Üslublar
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi türkcəsinin üslubları yenidən müəyyənləşir: klassik üslubla folklor üslubunun dialektikası prosesində funksional üslublar formalaşır və müəyyən dil-üslub muxtariyyəti təşkil edir – buraya bədii üslub (ədəbi-bədii dil), elmi üslub və rəsmi üslub daxildir.
Həmişə olduğu kimi, XVII-XVIII əsrlərdə də bədii üslub (ədəbi-bədii dil) funksional üslublar sistemində aparıcı mövqedədir: əvvəla, bu üslub daha çox mənbələrlə təmsil olunur; ikincisi, daha diferensial xüsusiyyətlərə malikdir. Elmi və rəsmi üslublar, haqqında bəhs edilən mərhələdə bədii üslub (ədəbi-bədii dil) qədər funksional imkanlara malik deyil, ancaq həmin üslublar da müstəqil hadisə kimi artıq mövcuddur və milli ədəbi dilin başlanğıcından ardıcıl olaraq fəaliyyət göstərir. Bu, o demək deyil ki, klassik üslubla folklor üslubunun XVII-XVIII əsrlərdə tam vəhdəti təmin olunur – əslində, hər iki üslub mövcudluğunu qismən davam etdirir.
Bədii üslub
XVI əsrin sonlarında və XVII əsrdə yazıb-yaratmış şairlərin (M.Əmani, S.Təbrizi, Q.Təbrizi, Məsihi) əsərlərində klassik şeir dili əsaslı bir inkişaf keçirmir. Ancaq XVI əsrdə, eləcə də M.Füzulinin dilində çox işlənən kəndu, ol, kim, qıl, qamu, qanda, qancaru kimi arxaizmlər onların əsərlərində çox az işlənmişdir, ərəb-fars tərkibləri də bir qədər azalmışdır. Belə faktlar isə sübut edir ki, XVII əsrdən başlayaraq folklora meyil güclənib və şifahi ədəbi dil ünsürlərinin hər halda yazılı ədəbi dilə köçürülməsi prosesi sürətlənib. Aşağıdakı nümunələrə baxaq:
Məni məhrum edən rüxsaridən zülfi-pərişandır,
Bu dəryayi-lətafət mövci-ənbər içrə pünhandır.
Əgər xurşidi-taban ilə sənsiz həmşərab olsam,
Ləbi-ləli-meyaludi gözümğə qanlı peykandır.
…Fələklər qan içər gördükdə təcrid əhlini,
Sahib Ki, yuqusuzlər, həramilər gözüğə tiği-üryandır.
(Saib Təbrizi)
Nə sərkəş şölədir bu, vəh, bu nə qəddü nə qamətdir,
Qiyamətlər qiyamindən qiyam etmiş qiyamətdir.
Nə kakildir ki, ənbərsiz olub badi-səba ondan,
Cahan həm ol səba feyzilə rəşki-baği-cənnətdir.
Fələkdə öylə üzmüş merü mahin rövşəni hüsnün
Ki, yulduzlar bu üzdən hər biri bir çeşmi-heyrətdir.
Gözü qaşın əgər islamü küfri etməmis yeksan,
Bu nə meyxanədir, bəs ol nə mehrabi-imamətdir…
Dostları ilə paylaş: |