3. Paris sülh konfransının çağrılması , fəaliyyəti və əsas məsələlər Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırlamaq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə (Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması, təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri də məşvərətçi səslə iştirak edirdilər. Konfransa sədrliyi Fransanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra çatdırmağı sevən, "Pələng" ləqəbi ilə tanınan Corc Klemanso edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri "Onlar şurası" idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa, Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici işlər nazirləri daxil idilər. Konfransda ən mühüm məsələ Almaniya məsələsi idi. Fransa Almaniyanı tam parçalanmış vəziyyətdə görmək istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O, Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi. Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi ki, bu təzminatın da 58%-i Fransaya çatmalı idi. Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çoxlu vədlər verilmişdi. Müharibə dövründə bağlanan sazişlərə görə İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qərbində geniş ərazilər vəd edilmişdi. İtaliya həmçinin Dolmasiyanın şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə qurtardıqdan sonra İtaliya burjuaziyasının iqtisadi cəhətdən zəifliyi və onun məğlublar içərisində qalib, qaliblər içərisində isə məğlub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki, İtaliyaya vəd etdikləri əraziləri ona yox, Serb-Xorvat-sloven krallığına və Yunanıstana versinlər. Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti Berlinə qayıtdı. Xarici işlər naziri təyin edilmiş sosial-demokrat German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə həll olunması nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15 ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür mədənlərini alman sahibkarları da ala bilərdi. Almaniya Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü.