«Bayat savaşı». Qarabağ xanlığının güclənməsi qonşu xanlıqları narahat edirdi. Digər tərəfdən Qarabağın xristian-alban məlikləri öz mülklərini itirməkdən qorxaraq Pənahəli xanın hakimiyyətinə qarşı çıxırdılar. Bu məqsədlə qonşu xanlıqlarla əlaqə saxlayır, onları Qarabağa yürüşə sövq edirdilər. Belə yürüşlərdən birincisi bütün Azərbaycanı birləşdirməyə çalışan Şəki xanı Hacı Çələbi tərəfindən edildi. Hacı Çələbi xan öz müttəfiqləri — Şamaxı xanı və məliklərlə birlikdə Bayat qalasını mühasirəyə alsa da, onu ələ keçirə bilmədi. Tarixi ədəbiyyatlarda «Bayat savaşı» adlanan bu hadisə Qarabağ xanlığının müstəqilliyini möhkəmləndirdi və nüfuzunu artırdı.