partlayışından həlak olan əsgərimiz Əhmədov Allahverdinin yas
mərasimi üçün pul topladıq. Əsgər Allahverdi Fizuli rayonundandır,
ailəsi Bakı şəhərində yaşayır. Əsgər Raufu bunun üçün Bakıya
göndərəcəm.
22 avqust 1994-cü il saat 23.20 Bu gün gündüz bir az dincəldim. Səngərlərin yarımçıq qalan
yerlərini qazdırmaq üçün tağım komandirlərinə tapşırıqlar verdim.
Günortadan sonra tabor komandirindən icazə alıb sənədlərlə
əlaqədar hərbi hissənin qərərgahına getdim. Orada tələbə yoldaşım baş
leytenant Adilov Mayılla görüşdüm. O, hərbi hissənin maliyyə şöbəsində
xidmət edir.
Oradan qayıtdıqdan sonra gedib arxda yuyunduq. Sonra Şahinlə,
Əlövsətlə nərd oynadıq.
Qurban başqa hərbi hissədə xidmət edən qardaşı ilə görüşməyə
getmişdi. Gəldikdən sonra ön mövqeyə növbəyə getdi. Gizir Həsənov bir
küçük gətirib, ona yer düzəldir. Səngərdə əsgərlərin ən yaxşı köməkçisi
itlərdir.