02 noyabr 1994-cü il saat 22.56 Yenə də çörək az gəlir. Bir az un vermişdilər, onu da kənddə
çörək bişirtdirib yemişik. Kənd camaatı da bilir ki, səngərdəki əsgərlərin
çörəyi yoxdur. Ona görə imkanları az olsa da, öz çörəklərini əsgərlərlə
bölüşürlər. Əsgərlərdən biri kənddə bir evin yanından keçərkən təndir
çörəyi bişirən qadınlardan biri əsgərə çörək verir. Həmin əsgər ağlaya-
ağlaya çörəyi gətirib yoldaşları ilə bölüşüb yeyirlər. Hər gün olduğu kimi,
bu gün yenə səngərləri gəzdim, əsgərlərlə söhbətlər apardım, çətin də olsa
onlara ürək-dirək verdim, “yaman günün ömrü az olar”-dedim. Ad
günümü qeyd etdik, bir az domino oynadıqdan sonra radioya qulaq asırıq.
Aşıq “Koroğlu” dastanını danışır. Mən zarafatla leytenant Ağayev
Yadigarı çağırıram: “Aşıq səndən danışır”-deyirəm və gülüşürük. Axı,
biz tağım komandiri Yadigara uzun bığı olduğu üçün “Koroğlu”
deyirik...