2 yanvar 1995-ci il saat 22.43 Doxsan dördüncü ili də yola saldıq. Yeni ili səngərdə qarşıladıq.
Yeni il bayramı üçün əsgərlərə ət gətirdilər. Biz zabit və gizirlər isə öz
maaşımız hesabına mağazadan toyuq əti və digər ərzaqlar aldıq. Yeni il
gecəsi həm ermənilər, həm də bizim əsgərlər tərəfdən işıqsaçan güllələr
atılırdı. Həmin gecə ehtiyat üçün ön mövqedə qaldım.
Gizir Şahin növbədədir. Kiçik leytenant Yadigar Ağayevi başqa
hərbi hissəyə dəyişdirdilər. Bu gün əsgər Fərmanı gedib öz kəndlərindən-
Bərdənin Yeni Daşkəndindən traktor gətirdi, yandırmaq üçün üzüm
tənəkləri daşıdıq. Sonra silah və sursata baxış keçirdim, silah və
sursatlarını təmiz saxladıqları üçün dörd əsgərə növbədən kənar
məzuniyyət elan etdim. Axşamüstü domino oynadıq. Gecə saat üçdə ön
mövqeyi yoxlayacağam...