III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ictimai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə paylanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır. Kəndli feodaldan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməli idi. Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe tuturdu. Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi. Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə tədbiq edilən feodal torpaq mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi. Feodal torpaq sahibliyinin iki forması var idi: dastaqerd – irsi, xostak-şərti torpaq.