hərəkətverici qüvvə kimi cıxış edir və həm də bu cür vəziyyət getdikcə daha artıq dərəcədə kəskin xarakter alır. Bu da doğrudur ki, elm və maddi istehsal sahəsi bir sıra müştərək hissələrə də malikdir və bu hissələr getdikcə böyüyür. Amma bütün bu cəhətlər heç də onların birinin (elmin) digərinə (istehsala, yaxud məhsuldar qüvvələr sisteminə) daxil edilməsinə əsas vermir. Çünki əlaqələr nə qədər möhkəmlənirsə möhkəmlənsin onlara yenə də iki sistem arasındakı qarşılıqlı əlaqə kimi baxmaq olar. Müştərək hissənin böyüməsi isə yalnız müəyyən çərçivə, maksimal sərhəd şərti daxilində həyata keçir və sistemlər öz nisbi müstəqilliyini həmişə qoruyub saxlayırlar.
Elmin istehsala tətbiqi, şübhə yox ki, texnika (ilk növbədə istehsal texnikası) vasitəsilə həyata keçir. Elm ilə texnika arasındakı qarşılıqlı əlaqə isə hələ onların ilk inkişaf dövründə (hər bir sistemin ayrılıqda ictimai tamlıq əldə etməsi sayəsində) formalaşmağa başlamışdır. Və əgər bütöv sistemlər arasındakı bu ictimai qarşılıqlı təsirdə təsir və əks-təsir momentlərini zamanca ayırmaq mümkün olarsa, onda əvvəlcə texniki tərəqqi nəticəsində elm qarşısında müəyyən tələblər ortaya cıxmış və elmi inkişafın daha da sürətlənməsinə səbəb olmuşdur, sonra isə, daha doğrusu, bunun nəticəsində isə elm texnikanın qoyduğu tələbləri ödəməyə başlamış, yəni texnikaya və bununla da istehsala tətbiq olunmaq səviyyəsinə qalxmışdır. Bu cür tətbiq isə öz növbəsində texnikanın sıçrayışlı inkişafına gətirmişdir ki, bu da bildiyimiz kimi, XVIII əsr sənaye inqilabının səbəblərindən biridir.
Deməli, elmin istehsala müntəzəm tətbiqi (bu isə onun məhsuldar qüvvə kimi cıxış etməsinə ekvivalentdir) hələ XVIII əsrdən başlanmışdır və bu cəhət müasir dövrdə nə qədər qabarıq şəkildə təzahür edirsə etsin, müasir dövr üçün keyfiyyət dəyişikliyi sayıla bilməz.
Elm və texnika arasındakı əlaqələrin bu cür inkişafı göstərir ki, vahid "elm-texnika" sistemindən, bütöv elmi-texniki tərəqqi hadisəsindən yalnız XIX əsrdən başlayaraq danışmaq mümkündür. Və deməli, "elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi" hadisəsi heç də elmi-texniki inqilab üçün deyil, elmi-texniki tərəqqi üçün zəruri şərt kimi qiymətləndirilməlidir.
Məsələyə bu cür yanaşdıqda belə, yenə də "elmin bilavasitə məhsuldar qüvvəyə cevrilməsi" ifadəsinin müstəqim mənası onun əks etdirməli olduğu həqiqi məzmundan xeyli fərqli olaraq qalır: çünki həqiqətdə söhbət elmin "çevrilməsindən" yox, onun yeni funksiyasından – istehsala tətbiq ola bilməsindən və deməli, faydalılıq dərəcəsinin artmasından getməlidir. Bu hal isə dəqiq şəkildə "elmi nailiyyətlərin məhsuldar qüvvələr kompleksində özgələşməsi" kimi, "biliyin maddiləşmiş qüvvəsi" kimi ifadə oluna bilər. Və həm də "elmin" yox, "elmi nailiyyətlərin", "ümumi ictimai biliyin"; zira elm özü qeyri-bircins sistem olmaqla bir sıra maddi tərəfləri də əhatə edir və "özgələşən" də əslində elmin yalnız nəticələri – elmi nailiyyətlərdir.
Elmin məhsuldar qüvvə kimi cıxış edə bilməsi faktı əslində tamamilə yeni bir keyfiyyət olmayıb, onun təsiredici tərəf kimi çıxış etmək xüsusiyyətindən (elmin belə xüsusiyyəti haqda yuxarıda artıq danışmışıq) doğur. Elm nəinki təkcə özü üçün, həm də digər sistemlər, fəaliyyət sahələri üçün də subyekt kimi çıxış edə bilir, kənar təsir rolunu oynayır.
