44-cü Sual. Beynəlxalq terrorçuluq və Azərbaycanın milli təhlükəsizliyi Müasir dünyamızda beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq problemi xüsusi əhəmiyyətə malikdir. Yaxın keçmişdə terrorçuluq haqqında lokal əhəmiyyət kəsb edən bir məsələ kimi danışılırdı. Lakin 80-90-cı illərin təcrübəsi bu fəaliyyəti dünya miqyaslı bir fenomen qüvvə kimi qiymətləndirməyə imkan vermişdir.Tarix göstərir ki, hər bir mübarizə müəyyən mənəvi dəyərlərə və ideyalara əsaslanır. Bu başqaları tərəfindən bəyənilməyə də bilər. Lakin bir məqsəd naminə yüz və ya minlərlə insanı əsir edən həmin mənəvi dəyərlər və ideyalar siyasi ədalətin bərpası uğrunda istənilən formada mübarizəyə böyük təkan vermək iqtidarındadır. Bir nəfər, bir qrup şəxs, yaxud hər hansı bir xalq özü üçün həyati əhəmiyyət kəsb edən bir məsələnin həllinə kənardan ədalətsiz münasibət gördükdə öz "ədalətinin" bərpası uğrunda mübarizəyə qalxır. Bu mübarizə müxtəlif formalarda ola bilər. Belə mübarizənin taktiki formalarından biri də beynəlxalq terrorçuluqdur. Bütün ədalətsizliklərə baxmayaraq heç kimə digərlərinin günahsız həyatı bahasına ədaləti bərpa etmək haqqı verilmir. Terrorizmin beynəlxalq hüquq pozuntusu kimi əsas səbəbləri aşkar edilməlidir. Ayırd etmək lazımdır ki, hansı siyasi qüvvələr beynəlxalq terrorizmə can atırlar. İstənilən sosial anlayış o zaman düz başa düşülür ki, bu və ya digər inkişaf prosesində, ən əsası isə tarixi-maddi planda nəzərdən keçirilsin. İnqilablar və terror arasında paralellərin aparılması düzgün deyildir. Ayrı-ayrı hallarda inqilabçılar terrordan metod kimi istifadə edir, terrora terrorla cavab verirdilər. Belə faktlar əsasən öz əksini keçmiş sovet və müasir rus ədəbiyyatında tapır. Bunun da birbaşa səbəbi Rusiyanın federativ quruluşa malik olması və bütün dövrlərdə dövlət qurumlarında azadlıq hərəkatının baş verməsidir. Beynəlxalq terrorizmin yaranması zəncirində zorakılıq, təcavüzkarlıq da öz əksini tapır. Bəşəriyyət tarixinin təcavüzsüz bir günü və ya bir ili də olmamışdır. Pol Uilkinson qeyd edir ki, terrorizmlə zorakılığı ümumilikdə eyniləşdirmək məqsədəuyğun deyil. Terrorizm zorakılığın xüsusi formasıdır. Qərb alimləri marksizm-leninizm sisteminə, ümumilikdə Sovetlər Birliyinə terrorizmin kökü kimi baxırdılar. Buna kifayət qədər əsas da vardır. Cəmiyyətdəki ictimai bərabərsizliyi qəbul etməyən sosialistlər çıxış yolunu mal-mülk sahiblərini tenora məruz qoymaqda görürdülər. Terror bolşeviklərin əslində qorxu vasitəsinə çevrilmişdi. İstənilən cəmiyyətdə cinayətkarlığın səbəbləri sosial, sosial-siyasi və dövlət-hüquq ünsür və prosesləri ilə bağlı olur. Uruqvay alimləri terror fəaliyyətinin səbəbini kasıbçılıqda, bəzi xalqların fəlakətlərində görür. BMT-nin ayrı-ayrı orqanlarında aparılan müzakirələr bir daha göstərmişdir ki, əksər dövlətlər beynəlxalq terrorizmin yaranması səbəbini xalqların aclıq, kasıb vəziyyəti ilə əlaqələndirirlər.Beləliklə, araşdırmaçıların əksəriyyəti beynəlxalq terrorizmin əsas səbəblərini tədqiq edərkən belə qənaətə gəlmişlər ki, azadlıq hərəkatları beynəlxalq terrorizmin varolma səbəbidir. Lakin bunu əsas amil kimi götürmək də düzgün çıxış yolu deyildir. Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycanın hazırda NATO-nun tərkibində 90 nəfərlik heyəti Əfqanıstanda xidmət edir. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. NATO ilə AR Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsi NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə keçirilən iclası ilə başlayıb.