviləsində mübahisəli məsələlərdən biri olan təzminat məsələsi öz əksini tapmadı. Çünki ABŞ cəmi 228 mlrd marka Almaniyadan təzminat alınmasını tələb edirdi. Almaniyadan təzminat alınmasında Fransanın marağı daha böyük idi. O bu təzminat hesabına Avropada güclənmək istəyirdi.