Liberalizm- Liberalizm monarxiyaya qarşı mübarizə dövründə sənaye burjuaziyasının mənafeyini güdən ictimai-siyasi cərəyan idi. Onun məqsədi azad sahibkarlığa əsaslanan liberal-demokratizm-kapitalizm cəmiyyəti qurmaq idi. Artıq XIX əsrin son rübü üçün ABŞ-da və Qərbin bir sıra ölkələrində azad sahibkarlıq, kapitalizm cəmiyyəti tam təşəkkül tapmışdı.
XIX əsrin sonu — XX əsrin əvvəllərində azad sahibkarlıq kapitalizmi özünün qeyri həyatiliyini, tələblərə cavab vermədiyini biruzə verdi. Belə bir şəraitdə korporasiyaların özbaşınalığının məhdudlaşdırılması və zəhmətkeşlərin, əhalinin yoxsul təbəqələrinin" vəziyyətinin yüngülləşdirilməsi məqsədi güdən islahat proqramları ilə çıxış edən alimlər və siyasi xadimlər nəsli peyda oldu. Bu cəhətdən ingilis siyasi mütəfəkkirləri C.Qobson, T.Qrin, L.Hobhauz, Almaniyada protestant keşiş F.Nauman, iqtisadçı V.Repke, V.Oyken, İtaliyada B.Kroçe, ABŞ-da L.Uord, C.Krouli, Ç.Bird, C.Dyui böyük rol oynamışdılar. Onlar liberalizmin «yeni liberalizm» və ya «sosial liberalizm» adlandırılan bir sıra mühüm yeni prinsiplərini hazırlamışdılar.
Onlar ilk növbədə azad bazar və azad rəqabət ideyalarını araşdırmışdılar. Onlar liberalizmə xas olan fərdiyyətçilik, cəmiyyətin həyatında dövlətin müsbət rolunu qəbul etmək, liberal dəyərləri həyata keçirmək, insan haqlarını və azadlıqlarını qorumaq, dövlətin iqtisadiyyatda tənzimedici rolunu gücləndirmək ideyalarını irəli sürmüşdülər. «Mühafizəçi» dövlət konsepsiyasının əksinə olaraq «rifah dövləti» ideyasını təklif etmişdilər. Bu konsepsiyada əsas yeri əhalinin imkansız təbəqələrinə, işsizlərə, xəstələrə, əlillərə sosial yardım, dövlətin sahibkarlarla fəhlələr arasında meydana çıxan mübahisəli məsələlərin həll edilməsinə müdaxilə etmək, təhsil, səhiyyə sisteminə, mənzil tikintisinə kömək etmək proqramı mərkəzi yer tuturdu.
Bu ideyalar XX əsrin ilk onilliklərində qabaqcıl kapitalist ölkələrində həyata keçirilən islahatların əsasım təşkil etmişdi. Onlar ABŞ-da mütərəqqiçilik, İtaliyada colittizm (o zamankı baş nazir C.Colittinin soyadı ilə), Böyük Britaniyada Lloyd-Corcizm (baş nazir D.Lloyd Corcun soyadı ilə) kimi islahatçılıq hərəkatının proqramlarında öz əməli təzahürünü tapmışdı.
İslahatçılığın bütün milli variantları üçün məşhur ingilis iqtisadçısı D.M.Keynsin işləyib hazırladığı ideya və prinsiplərin çox mühüm əhəmiyyəti olmuşdu. Bu ideya və prinsiplər ümunülikdə «Keynsçilik» adını almışdı. Onun mahiyyəti liberalizm üçün ənənəvi olan fərdiyyətçiliyə, azad rəqabət və azad bazar prinsiplərinə dövlətin iqtisadı və sosial sahələri tənzim etmək prinsiplərinin əlavə olunmasının zəruriliyi haqqında tezisin əsaslandınlmasından ibarət idi. Bu tezisə görə dövlət öz vətəndaşlarının zəruri maddi rifah səviyyəsini təmin etməlidir. Dövlətin fəaliyyətində başlıca yeri maddi nemətləri zəhmətkeşlərin və əhalinin kasıb təbəqələri xeyrinə yenidən bölüşdürmək proqramları tutmalıdır. Keyns fəhlələrin əmək haqlarının və əhalinin işləməyən təbəqələrinin, təqaüdçülərin, uşaqlı anaların, əlillərin, işsizlərin və b. gəlirlərinin artırılmasını təklif edirdi. O, iqtisadiyyatın, xüsusən iri korporasiyaların, trestlərin və b. inhisarların fəaliyyətinin dövlət tərəfindən tənzim edilməsinə xüsusi əhəmiyyət verirdi. 30-cu illərdə, habelə müharibədən sonrakı dövrdə kapitalizmin təsərrüfat və sosial inkişaf təcrübəsi Keyns və onun tərəfdarlarının haqlı olduqlarını təsdiq etmişdir.
XX əsrin 30-cu illərində (1929-1933-cü illərdə) böyük iqtisadi böhran yeni ictimai-siyasi fikrin, yaxud sosial liberalizmin ən mühüm islahatçı istiqamət kimi oturuşmasında dönüş həddi olmuşdur. Kapitalizmin tarixində ən dərin və uzun çəkən bu böhranın dəhşətli nəticələrinin aradan qaldırılması gedişində məlum oldu ki, iqtisadi və sosial sahələrdə dövlətin geniş və daimi müdaxiləsi mütləq zəruridir. Bu cəhətdən 1933-cü ildə hakimiyyətə gəlmiş ABŞ prezidenti F.Ruzveltin işləyib hazırladığı və həyata keçirdiyi «Yeni xətt» siyasəti adlandırılan kompleks proqramının müstəsna əhəmiyyəti olmuşdur. ABŞ-da başlayan bu proses bu və ya digər formada və ölçüdə demək olar ki. bütün sənayecə inkişaf etmiş ölkələri də bürümüşdü.