6. Trianon və Sevr sülh müqavilələrinin şərtləri 1920-ci ilin iyunun 4-də Macarıstanla Parisin Trianon sarayında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Macarıstandan slavyan malikanələri alındı. Macarıstan Çexiyanın müstəqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanıyaraq və Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu «kəsilmiş dövlət» də adlandırırdılar.1920-ci ilin avqustun 10-da «Dördlər ittifaqı»nın üzvü olan Türkiyə ilə Sevr müqaviləsibağlandı. Sevr müqaviləsində Osmanlı imperiyasının dağılması və bölüşdürülməsi nəzərdə tutulurdu. Həmin müqavilə Türkiyəyə onun bir çox starteji cəhətdən əhəmiyyətli ərazilərinin Antanta qoşunları tərəfindən işğal olunması şəraitində zorla qəbul etdirilmişdi. Osmanlı imperiyasının ərazisi tamamilə parçalanırdı. Belə ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyır Anadolu yarımadasının şərq hissəsini ona, "muxtariyyət" qazanmış Kürdüstanı tanıyaraq Anadolunun cənub-şərq hissəsini isə ona verirdi. Türkiyə həmçinin Dardanelin Avropa sahili, Ədirnə, İzmir və Şərqi Frakiyanın, demək olar ki, Türkiyənin bütün Avropa hissəsinin Yunanıstanın olması ilə razılaşırdı. Kilikiya qonşu ərazilərlə, həmçinin Anadolunun cənubu Fransanın təsir dairəsinə daxil edilirdi. Bununla bərabər bütün Anadolu İtaliya və Fransanın nüfuz dairəsinə bölünürdü. Türkiyənin bütün mülkləri əlindən alınırdı. O, Misir malikanəsindən məhrum edildi və Misir üzərində İngiltərənin protektoratlığını qəbul etdi. Mandat üsulu ilə Suriya və Livan Fransaya, İraq, Fələstin və Traniordaniya isə İngiltərəyə verilirdi. Bir sözlə, Türkiyənin əlində ancaq İstanbul və onun ətrafındakı ərazilər qalırdı ki, tezliklə İstanbuldan başqa bu ərazilər də İngiltərə tərəfindən işğal olundu. Dardanel və Bosfor boğazları ticarət və hərbi gəmilər üçün açıq elan edilirdi. Türkiyənin maliyyəsi üzərində qalib dövlətlər nəzarət etməli idilər. Boğazları nəzarətdə saxlamaq üçün ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət xüsusi komissiya yaradılırdı. Bu komissiyanın özünün hərbiləşdirilmiş dəstəsi, büdcəsi və bayrağı var idi. Komissiyanın üzvlərinin hər birinin məsələlərin həllində iki, Rumıniyanın və Yunanıstanın isə bir səs hüququ var idi. Bolqarıstan, Türkiyə və Rusiya bu dənizlər ətrafında yerləşən ölkələr olsa da, onlardan heç birinin səsvermə hüququ yox idi. Onlar ancaq Millətlər Cəmiyyətinə daxil olduqdan sonra komissiyanın üzvü ola bilərdilər. Türkiyə cəmi 50 min muzdlu qoşun saxlaya bilərdi. Sevr müqaviləsi Osmanlı imperiyası kimi böyük bir türk dövlətini tarixdən silmək təhlükəsi qarşısında qoymuşdu. Lakin türk xalqının böyük oğlu M.K.Atatürk gənc türklərin buraxdığı səhvi vaxtında düzəldə bildi. Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunları 1920-ci ilin sentyabrın 28-də hücuma başladılar. Ertəsi gün Sarıqamış, az sonra Qars işğalçılardan azad olundu. Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və Artvin vilayətləri də geri qaytarıldı. 1922-ci il avqustun 26-da Qocatəpədən böyük türk hücumu başladı. Az vaxt ərzində Afyon-Qarahisar xətti yarıldı, 200 minlik yunan ordusu mühasirəyə düşdü. Afyon alındı. Dumlıpınar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar. Anadolunu yunan qoşunlarından təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi. Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.