Bu cür ümumi yanaşma göstərir ki, aktiv bir tərəf olan elmin tətbiq sahəsini təkcə istehsal sferası ilə məhdudlaşdırmaq olmaz. Təbii olaraq belə bir sual qarşıya cıxır: – Bir halda ki, tətbiq oluna bilmək imkanı elmə daxilən xas olan bir cəhətdir, onda onun digər sferalara da tətbiq imkanlarını nəzərə almaq lazım deyilmi?
Maraqlıdır ki, tarixi tədqiqat bu cür tətbiqlərin nəinki mümkün olduğunu, hətta onun zamanca texnikaya, istehsala olan tətbiqlərə nəzərən hələ çox-çox qədim zamanlardan həyata keçdiyini göstərir. Elm ilə texnika arasında qarşılıqlı əlaqənin hələ mövcud olmadığı (nəzərə çarpaçaq dərəcədə mövcud olmadığı) dövrlərdə elmi tərəqqini zəruri edən – səbəb məhz digər fəaliyyət sahələrinin elm qarşısında qoyduğu tələblərdə, ən müxtəlif təbii-tarixi hadisələrdən qoruna bilmək və bunun üçün isə onların öz qanunauyğunluqlarını öyrənmək zərurətindən ibarət olmuşdur. K.Marksın göstərdiyi kimi, "Nildə suyun qalxması və yatması dövrlərini hesablamaq zərurəti Misir ...astronomiyasını... yaratmışdır".1 Deməli, elmi nailiyyətlərin praktik ifadəsi elmi tərəqqinin elə ilk mərhələsindən başlayaraq mümkün olmuşdur və bu istifadə müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçmişdir. Nəinki təkcə elmin, həm də texnikanın müstəqil inkişaf mərhələsi cəmiyyətin qoyduğu müxtəlif tələblər zəminində həyata keçmişdir. Kompas gəmiçiliyin, dəniz ticarətinin tələbinə cavab olaraq kəşf edilmişdir. İlk saatda yel dəyirmanı da və s. yalnız praktik istifadə məqsədilə yaradılmışdır.
Deyilənlərdən aydın olur ki, "elmin bilavasitə məhsuldar qüvvəyə cevrilməsi" adı altında nəzərdə tutulan hadisə elmi-texniki inqilabın mahiyyəti hesab oluna bilməz. Lakin gördüyümüz kimi, bunu yalnız xüsusi tədqiqat yolu ilə sübut etmək mümkün olur. Halbuki azca yuxarıda elmi-texniki inqilabın mahiyyətinə dair söylənilmiş digər fikirləri nəzərdən keçirərkən, yalnız məsələnin qoyuluşunaca əsaslanaraq, onları qüsurlu hesab edirdik və heç bir ətraflı təhqiqata ehtiyac qalmırdı. Ona görə ki, həmin təriflərdəki, nöqteyi-nəzərlərdəki qüsurlar metodoloji xarakter daşıyırdı. Lakin elmi-texniki inqalabın mahiyyətinin "elmin bilavasitə məhsuldar qüvvəyə cevrilməsi" hadisəsi ilə izah edilməsi nəticə etibarilə qüsurlu olsa da, hər halda mahiyyət "elm-texnika" sistemi çərçivəsində (miqyasında) axtarılır və bu tədqiqatın ümumi istiqaməti metodoloji baxımdan düzgün seçilmişdir. Konkret tədqiqat göstərir ki, bu hadisə, doğrudan da, bütövlükdə elmi-texniki tərəqqi hadisəsinin formalaşmasında mühüm rol oynayır. Və elmi-texniki inqilabın mahiyyəti də "elm" və "texnika" sistemləri arasındakı bu cür münasibətlərin sonrakı inkişaf yolunda, "elm-texnika" sistemi miqyasında baş verən yeni keyfiyyət dəyişmələrində axtarılmalıdır. Lakin nə üçünsə elm və texnikanın və onlar arasındakı qarşılıqlı münasibətin və nəhayət, "elm-texnika" sisteminin keçirdikləri makro dəyişilmələr hələ indiyədək tarixi ardıcıllıqla təsnif edilməmişdir, halbuki bu cür tədqiqat işi aparılmadan elmi-texniki inqilabın mahiyyəti açıla bilməz.
Canlı işci qüvvəsinin mürəkkəb mexaniki qurğularla əvəz edilməsi istehsal prosesinin
Dostları ilə paylaş: |