11. Tərbiyəçi-müəllimin şəxsi mədəniyyəti və davranış qaydaları. Tərbiyəçinin şəxsi mədəniyyəti – Tərbiyəçi adının özündə mədəniyyət, mədəni olmaq mənaları vardır. Tərbiyəçi deyəndə göz önünə gələn xüsusiyyətlərdən biri onun mədəniyyəti, mədəni davranışına malik olmasıdır. N.Q.Çernişevski yazırdı ki, tərbiyəçi tərbiyə etdiyi uşaqdan nə düzəltmək istəyirsə, özü də elə olmalıdır. Bəli, Tərbiyəçi əgər öz yetişdirmələrini savadlı, mədəni, yüksək mənəvi keyfiyyətlərə malik şəxslər kimi görmək istəyirsə, ilk növbədə özü bu keyfiyyətlərə malik olmalıdır.
Tərbiyəçinin şəxsi mədəniyyəti onun özünəməxsus keyfiyyət kimi nüfuzunu yüksəldir, onu hörmətli edir. Ümumi mədəniyyətin tərkib hissəsi olan şəxsi mədəniyyət bəzən cəmiyyətin müəyyənləşdirdiyi ümümmədəni maraqlardan da yüksəyə qalxır və Tərbiyəçinin nüfuzunu daha da artırır.
Tərbiyəçinin şəxsi mədəniyyətinin bir sıra komponentləri içərisində əxlaq mədəniyyəti və estetik mədəniyyəti xüsusi qeyd etmək olar.
Əxlaq mədəniyyəti Tərbiyəçinin hərəkət və davranışının əxlaqi prinsip və normalara uyğun olması, əxlaqi keyfiyyətlərinin yerindən, zamanından asılı olmayaraq sabitliyi, ünsiyyət mədəniyyətinin olması, dinləməyi bacarmaq, çətin situasiyalarda özünü ələ ala bilmək, obyektivlik, uşaq şəxsiyyətinə hörmətlə yanaşmaq, danışıq və davranışında müəyyən həddi gözləmək, tələb etdiklərinə özünün əməl etməsi və s.-dən ibarətdir.
Tərbiyəçinin bu keyfiyyətlərə malik olması əxlaqi sərvətlər, dəyərlər kimi onun nüfuzunu artırır. Bunlar həmçinin Tərbiyəçinin mədəni dünyagörüşünü atrırır. Onun xarakterinin formalaşmasına təsir göstərir.
Tərbiyəçinin estetik mədəniyyəti onun nüfuzunun yüksəlməsində, əxlaqi mədəniyyətində heç də az rol oynamır. Onun estetik sərvətlərə–dəyərlərə yiyələnməsi ziyalılıq səviyyəsinin əsas göstəricilərindən birinə çevrilir. Tərbiyəçinin təbiətə və cəmiyyətə estetik münasibəti, bədii mədəniyyətə yiyələnməsi, xalq sənətinə, həmçinin dünya bədii sənətinə, incəsənətinə bələd olması, nəhayət, estetik zövqə, hissə və qabiliyyətə malik olması onun bir Tərbiyəçi–ziyalı nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir. Mədəni xarici görünüş, təmiz, səliqəli, zövqlü geyim də bu prosesdə az əhəmiyyət kəsb etmir. Tərbiyəçinin, xüsusən qadın Tərbiyəçilərin moda dalınca qaçması, ultra modabazlığı, həddindən çox “qrimlənməsi” onun nüfuzuna xələl gətirir.