30 sentyabr 1994-cü il saat 22.04 Bölüyə yeni əsgərlər gətirmişik. Təlimə gedərkən hərbi hissə
komandirinin müavini polkovnik-leytenant Qorxmaz Qarayevlə
görüşdüm. Murovdağ döyüşlərini, soyuq bir qış gecəsində Susuzluq
kəndində bir daxmada odun sobasının yanında kürək-kürəyə söykənərək
yatdığımızı xatırladıq...
Qorxmaz Qarayev peşekar hərbçidir. Murovdağ uğrunda gedən
döyüşlərdə (1994-cü il) əməliyyat bölməsinin rəhbəri kimi biləvasitə bizə
rəhbərlik etmiş və biz bir sıra uğurlu döyüşlər aparmışıq. Sonra o, mənə
veriləcək növbəti hərbi rütbənin niyə gecikdiyini soruşdu və öz iş
dəftərinə qeydlər etdi.
Bölük komandirlərinin təlimləri dünən başa çatıb. Bu gün mən su
isidib paltarlarımı yudum, özüm də “hamam”da yuyundum. “Hamam”
dediyimiz yeri gizir Həsənov düzəldib. Kol-kosla örtülmüş balaca bir
daldalanacaqdır, biz gülə-gülə “hamam” deyirik.
Gizir Şahin Bəxtiyarovla nərd oynadıq, o uduzdu. İndi də deyir
ki, nə yazırsan yaz, amma mənim uduzduğumu yazma.
Indi növbədə gizir Həsənovdur. Gecə yarıdan sonra özüm də
keşikçilərin sayıqlığını yoxlamaq istəyirəm...