tərtibdə olur. Məsələ burasındadır ki, hələ elmin və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xarakteri yalnız daxili təkanlar hesabına əldə edilirdi. (Elmi-texniki tərəqqiyə də bütöv hadisə kimi baxdıqda vəziyyət məhz bu cür xarakter daşıyır). Lakin elm və texnika arasında qarşılıqlı əlaqənin yaranması və getdikcə möhkəmlənməsi əvvəlki kimi başa düşülən müstəqil elm və texnika üçün kənar təsir rolunu oynamış olur. Zira bu sistemlərin vər biri artıq yalnız daxili təsirlər hesabına deyil, kənar təsir hesabına da təcil alır və deməli iki tərtibli təcillə inkişaf edir. Elm və texnikanın inkişafında baş verən bu cür keyfiyyət dəyişilmələri bütöv "elm-texnika" sisteminin müntəzəm təcilli inkişafının təmin olunmasına xidmət edir.
Elmi-texniki tərəqqidəki əsaslı dəyişilmələr təkcə elm və texnikanın daxili quruluşunu, elementlərini öyrənməklə müəyyənləşdirilə bilməz. Bu cür tərkib elementlərinin özü elmi-texniki tərəqqini bir ictimai proses kimi mövcud edən daha geniş tərəflərin qarşılıqlı mövqeyindən, onların münasibətlərində əmələ gəlmiş olan dəyişikliklər və s.-dən asılıdır. Məsələn, elm və texnikanın inkişaf qanunauyğunluğunun təxminən eksponensial xarakter daşıması cəmiyyət və təbiət tərəflərinin yekun qapalı sistemlər kimi qarşılıqlı təsirinin nəticəsidir və onu elm və texnikanın tərkib hissələrinin öyrənilməsi ilə, daxili xüsusiyyətlərin tədqiqi ilə aşkara çıxarmaq olmaz. "Elm-texnika" sisteminin belə qanunauyğunluqla inkişaf etməsi bir sıra statistik tədqiqatlar vasitəsilə də sübut edilmişdir.
Elmi-texniki inkişaf qanunauyğunluğunun öyrənilməsi göstərir ki, elmi və texniki nailiyyətlərin qısa bir dövr ərzində olduqca böyük inkişaf sürəti əldə etməsindən haya-küyə düşməyə, konkret nailiyyətləri elmi-texniki çevriliş kimi qiymətləndirməyə əsas yoxdur. Axı, elm və texnikanın inkişafında yaranan bu cür, intensiv mərhələ əslində müntəzəm inkişafın qanunauyğun davamından başqa bir şey deyil. İntensivlik isə ona görə artmışdır ki, inkişaf təcilli xarakter daşıyır və təcilin olması sürətin artması deməkdir. (Əvvəlki kimi başa düşülən nisbi müstəqil elm və texnika tərəfləri üçün isə, yuxarıda göstərdiyimiz kimi bu təcillər özləri də artır və deməli, sürətin artması prosesi də getdikcə intensivləşmiş olur). ...Beləliklə, müasir dövrdə intensivliyin bu qədər artması əslində müntəzəm inkişafın müasir mərhələsi üçün tamamilə qanunauyğundur və heç bir çevriliş, sıçrayış, yaxud inqilab momentini əks etdirmir. Bu cür sürətli yüksəliş ictimai həyatın yalnız başqa sferalarında inqilaba gətirə bilər; hətta bu da həmişə yox, müəyyən ölçü nöqtəsini keçdikdən sonra...
Məsələ burasındadır ki, inkişaf ictimai həyatın tək bircə "elm-texnika" sferasında həyata keçmir; – bir-biri ilə əlaqədar olan müxtəlif tərəflər paralel surətdə inkişaf edir və bunlardan birində müəyyən dövr üçün ləngimə (yaxud bönran) baş verirsə, bu vəziyyət bir müddət davam etdikdən sonra, əlaqəli tərəflərin daxili strukturu elə bir şəkildə deformasiya olunur ki, bönran keçirmiş tərəfin sıçrayışlı inkişafı üçün imkan və şərait yaranmış olur. Sıçrayışda bulunan tərəf, inkişafın ətalətli xarakteri sayəsində, əvvəlcə irəlidə olan tərəflərlə nəinki tarazlaşmış olur, hətta onları ötüb keçir də. Deməli, müxtəlif tərəflərin inkişaf səviyyələri arasında yalnız dinamik tarazlıqdan danışmaq mümkündür.
Müasir dövrdə inkişaf intensivliyinin yüksək olması həm insan şüurunun, həm ictimai birlik formalarının, həm də, süni olaraq dəyişdirilmiş təbiət hissələrinin mövcud səviyyəsinə tamamilə müvafiqdir.
Elm və texnikanın hələ təzəcə formalaşdığı ilk mərhələdə isə cəmiyyətin ümumi inkişaf səviyyəsi o dərəcədə aşağı idi ki, həmin dövrdə onların inkişaf sürətinin çox kiçik olmasına baxmayaraq, burada qazanılan tək-tək nailiyyətlər ictimai tərəqqidə böyük inqilablara da gətirə bilirdi. Bu barədə F.Engels "Anti–Dürinq" əsərində yazır: "...sürtmə yolu ilə od əldə edilməsi öz ümumdünya tarixi xilaskarlıq əhəmiyyətinə görə hələ buxar maşınından üstündür. Axı, sürtmə yolu ilə od əldə edilməsi ilk dəfə insanı təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti olaraq ayırmışdır. Buxar maşını heç bir zaman bəşəriyyətin inkişafında bu qədər böyük sıçrayışa səbəb ola bilməyəcəkdir...".
Tamamilə buna müvafiq surətdə müasir dövrdə baş verən çoxlu miqdarda dəyişilmələr nəinki "od əldə edilməsi" ilə, hətta buxar maşınının kəşfi ilə də müqayisədə daha az çevrilişlər yarada bilər. Əgər "sürtmə yolu ilə od əldə edilməsi insanı ilk dəfə təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti surətdə ayırmışdısa" da, cəmiyyət tarixinin başlanğıcını qoymuşdusa da, və əgər buxar maşınının kəşfi (bunun nəticəsində isə böyük enerji məsrəfi ilə işləyən işci maşınlardan istifadə olunması) cəmiyyət tarixində bir istehsal üsulundan digərinə keçidə səbəb olmuşdusa, müasir dövrdə əldə edilmiş elmi və texniki nailiyyətlərdən heç biri, nə avtomatlaşma, nə kibernetika, nə atom və nüvə energetizmi, nə bionika, nə "kosmizasiya", nə maşınla maşın istehsalı, nə lazer, nə molekulyar biologiya, nə də nisbilik nəzəriyyəsi və kvant mexanikası bunlarla müqayisə oluna biləcək çevrilişlər yaratmamışdır.
Müasir dövrdə baş verən böyük ictimai çevriliş belə konkret nailiyyətlərlə yox, tamamilə yeni keyfiyyətli bir hadisə ilə – cəmiyyətin özünü dərk etməsi prosesi ilə bağlıdır və, elmi-texniki tərəqqi bu prosesə təkan verən amillərdən yalnız biridir.
Belə bir dialektik prinsip nəzərə alınsa idi ki, genişəhatəli tərəflərdə kəmiyyət dəyişilmələri təşkiledici tərəflərin həm kəmiyyət, həm də
Dostları ilə paylaş: |