51.Sosial idarəetmə xarakterik cəhətləri Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində cəmləşdirir. Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən fəaliyyət prinsiplərinə əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng vasitə, üsul və metodlarından istifadə etməklə onların həllini təşkil etməyə istiqamətləndirmək deməkdir.
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu surətdə məqsədlər qoyulması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından asılı olaraq diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit fəaliyyət göstərməsini, təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır.
Təşkilatları idarəetmənin məqsədi ən əvvəl struktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onların fəaliyyətinin səmərəsini yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini daha yaxşı həyata keçirməsinə şərait yaratmaqdır.
Sosial idarəetmə öz obyektinin spesifıkası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir:
1. Sosial idarəetmə insanların birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, bu fəaliyyətin normal axarını təmin edir, adamların davranışına nizamlayıcı təsir göstərir.
2. Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü - idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv - subyektiv xüsusiyyətlər xasdır;
3. Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur.
4. Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə fəal münasibətlərinin bir forması olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir.
5. Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır. İdarəetmədə insanların ictimai həyatının və fəaliyyətinin təkcə obyektiv tələbatları yox, həm də onların mənafeləri, maraqları nəzərə alınır. Bu mənafelər cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər.