9 oktyabr 1994-cü il saat 23.55 Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür və o
gündən 3 il ötür. Müharibə başa çatmasa da üç il əvvəl bünövrəsini
qoyduğumuz Azərbaycan ordusu düşmənlə qanlı döyüşlər apara-apara
formalaşmışdır. Torpaqlarımızın 20 faizi işğal edilsə də, biz bir sıra
uğurlu döyüşlər apararaq Azərbaycan Silahlı Qüvvələrinin üç illik
tarixinə unudulmaz səhifələr yazmışıq. Bu ordu 1992-ci ildə Dağlıq
Qarabağ adlanan ərazinin tən yarısını, o cümlədən, bütün Ağdərə
bölgəsini, bu ilin yanvarında isə bizim 3-cü tabor 701 saylı hərbi hissənin
tərkibində Murovdağ silsiləsini aşaraq Kəlbəcər ərazisinin böyük bir
hissəsini azad etmişdir. Mən də bölük komandiri olaraq öz bölüyümlə bu
döyüşlərdə iştirak etmişəm. Bu döyüşlər zamanı biz çox şəhidlər
vermişik, sıramızdan çoxları yaralanaraq getmişdir. Biz sağ qalanlar isə
həmin döyüşlərin iştirakçısı olduğumuza gərə qürur hissi keçiririk...
Bu gün bayram günü olduğundan bölüyün əsgərlərinin ən
yaxşılarına və döyüşlərdə fərqlənmiş əsgərlərə mükafat və təşəkkürlər
verildi. Belə ki, əsgər Məmmədov Sahil kiçik çavuş rütbəsinə, Məşədiyev
Elmir saat mükafatına layiq görüldü, beş əsgər isə valideynlərinə təşəkkür
məktubu göndərilməklə təltif olundular.
Axşamüstü Əlövsətlə Şahin bir dovşan vurdular. Onun ətini
bişirib yeyirik. Bölüyə isə kənd camaatı tərəfindən bir qoyun vermişdilər.
Qoyunu kəsib tağımlar arasında böldük...